Siyasət

Deputat İrana səsləndi: “Ayıb deyil, utanmırsınız?!”

Deputat İrana səsləndi: “Ayıb deyil, utanmırsınız?!”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezident İlham Əliyevin “Anadolu” agentliyinə verdiyi müsahibəsi mövcud geosiyasi reallıqları tam əks etdirir. Son zamanlar gündəmdən düşməyən və ictimaiyyəti maraqlandıran bir çox məsələlərə aydınlıq gətirir. Bunlardan biri, təbii olaraq, Azərbaycan xalqını narahat edən İranın qanunsuz daşımaları ilə bağlı idi. Ölkə başçısı cənub qonşumuzun qanunsuz fəaliyyətinin 30 illik işğal dövründə və ondan sonra davam etdiyini bildirdi”.

7times.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

O bildirib ki, Prezidentin də dediyi kimi, bunun nə qonşuluq, nə də beynəlxalq prinsiplərə uyğun olmadığı barədə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, davam etdiyini xatırladıb: “Nəticə olmadıqda isə inzibati tədbirlər görüldü və İran tərəfi bundan primitiv şoular düzəltməklə, özünü növbəti dəfə biabır etdi. TIR-a erməni nömrələri yapışdırılır, qoşunlarını sərhədə toplamaqla, hərbi təlimlər adına gülünc tədbirlərlə əzələ nümayiş etdirirlər. Halbuki, İran heç vaxt bu ərazilərdə hərbi təlimlər keçirməmişdi. İran dövlətinə məxsus “Səhər” televiziya kanalı və Xamaneinin bilavasitə tabeliyində olan mollalar Azərbaycan dövlətinə, xalqına qarşı fasiləsiz, çirkin böhtan və qarayaxma kampaniyası aparırlar. İslam əxlaqı ilə heç bir əlaqəsi olmayan, molla rejiminin feodal təfəkkürü ilə razılaşmayan siyasətçilərimizi, ictimai xadimlərimizi, İsrail dövlətinə satılmaqda, onlardan pul almaqda günahlandırırlar. Uzun illər ərzində “qumlaşdırılmış” trol-şəbəkələri vasitəsilə təhqirlərə məruz qoyurlar. İslam dinindən moizələr oxuyan bu geri zəkalıların etdikləri İslam adına ləkədir və ən böyük günah hesab olunur. Prezident, İranın Ermənistana hər zaman açıq dəstək verdiyini bildirdi. Burada gizli heç nə yoxdur, hər şey göz qabağındadır”.

N.Məhəməliyevin dediyinə görə, təəccüb doğuran odur ki, üzdə din qardaşlığından, dostluqdan danışanlar, arxada ən qatı şəkildə düşmənçilik edir və özünü mələk kimi təqdim etməyi bacarırlar: “Yerlərdə fars rejiminin dəllalları vasitəsilə də təbliğat aparasan ki, İran sən demə, birinci və ikinci Qarabağ müharibəsində Azərbaycana hərtərəfli dəstək veribmiş. Ayıb deyil, utanmırsınız?! Belə qərəzli fikirlər ən çətin məqamda xalqımızın yanında olan, qardaş Türkiyəyə, dost dövlətlərə, o cümlədən, Azərbaycan dövlətinə qarşı edilən ən böyük haqsızlıq və xəyanətdir”.

Parlament üzvü, həmçinin İranın bu cür davranmağının səbəblərindən də danışıb: “Son zamanlar bunu Azərbaycan-Türkiyə-Pakistan hərbi təlimlərilə əlaqələndirirlər, lakin mən bununla o qədər də razı deyiləm. Təlimlər indi keçirilir. Bəs 30 il ərzində Ermənistana verilən hərbi, iqtisadi, sosial, loqistik dəstəyin adı nədir?! O zaman nə Türkiyə, nə də Pakistan yox idi. Biz bilməliyik ki, bu yanaşma İran adlı dövlətin əsil siyasətinin mahiyyətidir. Bu ölkə heç vaxt bizə qarşı səmimi olmayıb. Bütün səyləri Azərbaycanda öz əqidələrinə uyğun dindaşlarının sayını artırmaqdan və dövlət idarəetmə sisteminə sirayət etməkdən ibarətdir. Məhz, İranın “xoşməramlı” niyyətləri Yəməndə, Livanda, İraqda, Suriyada və bir çox ölkələrdə milyonlarla insanın faciəsinə səbəb olub. Belə bir təhlükəni bizə qonşu olan bəzi ölkələrin timsalında da görmək mümkündür. Qonşu Gürcüstanda yaşayan soydaşlarımız arasında dini fundamentalizm heç zaman populyar olmayıb. Amma son vaxtlar orada baş verənlər bir kənddə yaşayan, yaxın qohum olan insanları bir-biri ilə düşmənə çevirib. Proses təhlükəli istiqamətdə cərəyan edir və mənə elə gəlir ki, bu, Gürcüstanda da müəyyən dairələr tərəfindən dəstəklənir”.

N.Məhəməliyev vurğulayıb ki, İranın bu siyasəti heç bir ölkə tərəfindən normal qarşılanmır: “Nəticə göz qabağındadır. Ölkəmiz üçün gələcəkdə baş verə biləcək təhlükələrin qarşısını almaq üçün cənub qonşumuzla münasibətlər özünün başa düşdüyü dildə qurulmalıdır. İlk növbədə “qumlaşdırılma” siyasətindən mütləq imtina olunmalı, gənclərin yeni-yeni nağıllar uyduran şeyx nəsrullahlara yox, məhsuldar qüvvələrə çevrilməsinə çalışmaq lazımdır”.