Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “44 günlük Vətən müharibəsi və müharibədən sonra Azərbaycanın xarici siyasəti” mövzusunda diplomatiya həftəsinin açılış mərasimi keçirilib.
7times.az xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatlarının nümayəndələrinin iştirakı ilə keçiriləcək diplomatiya həftəsi cari ilin 12-26 iyul tarixlərində davam edəcək.
İştirakçıların 2 həftə ərzində Vətən müharibəsi dövründə xarici siyasəti, Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər haqqında ətraflı məlumatlandırılması üçün AR XİN və digər dövlət qurumlarının yüksək səviyyəli nümayəndələri, habelə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin rəhbərləri, Vətən müharibəsi iştirakçıları, Vətən müharibəsini işıqlandıran xarici jurnalistlər, tanınmış ictimai xadimlər ilə görüşləri keçiriləcək. Bununla yanaşı, layihə çərçivəsində bir sıra mədəni proqramlar, ekskursiya və səfərlərin reallaşdırılması nəzərdə tutulub.
Açılış mərasimində Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edərək tədbirin bil il öncə Ermənistan tərəfinin Azərbaycanın Tovuz istiqamətində dövlət sərhədində növbəti təcavüz aktına əl atması tarixinə təsadüf etdiyini vurğulayıb.
Azərbaycan Silahlı Qüvvələrinin düşmənin hərbi təxribatlarını layiqincə cavablandırdığı və 44 günlük Vətən müharibəsi nəticəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusunun əldə etdiyi şanlı Zəfərin Azərbaycan tarixinə qızıl hərflərlə daxil olduğu qeyd edilib: “Münaqişə keçmişdə qalıb. Azərbaycan qarşısında duran əsas vəzifələr, xüsusilə də azad edilmiş ərazilərin yenidən qurulması prosesi, bu ərazilərin minalardan təmizlənməsi və beləliklə də məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə geri dönüşünün təmin edilməsidir. Təməlində milli maraqlar dayanan Azərbaycan xarici siyasətinin bundan sonra da bölgədə və dünyada sülh və təhlükəsizliyin, beynəlxalq hüququn təmin edilməsinə yönələcək”.
Tədbirin sonunda Hikmət Hacıyev iştirakçıların suallarını cavablandırıb.
Follow @7timesaz