Ölkə

Konstitusiyamız Azərbaycan xalqının firavanlığına xidmət edir – Mahir Süleymanlı

Konstitusiyamız Azərbaycan xalqının firavanlığına xidmət edir – Mahir Süleymanlıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni Konstitusiyasının hazırlanmasıdır.

Müstəqil Azərbaycanın ilk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq Ümummilli Lider Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilir.

Bu gün əminliklə deyə bilərik ki, 1995-ci il noyabrın 12-də ilk Konstitusiyamızın qəbul olunması ilə Azərbaycan öz tarixi inkişafının yeni mərhələsinə başlayıb. Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanaraq ümumxalq müzakirəsinə çıxarılan Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də keçirilən referendumda – ümumxalq səsverməsində qəbul olunub.
Yeni Konstitusiyanın qəbulu ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin qanunvericilik bazasını yaradıb və hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirib. Konstitusiyamızın ən mütərəqqi özəlliklərindən biri də Konstitusiyanın 48 maddəsinin bilavasitə insan hüquqlarına və onların təminatlarına həsr edilməsidir.
Ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqları istiqamətində  müvafiq təminatları təmin edən, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini yaradan Azərbaycan Respublikasının Konstitusiyasında ən mütərəqqi dəyərlər, fundamental hüquq və azadlıqları ehtiva edir.

Dəyişilən sosial-siyasi reallıqlar səbəbindən və əldə olunan uğurların möhkəmləndirilməsi məqsədilə Azərbaycan Konstitusiyasında bir neçə dəfə dəyişikliklər edilib və əlavələr olunub. Belə ki, 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada üçüncü dəfə əlavə və dəyişikliklər edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ana qanunumuz haqqında belə deyib: “Azərbaycan Respublikası Konstitusiyasının xarakterik cəhətlərindən biri onun sabit olmasıdır. Bununla belə, cəmiyyətimizin sürətli inkişafı ölkənin əsas qanununun da təkmilləşdirilməsini şərtləndirmişdir. Belə ki, 2002-ci və 2009-cu illərdə keçirilmiş referendumlar, habelə qəbul edilmiş bir sıra konstitusiya qanunları vasitəsilə Konstitusiyaya insan hüquqlarının qorunmasının və dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına yönəlmiş mühüm dəyişiklik və əlavələr edilmişdir. Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir.”

Bu gün əminliklə deyə bilərik ki, ən mütərəqqi konstitusiyaya sahib olan Azərbaycan dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə inkişaf edəcək və daha böyük uğurlara imza atacaqdır.

 

Mahir Süleymanlı

Milli Məclisin deputatı