44 günlük Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri də kapitan Cavid Mahmudovdur.
7times.az xəbər verir ki, Cavid Mahmudov 1989-cu ilin fevralın 6-da Biləsuvarın Aşağı Cürəli kəndində anadan olub. O, uşaqlıqdan hərbçi olmaq istəyib və bu arzusuna 2010-cu ildə çatıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi yüksək göstəricilərlə başa vurduğu ildən Murovdağ istiqamətində yerləşən “N” saylı hərbi hissədə bölük komandiri kimi vətənə xidmətə başlayıb. Hərbi rütbələrini vaxtından əvvəl alan Mahmudov, Vətən müharibəsinin başlamasına az qalmış hərbi məktəbin magistr pilləsini də başa vurub.
Vətən müharibəsi başlayanda kapitan C.Mahmudovun komandiri olduğu həmlə taboru Füzulinin Əhmədbəyli kəndi istiqamətində əks hücum əməliyyatları keçirib. Onun taborunun şəxsi heyəti düşmənin Füzuli rayonu istiqamətində alınmaz hesab etdiyi yüksəkliklərdə bayrağımızı dalğalandırıb. O, sayca 5-ci yüksəkliyə bayrağımızı sancarkən, düşmən snayperi tərəfindən vurulub, Təxliyəsinə çalışan əsgərlərinə “Yalnız irəli!” əmrini verən komandir, komandanlığın qarşıya qoyduğu tapşırığın icrasını canından üstün tutub. Şəhid olduğu 5 oktyabra qədər təcrübəli komandirin heç bir əsgərinin şəhid olmadığı deyilir.
Şəhid kapitanımızın qardaşı Nəbi Mahmudov onu xatırlayarkən belə deyir: “Ayın 2-də sonuncu danışığında dedi ki, qardaş, mən bura Vətən müharibəsində döyüşməyə gəlmişəm. Biz Koroğlu nəslinin nümayəndəsiyik, mən sənə söz verirəm ki, Füzuli rayonunun mərkəzinə bayrağı özüm sancacam. Qardaşım şəhid olandan sonra Füzulidə olub, onun keçdiyi istehkamları görəndə fəxr hissi keçirdim, düşmənin oradakı istehkamları daha möhkəm idi”.
Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən kapitan şəhid Mahmudov Cavid Hilal oğlu ölkə başçısının müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə də təltif olunub.
Ziyalı ailəsinə böyüyən qəhrəmanımız anası Nəsibə müəllimə Vətən müharibəsi başlayandan Cavidlə bərabər 4 şəhid şagirdini torpağa tapşırıb. Pedoqoji fəaliyyəti vətənpərvərlik hissləri üzərində köklənən Nəsibə müəllimin şagirdlərindən baş leytenant Rəşad Mahmudovu Tovuz döyüşlərində itirib. O, Cavidin toy karvanını görmək istəyirdi, ancaq gələn şəhid karvanı oldu… Bir il nişanlısının gözünü yolda qoyan tabor komandiri, kapitan C. Mahmudov bu ilin noyabr ayında özünə toy edib, sevdiyi xanımla ailə həyatı quracaqdı.
Follow @7timesaz