Ölkə

Şəhərsalma Forumunda mühüm sənəd qəbul olunacaq – BMT rəsmisi

Şəhərsalma Forumunda mühüm sənəd qəbul olunacaq – BMT rəsmisibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Şəhərsalma Forumu yalnız müzakirə platforması deyil, həm də transformativ şəhər dəyişikliklərini irəli aparmağa yönəlmiş qlobal koalisiyanı bir araya gətirən fəaliyyət platforması kimi təqdim olunur.

7Times.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi açılış mətbuat konfransında BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax bildirib.

O qeyd edib ki, WUF13 dialoqdan real icraya keçidi təmin etmək üçün strukturlaşdırılmış məkan rolunu oynayır.

“Forum çərçivəsində altı yüksəksəviyyəli dialoq, tərəfdaşların təşkil etdiyi 370-dən çox tədbir, həmçinin 130-dan artıq sərgini əhatə edən qlobal urbanizasiya sərgisi keçirilir.

Builki forum çərçivəsində öyrənməni sürətləndirmək və həlləri genişləndirmək məqsədilə yeni təşəbbüslər – “Practices Hub”, “WUF Academy”, eləcə də startap pavilyonunu özündə birləşdirən “Business and Innovation Hub” istifadəyə verilib. Bu platformalar mənzil və şəhər inkişafı zəncirində sınaqdan keçirilmiş innovasiyaları, bacarıqların inkişafını və bazara hazır həlləri bir araya gətirir”.

BMT rəsmisi həmçinin vurğulayıb ki, WUF13 siyasi iştirakçılığı da gücləndirir:

“Bu çərçivədə keçiriləcək nazirlər dialoqu Yeni Şəhər Gündəliyinin növbəti mərhələsinin formalaşdırılmasına töhfə verəcək.

Forum siyasət dialoqu, innovasiya, potensialın gücləndirilməsi və siyasi iştirakçılığı birləşdirərək qlobal icra platformasına çevrilir”

O eyni zamanda bildirib ki, yollarının çatışmazlığı yoxdur:

“Əsas problem onların tətbiqinin sürəti və miqyasıdır. Dünyanın müxtəlif şəhərlərində qeyri-formal yaşayış məntəqələrinin yenilənməsi, xidmətlərin genişləndirilməsi və iqlim dayanıqlığının artırılması istiqamətində artıq praktik həllər tətbiq olunur. Bununla yanaşı, innovasiyaların böyük hissəsinin məhdud resurslarla və çətin şəraitdə yerli səviyyədə həyata keçirilib”.

A.Rossbax şəhərlərin və icmaların gücləndirilməsinin qlobal məqsədlərə nail olmaq baxımından vacib olduğunu da nəzərə çatdırıb.

“Müasir urbanizasiya çağırışlarının miqyası və mürəkkəbliyi fonunda heç bir tərəf bu problemləri təkbaşına həll edə bilməz və tərəfdaşlıqlar əsas rol oynamaqda davam edir”.

Onun sözlərinə görə, WUF13 dialoqdan icraya, öhdəliklərdən konkret fəaliyyətə keçid üçün mühüm mərhələdir:

“Forum “Bakı Fəaliyyətə Çağırışı” sənədi ilə yekunlaşacaq. Bu sənəd inklüziv, dayanıqlı və davamlı şəhərlərin inkişafının sürətləndirilməsi istiqamətində ortaq baxışı və kollektiv öhdəliyi əks etdirəcək. Təcili fəaliyyətə ehtiyac olduğu aydındır. Lazımi bilik mövcuddur, həll yolları isə əlçatandır. Hazırda əsas ehtiyac inklüziv, dayanıqlı və davamlı şəhərlər vədinin hamı üçün reallığa çevrilməsi istiqamətində birgə qətiyyətin nümayiş etdirilməsidir”, – BMT rəsmisi fikrini tamamlayıb.