“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində “Olimpiya” ilə keçiriləcək ilk oyun öncəsi Heydər Əliyev Beynəlxalq Hava Limanında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 51 yaşlı mütəxəssis heyətdə iki zədəli oyunçunun olduğunu bildirib.
Qurbanov futbolçularda yorğunluq olduğunu etiraf edib: “Bədavi Hüseynov və Marko Veşoviç zədəlidirlər. Digər futbolçularda hər şey qaydasındadı. Matça hazırlıq zamanı komandada yorğunluğun azalması üçün maksimum dərəcədə çalışdıq. Bir az yorğunluq var. Son vaxtlar 3-4 gündən bir oyuna çıxırıq, səfərlər edirik. Vəziyyəti tam tənzimləyə bilməmişik”.
Çalışdırıcı oyunçularının təcrübəsinə arxalanır: “Turnirin ilk vacib etapının son mərhələsidi. Düzgün konsentrasiya olunmaq üçün maksimum dərəcədə çalışacağıq. İnanıram ki, futbolçularımın təcrübəsi yorğunluğu aradan qaldıracaq. Yaxşı oyun göstərmək üçün əllərindən gələni edəcəklər”.
Baş məşqçi Sloveniya təmsilçisini də tərifləyib: “Olimpiya” güclü rəqibdi, çox yaxşı oyun üslubu var. Ən azı azarkeşlər üçün maraqlı oyun olacaq”.
Qeyd edək ki, sabah keçiriləcək “Olimpiya” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Follow @7timesaz