Ölkə

Fikir ayrılıqlarına baxmayaraq, dialoq davam etdirilməlidir – spiker

Fikir ayrılıqlarına baxmayaraq, dialoq davam etdirilməlidir – spikerbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyaya işgüzar səfəri çərçivəsində Asiya Parlament Assambleyasının (APA) koordinasiya iclasında çıxış edib.

7Times.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Parlamentlərarası İttifaqın 153-cü Assambleyası çərçivəsində keçirilən iclasda Sahibə Qafarova Azərbaycanın 2024-cü ilin fevralında APA-ya sədrliyi qəbul edərkən müəyyənləşdirdiyi əsas məqsədləri diqqətə çatdırıb. O bildirib ki, bu məqsədlər Assambleyanın institusional imkanlarının gücləndirilməsi, fəaliyyətinin daha səmərəli təşkili və Asiyada parlamentlərarası dialoq platforması kimi rolunun möhkəmləndirilməsidir.

Milli Məclisin sədri Azərbaycanın sədrliyi dövründə APA-nın institusional inkişafı istiqamətində mühüm addımlar atıldığını, Assambleya Bürosunun fəaliyyətinin canlandırıldığını vurğulayıb.

Sahibə Qafarovanın sözlərinə görə, bu müddətdə dörd koordinasiya görüşü təşkil olunub. Görüşlər beynəlxalq məsələlər ətrafında fikir mübadiləsinə, mövqelərin əlaqələndirilməsinə və APA-nın digər parlament təşkilatları ilə əlaqələrinin möhkəmləndirilməsinə şərait yaradıb.

Milli Məclisin sədri parlamentlərin qlobal qərarların qəbulunda rolunun artırılmasının və regional parlament təşkilatları arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib. O, qadınların, gənclərin və təmsil olunmayan qrupların parlamentlərarası proseslərdə fəal iştirakının dayanıqlı inkişaf üçün əhəmiyyətini vurğulayıb.

Sahibə Qafarova bildirib ki, parlamentlərarası əməkdaşlıq müxtəlif mövqelərin eyni platformada ifadə olunmasına və fikir ayrılıqlarına baxmayaraq, dialoqun davam etdirilməsinə imkan yaratmalıdır. Səmərəli əməkdaşlıq qarşılıqlı dinləmə, məsləhətləşmə, fərqli baxışlara hörmət və praktiki həll yollarının tapılması üzərində qurulmalıdır.

Milli Məclisin sədri APA çərçivəsində son iki ildə əldə olunan təcrübənin müxtəlif regionlar, mədəniyyətlər və siyasi baxışlar arasında əməkdaşlığın əhəmiyyətini bir daha göstərdiyini bildirib.