Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Moskva və Bakının birgə fəaliyyət üçün əsas istiqamətləri müəyyən etdiklərini bildirib.
7Times.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Overçukun sözlərinə görə, hər iki ölkə üçün prioritet sahələr enerji sahəsində əməkdaşlıq və nəqliyyat əlaqələrinin inkişafıdır.
“Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı faydalıdır. Prioritetlərimiz sırasında regionda nəqliyyat bağlantılarının inkişafı, qarşılıqlı hesablaşmalarda müstəqil maliyyə arxitekturasının möhkəmləndirilməsi, energetika sahəsində əməkdaşlıq, sənaye kooperasiyasının inkişafı, o cümlədən gəmiqayırma və kənd təsərrüfatı sahəsində və Xəzərdə əməkdaşlıq var,” – deyə Baş nazirin müavini bildirib.
Azərbaycan bazarında Rusiya kapitalı ilə fəaliyyət göstərən təxminən 1 800 şirkətin olduğunu qeyd edən Overçukun sözlərinə görə, Rusiya Azərbaycanın ticarət tərəfdaşlarının ilk üçlüyündə yer alır.
“Azərbaycan Respublikasının ümumi xarici ticarət dövriyyəsinin 10%-i bizim ölkəmizin payına düşür”, – deyə o bildirib.
Qeyd edək ki, bu gün Həştərxanda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının iclası keçirilir.
Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri – Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevdir.
APA
Follow @7timesaz