Daxili İşlər Nazirliyi (DİN) Bakıda 20 gün öncə baş verən və bir nəfərin ölümü ilə nəticələnən qəzanı kimin törətdiyinin hələ də məlum olmaması ilə bağlı iddialara münasibət bildirib.
7times.az xəbər verir ki, hadisə martın 5-də Zığ şosesində (Beton yolu) baş verib.
Belə ki, “Toyota” markalı, 10 FV 467 dövlət nömrə nişanlı avtomobilin sürücüsü – 33 yaşlı Gülhəsən İsmayılov yağış səbəbindən maşının arxa şüşəsinin palçıqlı olması və arxadan gələn avtomobillərin çətin görünməsinə görə maşını yolun sağında saxlayıb.
Sürücü və yanında olan şəxslər nəqliyyat vasitəsinin şüşəsini sildikdən sonra maşına əyləşiblər. Onlar hərəkətə başlamadan arxadan sürətlə gələn KİA markalı, 90 PF 506 dövlət nömrə nişanlı avtomobil onlara çırpılıb.
Qəza nəticəsində Gülhəsən İsmayılov hadisə yerində ölüb.
Onun 35 yaşlı qardaşı Elvin İsmayılov, 17 yaşlı Elgün Məmmədov və 26 yaşlı Bəhlul Hümbətov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Ailə üzvlərinin iddiasına görə, qəzadan 20 gün keçsə də, KİA-nın sürücüsü müəyyənləşdirilməyib. Hadisə şahidləri və xəsarət alan şəxslər sürücünün qadın olduğunu bildiriblər. Lakin sonradan maşını idarə edən şəxsin kişi olduğu iddia olunub.
DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, martın 5-də Zığ şosesində Gülhəsən İsmayılovun idarə etdiyi “Toyota” markalı avtomobillə İlham Şükürovun idarə etdiyi KİA markalı avtomobil toqquşub:
“Qəza nəticəsində Gülhəsən İsmayılov vəfat edib, onun sərnişinləri, KİA-nın sürücüsü İlham Şükürov və onun sərnişinləri müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Bir müddət sonra həmin şəxs evə buraxılıb.
Faktla bağlı dərhal cinayət işi başlanılıb, zəruri ekspertizalar təyin edilib, təhlükəsiz şəhər kamerasına baxış keçiriləcək.
İlham Şükürov istintaqa dəvət edilərək ifadəsi alınıb. Ekspertiza rəyləri veriləndən sonra hadisənin təfərrüatı bəlli olacaq”.
Follow @7timesaz