Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Almaniyanın federal xarici işlər naziri Yohann David Vadeful arasında geniş tərkibdə görüş keçirilib .
7Times.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) sosial media hesabında paylaşım edilib.
Görüşlər zamanı nazirlər Azərbaycan-Almaniya münasibətlərinin hazırkı vəziyyəti, ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri, əsas regional və beynəlxalq hadisələrə dair hərtərəfli müzakirələr aparıblar.
Azərbaycan və Almaniya 2027-ci ildə diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünə yaxınlaşdığı bir vaxtda nazirlər qarşılıqlı hörmət, konstruktiv dialoq və ortaq maraqlara əsaslanan tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyini bir daha təsdiqləyiblər. Azərbaycan Prezidentinin 2026-cı ilin iyulunda Almaniyaya rəsmi səfəri zamanı qəbul edilmiş İkitərəfli Tərəfdaşlığa dair Strateji Gündəlik əlaqələrimizi irəliyə aparmaq üçün mühüm çərçivə yaradır.
Nazirlər iqtisadi əlaqələrin gücləndirilməsinin xüsusi əhəmiyyətini bir daha vurğuladılar. 2025-ci ildə ikitərəfli ticarətin 1,4 milyard ABŞ dollarına çatması və Azərbaycanın Almaniyaya qaz ixracının 2026-cı ilin yanvarında başlanması ilə ticarət, investisiya, enerji, sənaye, nəqliyyat və texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsi üçün kifayət qədər imkanlar var. Onlar qeyd ediblər ki, 2026-cı ilin iyulunda Azərbaycan-Almaniya İşgüzar Şurasının yaradılması həm də hər iki ölkənin biznes icmalarının cəlb edilməsi üçün yeni platforma yaradır.
Nazir Bayramov alman şirkətlərinin Orta Dəhliz, Ələt Azad İqtisadi Zonası və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inkişafı, eləcə də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən yenidənqurma və inkişaf layihələrindəki imkanlarını diqqətə çatdırıb.
Nazirlər regional hadisələr, o cümlədən Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə bağlı fikir mübadiləsi aparıb, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı müzakirə ediblər. Nazir Bayramov həmkarına işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin vətənə qayıtması və minaların yaratdığı problemlər barədə məlumat verib.
Nazirlər təhsil, mədəniyyət və elm vasitəsilə insanlar arasında əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Nazirlər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Follow @7timesaz


