AFFA İntizam Komitəsinin iclası keçirilib.
7Times.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının IV turunun oyunlarında qeydə alınmış qayda pozuntularına hüquqi qiymət verilib.
“Araz-Naxçıvan”–“Sumqayıt” matçında “gənclik şəhəri” təmsilçisinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 700 manat cərimə edilib. Həmçinin görüş bitdikdən sonra Naxçıvan komandasının köməkçi məşqçisi Əfran İsmayılov oyunun rəsmi şəxslərinin tələblərinə əməl etmədiyi üçün biri şərti olmaqla 2 oyun cəzalanıb, klubu isə 1000 manat ziyana salıb.
“Zirə” – “Sabah” oyununda qonaqların müdafiəçisi Amin Seydiyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün qarşıdakı iki matçı buraxmalı olacaq. Onun hərəkəti “Sabah” klubunun 1500 manat cərimələnməsinə səbəb olub.
“Neftçi” – “Qəbələ” qarşılaşmasında paytaxt təmsilçisinin qapıçısı Rza Cəfərov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəza alıb. “Neftçi” isə 800 manat cərimə ödəyəcək.
Bundan başqa, həmin oyunda hakimin final fitindən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “ağ-qaralar” daha 800 manat cərimə edilib.
Analoji hadisə “Qarabağ” – “Kəpəz” matçında da yaşandığı üçün meydan sahibləri 800 manat cərimələniblər.
Follow @7timesaz