“İnsanlar seçimlərində və fikirlərində azaddırlar. Bəli, əvvəlki illərə nəzər salsaq, hazırda ev heyvanı bəsləmək mədəniyyəti bizdə də, nəhayət, inkişaf edib. Düşünürəm, əvvəllər özü üçün doğan qadınların indi özləri üçün heyvan saxlamaları təqdirəlayiqdir. Sadəcə, bizim ölkədə heyvan bəsləmənin kökündə başqa səbəblər dayanır. Çünki həqiqətən, bizdə cəmiyyət üçün, ölkə üçün şəxsiyyət dünyaya gətirməyi düşünən olmadığından hər kəs başını qatmaq üçün, lazımlar üçün, bir səbəb üzərindən uşaq doğub…”
Bu sözləri Pravda.az-a müsahibəsində tanınmış psixoloq Samirə Bağırova deyib.
O bildirib ki, heyvan bəsləmək heyvana münasibətin hansı səviyyədə olması ilə əlaqəlidir: “Təbii, bunun psixoloji bir neçə səbəbləri var. Amma müsbət tərəfi budur ki, şüursuz şəkildə heyvan bəsləmə insanlarda mərhəmət, psixoloji komfort yaradır. Heyvana aşırı bağlılıq isə aylurofiliya- psixi şəxsiyyət pozğunluğu əlamətidir. Bu zaman insan heyvanın köləsinə çevrilir. Bir çox gənclər evlilik sonrası artıq uşaq düşünmürlər, hətta ilk uşağı aldıranlar da olub. Məsələnin digər tərəfi həyatın bahalı olmasıdır. Uşağın bezi, qidası, bağçası, məktəbi, hazırlığı… Bu gün uşaq doğmaq, baxmaq çox bahadır. Nəzərə alsaq ki, ölkədə “uşaqpulu”nun, tənha gənc analara sosial yardımın olmaması və əlavə olaraq valideyn-övlad münasibətlərində anlaşılmazlıqlar, avtoritarlıq, sərt qadağalar bu günün gənclərində valideyn olma istəyini öldürüb. Bu gün gənc tam fərqli düşünür. Hər kəs şəxsi inkişafını, kariyerasını düşünür ki, özünü bir yerə gətirib çıxarsın. Boş zamanını isə problemsiz heyvanla keçirməyi üstün tutur. Dünyaya uşaq gətirmək üçün stimul, özünü güvəndə hiss etmək duyğusu olmalıdır. Əvvəllər zavod, fabriklərdə çalışanlara dövlət ev bağışlayardı. İndi isə evi olmayan evlənmir. Evlilik yaşı 30-35-ə qalxıb. Müasir gənc üçün şərait yaradılmır, bu səbəbdən çoxu bir heyvana sahiblənib, emosiyalarını sakitləşdirmək üçün əlverişli üsuldan istifadə edir. Avropa ilə müqayisədə bizimkilərin heyvan sevgisi öz problemlərini unutmaq üçündür…”
Follow @7timesaz