Ölkə

“30 min”lik rüşvət qalmaqalında adı hallanan şəxs direktor təyin edildi – ŞƏRH

“30 min”lik rüşvət qalmaqalında adı hallanan şəxs direktor təyin edildi – ŞƏRHbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ilin dekabr ayında Hacıbaba Əliyev adına Quba şəhər 1 saylı tam orta məktəbinə direktor təyin edilmək üçün Quba-Xaçmaz Regional Təhsil İdarəsinin hazırda həbsdə olan keçmiş müdiri Rüfət Haciyevə 30 min manat rüşvət verməkdə adı hallanan Sevil Allahverdiyeva Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinə direktor təyin edilib.

“7Times.az”-ın əldə etdiyi məlumata görə, əvvəllər, indi direktor təyin edildiyi Alekseyevka kənd tam orta məktəbində ibtidai sinif müəllimi olan Sevil Allahverdiyevanın Quba şəhər 1 saylı tam orta məktəbinə direktor təyin edilmək üçün Quba-Xaçmaz Regional Təhsil İdarəsinin keçmiş müdiri, hazırda həbsdə olan Rüfət Haciyevə bu təyinat üçün 30 min manat vəsait verdiyi iddia edilirdi.Bu iddiaların nə dərəcədə həqiqətə uyğun olub-olmadığını dəqiq deyə bilməsək də o zaman onun sözügedən məktəbə direktor təyin edilməsi baş tutmamışdı.

Məktəbin pedaqoji kollektivi Sevil Allahverdiyevanın təhsil ocağına rəhbər təyin edilməsinə etiraz edərək bu təyinatın həyata keçiriləcəyi halda dərslərə girməkdən imtina edəcəyini bildirmiş, məsələ barəsində aidiyyatı strukturlara öz etirazlarını çatdırmışdılar. Daha sonra Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəhbər şəxsləri məktəbə gələrək pedaqoji kollektivlə görüşüb və onlara bu təyinatın baş tutmayacağı haqda söz vermişdilər.
Ötən ay bu qalmaqallarda adı hallanan Sevil Allahverdiyeva müvafiq əmrlə Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinə direktor təyin edilib.

“7Times.az”ın əldə etdiyi məlumata görə, onun bu təyinatı Azərbaycan Respublikasının Təhsil İnstitutunun rəhbər şəxslərindən birinin sayəsində baş tutub.

Fərid Abdullayev

“7Times.az”