“Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”.
Bu barədə 7Times.az -a BDU-nun Astrofizika kafedrasından məlumat verilib. Qeyd olunub ki, proses Günəşdə alışmalar hesabına baş verəcək.
“Günəş aktivliyinin orta-yüksək səviyyədə qalacağı, M sinif (R1-R2-minor-radiodalğaların yayılmasını zəif əngəlləyə bilən), eləcə də izolə olunmuş X sinif (R3 – güclü) alışmaların ola biləcəyi proqnozlaşdırılır. Tac dəliklərindən çıxan yüksək sürətli axınların təsiri nəticəsində geoaktivlik və Günəş küləyi parametrləri yüksək səviyyədə olacaq. Noyabrın 28-də gecə saatlarından başlayaraq 29-u saat 12.00 radələrinədək G1 (mülayim) – G2 (orta) səviyyəli geomaqnit qasırğası gözlənilir. Həmin dövrdə geomaqnit qasırğasının gücünü göstərən Kp əmsalı 10 ballıq şkala ilə 4-6 intervalında olacaq”.
Məlumata görə, noyabrın 29-u axşam saat 18.00-dan sonra geomaqnit səviyyə normal fon səviyyəsinə düşəcək.
Follow @7timesaz