Zinəddin Zidan üçüncü dəfə “Real”a baş məşqçisi olacağını istisna etmir.
7Times.az bildirir ki, “The Athletic”in Zidanın çevrəsindəki mənbəyə istinadən verdiyi məlumata görə, məşqçi təkcə Fransa millisi ilə deyil, “Real”, “Yuventus” və “Marsel”lə də işləməyə açıqdır.
“Real”a qayıtmaq üçün düzgün şərtlər toplusu lazımdır. Bundan əlavə, Madrid klubunun prezidenti Florentino Peres müəyyən güzəştlərə getməli olacaq. Klub irəliləyiş əldə edərsə və kuboklar uğrunda mübarizə aparmağa hazır olarsa, Zidan “Marsel”ə də rəhbərlik etməyə hazırdır.
Bir neçə dəfə Zinəddin PSJ-dən imtina edib. Onun ötən yay parislilərlə işləməkdən imtina etməsinə Fransa yığmasına rəhbərlik etmək imkanının olması təsir edib. Amma qeyd edildiyi kimi, Zidan əslində PSJ ilə işləmək istəmir, çünki o, “Marsel”ə hörmət edir və onu sevir.
Qeyd edək ki, Zidan Marseldə doğulub və karyerası ərzində “Kan”, “Bordo”, “Yuventus” və “Real”da çıxış edib.
2021-ci ilin mayında “Real”ın baş məşqçisi vəzifəsindən istefa verən Zidan işsizdir. O, iki dəfə “Real”da işləyib – 2016-2018 və 2019-2021-ci illərdə. Onun rəhbərliyi altında Madrid klubu 3 dəfə Çempionlar Liqasının qalibi olub, həmçinin hərəyə 2 dəfə La Liqa, Avropa Superkuboku, İspaniya Superkuboku və Klublararası Dünya Çempionatının qalibi olub.
Follow @7timesaz