Xəbər verildiyi kimi, 5–6 dekabr tarixlərində dövlət məktəbəqədər təhsil müəssisələrində – uşaq bağçalarında çalışan tərbiyəçi-müəllimlərin və metodistlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi təşkil ediləcək. Bu prosesdə 14 şəhər üzrə 21 mərkəzdə 9 000-ə yaxın şəxsin iştirakı gözlənilir.
7Times.az saytı “Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nı araşdıraraq vacib detalları diqqətə çatdırır.
Qeyd edək ki, qanunvericilikdə nəzərdə tutulan sertifikatlaşdırma dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərə aiddir. Özəl bağçalarda çalışan bütün pedaqoji işçilərin avtomatik olaraq bu prosesə cəlb edilməsi nəzərdə tutulmur.
Qaydalara görə, proses iki mərhələdən ibarətdir:
I mərhələ – Test imtahanı;
II mərhələ – Müsahibə.
Test imtahanı mərhələsində bağça müəllimlərinə 60 sual təqdim olunacaq. Suallar məktəbəqədər təhsilin məzmunu və metodikası, həmçinin uşaq və yaş psixologiyasını əhatə edəcək.
Test imtahanı mərhələsi kompüterdə elektron qaydada həyata keçirilir və bu mərhələyə 120 dəqiqə vaxt ayrılır. Hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndirilir, eyni zamanda səhv cavablar və ya sualın cavabsız qoyulması 0 (sıfır) bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir.
Keçid üçün minimum 30 bal toplamaq tələb olunur.
Müsahibə mərhələsində 40 ballıq sistem tətbiq olunacaq. Təhsilverənlər 20 dəiqə ərzində aşağıdakı istiqamətlər üzrə müsahibə olunacaqlar:
Ünsiyyət bacarığı maksimum 20 bal; Təlimin planlaşdırılması maksimum 10 bal; Təlimin təşkilində iş formaları və üsullarından istifadə bacarığı maksimum 10 balla qiymətləndiriləcək.
Bu mərhələdən keçid üçün minimum 20 bal tələb olunur
Bağça müəllimləri sertifikat almaları üçün həm testdən, həm də müsahibədən müəyyən edilmiş minimum balı toplamalıdırlar.
Qanunvericiliyə əsasən aşağıdakı şəxslər sertifikatlaşdırılmadan azaddırlar:
Hamilə qadınlar;
Uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə işləyən qadınlar;
Uşağını təkbaşına böyüdən kişilər (müvafiq məzuniyyətlə bağlı şərtlər daxilində);
İlk dəfə işə qəbul olunanlar – ilk 3 il ərzində;
Ən azı 3 dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər.
60 və daha yuxarı yaşda olan şəxslərin iştirakı könüllüdür.
Bəs sertifikatlaşdırmadan keçməyənləri nə gözləyir? Bu, ən vacib məsələlərdən biridir.
Qaydalara görə, üzrlü səbəbdən iştirak etməyən və ya ilk cəhddə keçid balını toplaya bilməyən şəxsə 1 il ərzində iş yeri saxlanılmaqla təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ verilir.
Təkrar sertifikatlaşdırmada da keçid balını toplaya bilməyən və ya iştirak etməyən şəxslə əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə uyğun olaraq işəgötürən tərəfindən ləğv edilir.
Sertifikatlaşdırmadan keçən şəxsin sertifikatı 5 il qüvvədə olur. Üçüncü dəfə uğurla keçdikdən sonra isə pedaqoji fəaliyyət hüququ çalışmanın yaş həddinədək qüvvədə qalır.
Follow @7timesaz


