Ölkə

Şəhid atası: “Mədəniyyət naziri söz verdi, etmədi” – ŞİKAYƏT

Şəhid atası: “Mədəniyyət naziri söz verdi, etmədi” – ŞİKAYƏTbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mədəniyyət Nazirliyi və digər aidiyyatı qurumlar Vətən müharibəsinin şəhid baş leytenantı Vüsal Kazımov üçün Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən ayrılan əraziyə rəsmi olaraq park statusunun verilməsindən imtina edirlər. 

 

7Times.az  xəbər verir ki, bu barədə şəhidin atası Kamran Kazımov bildirib.

 

“Mən varım-yoxum bir övladımı bu torpaq, bu xalq, bu millət uğrunda qurban vermiş bir atayam. Güvən yerim də, ümid yerim də bu xalqdır, bu dövlətdir. Ona görə də qərara gəldim ki, elə gileyimi də sizə edim. Çünki məni ən gözəl siz anlayarsınız. Şəhid ataları məni gözəl anlayar. İtirdiyimizin yerini heç kim və heç nə doldura bilməz. Amma az da olsa, onları yaşada, əbədiləşdirə bilmək bizə rahatlıq verir. Bu minvalla elə kəndimizdəcə, yəni Lənkəran rayonu Yuxarı Nüvədi kəndində oğlum şəhid baş leytenant Vüsal Kazımovun adına xatirə parki salınması üçün müraciət etdik. Sağolsunlar, Lənkəran rayon icra orqanları ərazini bizə verdilər. Biz də kənd camaatının, Vüsalın dostlarının sayəsində bizə verilən 1200 kvadrat metr ərazidə park saldıq. Parkda kənd uşaqlarının, kənd adamlarının dincəlməsi üçün bacardığımız şəraiti qurduq və beləcə, Vüsalın adını daşıyan bulağı inşa etdik. Bu, bir şəhid atasına ən böyük hədiyyə idi. İnsanlarımızın, dövlətimizin göstərdiyi qayğıya yenicə həyəcanlanır və sevinirdim ki, “sağolsun” məmurlarımız hər zamankı kimi bu sevinci də gözümüzdə qoydular, bu qayğıya kölgə düşürmək üçün əllərindən gələni “əsirgəmədilər”. Belə ki, parkın açılış mərasimini 29 noyabr 2022-ci il – şəhidimizin ildönümü tarixinə razılaşdırmışdıq. Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən və Fərhad Xəlilovun sədri olduğu təşkilatın heç bir əsası olmadan, parkın yerləşdiyi əraziyə baxılmadan verilən gülünc rəyinə əsasən, açılış mərasiminə icazə verilməyib. Guya park peşəkar kompozisiya standartlarına uyğun deyilmiş. Düzdür, heç bir açılış mərasimi, heç bir varlıq oğul itkisini bizə əvəz edə bilməz. Bunlar yalnız təsəlli ola bilərdi. Lakin çox təəssüflər olsun ki, verilən bu gülünc rəy ölkə başçısının şəhidlərə diqqət və qayğısının tam əksidir. Görəsən, o məmurlar Prezidentin dəfələrlə verdiyi tapşırıqları niyə yerinə yetirmirlər? Onlar övlad itkisinin nə qədər çətin olduğunu anlayırlarmı?  Xatırladım ki, bu parkın tikilməsinə iki il əvvəl başlanılıb! Bunu da qeyd edim ki, həmişə qürur hissi ilə “Mən hər bir vətəndaşın Prezidentiyəm!” deyən və sözünə əməl edən Ali Baş Komandan şəhid valideynlərinin ağrı-acısını öz ağrısı, acısı kimi qəbul edir və hər bir şəhidin qayğısını çəkir. Dediklərimə möhtərəm Prezidentimizin türk kanallarının birinə verdiyi müsahibəsində şəhidlər haqqında danışanda “…hər zaman mənim gözümün önündədirlər onlar, nə qədər əzab, əziyyət çəkdilər, amma sınmadılar” deyərək kövrəlməsi bir daha sübutdur. Bəli, biz hər an şəhidlərimizi yad edərkən kövrəlirik, hətta burnumuzun ucu göynəyir. Təəssüf ki, keçirdiyimiz bu hislər müraciətlərimizə başdansovdu baxanlara yaddır! Görəsən, məmurlarımız Möhtərəm Prezidentimizin qızıldan qiymətli bu müdrik kəlamlarını oxuyublarmı? Oxuyublarsa, niyə qulaqardına vurulur? Baş leytenant Vüsal Kazımov iki ali təhsil alan, Uşaq Gənclər İdman Məktəbinin direktoru işləyən, vətənpərvər bir gənc olaraq yeganə məmur övladı olub ki, könüllü cəbhəyə yazılıb və şəhid olub. Digər məmur övladları kimi mən uşağımı gizlətməmişəm. 14 iyul 2023-cü ildə Lənkəranda qəbul keçirən mədəniyyət naziri Adil Kərimli ilə şəxsən görüşüb, hadisəni təfsilatı ilə izah etdim. Eyni zamanda rəsmi məktubu da nazirə təqdim etdim. Nazir isə bunun heç bir problem olmadığını dedi və qısa zamanda həll olunacağına söz verdi. Əvəzində 3 aydan (?!) sonra bir cavab gəldi ki, müəyyən sənəd təqdim edin. Yenə də “Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən – Fərhad Xəlilovun sədri olduğu təşkilatda baxılacaq”. Əlaqə saxlayanda bəlli oldu ki, bütün sənədlər onlarda var, sadəcə baxmaq istəmirlər. Nəhayət, 1 dekabr 2023-cü il tarixində- süründürməçiliyin dərəcəsinə baxın! –  komissiya Lənkəran Şəhər İcra Hakimiyyəti Memarlıq şöbəsinin əməkdaşının iştirakı ilə iclasda məsələ müzakirə edilərkən digər bir gülünc qərar verdilər: “Parkda şəhidlərin şəkli olacağı təqdirdə razılıq verilmir, gərək, barelyef düzəldilsin”. Bu da o deməkdir ki, mən, gərək, köhnəlmiş partokratların ictimai komissiyasına müəyyən məbləğ ödəyim və onlardan barelyef üçün rəy alım. Bu cür insanlara azərbaycanlı demək olarmı? Hansı yollarlasa özünə artıq pensiya “qazananlar”, yəqin ki, Müzəffər Ali Baş Komandanımızın müdrik rəhbərliyi ilə qazanılan uğura qısqanclıqla yanaşır və torpaqlarımızın azad edilməsini hələ də həzm edə bilmirlər. Ta o gündən bu günə qədər mən bütün qurumlara müraciət etmişəm, amma hələ də o əraziyə park statusu verilməyib. İndi üzümü sizə tutub deyirəm, ey mənim xalqım, bu halda mən nə etməliyəm?” – o qeyd edib.

Pravda.az