Ölkə

Müəllimlərə 2-3 ildən bir qiymətləndirmə tətbiq olunacaq

Müəllimlərə 2-3 ildən bir qiymətləndirmə tətbiq olunacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müəllimlərin əməkhaqlarının artırılması, peşə nüfuzunun yüksəldilməsi və sertifikasiya prosesinin daha çevik mexanizmlərlə tənzimlənməsi təhsil sahəsində ən çox müzakirə olunan və həssas mövzulardan biridir.

Mövzuyla bağlı deputat Elnarə Akimova Modern.az-a danışıb.

Deputat qeyd edib ki, müəllimdən yüksək nəticə tələb ediriksə, onun əməyinə uyğun sosial təminat və peşəkar inkişaf imkanları da yaratmalıyıq.

“Son illərdə sertifikatlaşdırma müəllimlərin maddi stimullaşdırılması baxımından mühüm mexanizmə çevrilib. Mövcud qaydalara əsasən, sertifikatlaşdırmada 30-50 bal toplayan müəllimlərin vəzifə maaşına 10 faiz, 51-60 bal toplayanların maaşına isə 35 faiz əlavə tətbiq edilir. 2022-2026-cı illərdə 104 mindən çox müəllimin bu prosesdə iştirakı, 91 mindən artıq müəllimin əməkhaqqına əlavə alması mexanizmin əhatə dairəsini göstərir.
Lakin müəllimin əməyini yalnız imtahan nəticəsi ilə ölçmək olmaz. Sertifikasiya fənn biliklərini və müəyyən peşə bacarıqlarını yoxlayır, amma müəllimin gündəlik dərs fəaliyyəti, şagirdlərlə fərdi işi, təlim metodlarından istifadə bacarığı və məktəbin inkişafına verdiyi töhfə də qiymətləndirilməlidir”.

E. Akimova qeyd edib ki, bu səbəbdən müəllimlərin əməkhaqqının artırılması üçün  baza maaşının mərhələli şəkildə yüksəldilməsi məsələsi nəzərdən keçirilməlidir:

“Sertifikasiya nəticələrinə görə verilən əlavələr fərdi peşəkarlığı stimullaşdırır, baza maaşının artırılması isə daha geniş müəllim kütləsinin sosial vəziyyətinə müsbət təsir göstərir. Bu iki mexanizm bir-birini tamamlamalıdır.
Digər tərəfdən, müəllimin əlavə əmək və məsuliyyət tələb edən fəaliyyətinə görə də ödəniş nəzərdə tutulmalıdır. Sinif rəhbərliyi, metodiki iş, gənc müəllimlərə mentorluq, əlavə məşğələlərin aparılması və tədris resurslarının hazırlanması kimi fəaliyyətlər müəllimin iş yükünü artırır. Bu əməyin ayrıca qiymətləndirilməsi müəllimlər üçün real stimul ola bilər. Ucqar və müəllim çatışmazlığı olan ərazilərdə çalışan pedaqoqlara əlavə həvəsləndirmə ödənişlərinin tətbiqi də məqsədəuyğundur”.

Deputatın sözlərinə görə sertifikatlaşdırma imtahanının 5 ildən 2-3 ilə salınması müəllimlərdə psixoloji yük yarada bilər.

“Daha real yanaşma beşillik sertifikatlaşdırma müddətini saxlamaqla yanaşı, hər iki-üç ildən bir aralıq peşəkar qiymətləndirmə mexanizminin tətbiqidir. Bu qiymətləndirmə yenidən imtahan vermək formasında deyil, müəllimin ixtisasartırma təlimlərində iştirakı, açıq dərsləri, metodiki fəaliyyəti və peşəkar inkişafı əsasında aparıla bilər. Müəllim bu mərhələdə uğurlu nəticə göstərərsə, ona əlavə maddi həvəsləndirmə verilməsi də nəzərdən keçirilə bilər. Beləliklə, müəllim yalnız beş ildən bir imtahan nəticəsinə görə deyil, davamlı inkişafına görə də mükafatlandırılar”.

Deputat Ceyhun Məmmədovun sözlərinə görə isə sertifikatlaşdırma imtahanının müddəti qısaldıla bilər.

“Azərbaycanda son illərdə müəllimlərin maaşında tez-tez artım görürük. Amma onu da qeyd etməliyik ki, bu gün də müəllimlərimizin aldığı maaş yetərli deyil. Ona görə də müəllimlərinin maaşının artması üçün mühüm addım atmalıyıq. Bu prosesin daha sürətli həyata keçirilməsi üçün, sertifikasiya imtahanları 5 il əvəzinə 3 ildən bir keçirilə bilər. Daha qısa müddətli olması müəllimlərin maaşlarında artımın daha tez olması deməkdir” – deyə o bildirib.