Ölkə

Bağça müəllimlərinin sertifikatlaşdırılması başlayır – Tarixlər 

Bağça müəllimlərinin sertifikatlaşdırılması başlayır – Tarixlərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 5–6-da dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin və metodistlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi keçiriləcək.

7Times.az xəbər verir ki, imtahanların 14 şəhər üzrə 21 mərkəzdə təşkili nəzərdə tutulur. Prosesdə 9 minə yaxın şəxsin iştirakı gözlənilir.

İştirakçılara məktəbəqədər təhsilin məzmunu və metodikası, həmçinin uşaq və yaş psixologiyası üzrə 60 sual təqdim olunacaq. Kompüterdə elektron qaydada keçiriləcək imtahana 120 dəqiqə vaxt ayrılacaq.

Hər düzgün cavab 1 balla qiymətləndiriləcək. Səhv cavablar və cavabsız saxlanılan suallar düzgün cavabların nəticəsinə təsir etməyəcək. İştirakçılar nəticələrini imtahan başa çatdıqdan dərhal sonra öyrənəcəklər.

Bildirilib ki, sertifikatlaşdırmanın məqsədi təhsilverənlərin peşəkarlıq səviyyəsini və peşə yararlılığını yoxlamaq, peşəkar inkişafını dəstəkləmək və təlim ehtiyaclarını müəyyənləşdirməkdir.

Açıqlamaya əsasən, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar, habelə uşağını təkbaşına böyüdən kişilər sertifikatlaşdırmada iştirak etməyəcəklər. İlk dəfə işə qəbul olunan şəxslər üç il müddətində, həmçinin azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər də prosesdən azaddırlar.

60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.

İmtahanın vaxtı və keçiriləcəyi yer barədə məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndərilib.