Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammiti çərçivəsində həmkarları ilə Ukrayna məsələsini, xüsusilə Əbu-Dabidə baş tutan üçtərəfli danışıqların nəticələrini müzakirə edib.
7Times.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov TASS agentliyinə açıqlamasında bildirib.
Peskovdan KTMT-yə üzv ölkələrin liderlərinin qapalı görüşündə Ukrayna mövzusunun müzakirə olunub-olunmadığı soruşulub. O, suala müsbət cavab verib.
Xatırladaq ki, dünən – 11 noyabrda Moskvada KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclası keçirilib.
İclasda üzvlüyünü dondurmuş və maliyyə öhdəliklərini yerinə yetirməyən Ermənistan səsvermə hüququndan məhrum edilib.
Elə həmin gün Əbu-Dabidə Vaşinqton və Kiyev nümayəndələrinin iştirakı ilə Ukrayna üzrə üçtərəfli danışıqların yeni mərhələsi başa çatıb.
KTMT beynəlxalq təhlükəsizlik təşkilatıdır, onun üzvləri arasında Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan yer alır.


