Müsahibə

Gənclərimizi daha çox hansı xarici universitetlərə göndərməliyik? MÜSAHİBƏ

Gənclərimizi daha çox hansı xarici universitetlərə göndərməliyik? (MÜSAHİBƏ)backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Prezident İlham Əliyev “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Sərəncam imzalayıb.
Qaynarinfo.az saytı sərəncamdan irəli gələn məsələləri dəyərləndirmək üçün təhsil eksperti Kamran Əsədovla əlaqə saxladı.
O, sərəncamı yüksək dəyərləndirərək, eyni zamanda bir sıra təkliflər də irəli sürdü. 
– Azərbaycanlı gənclərin xaricdə ali təhsil alması ilə bağlı verilən Prezident sərəncamı böyük hadisədir. Buna qədər Azərbaycan belə bir layihəni həyata keçirib. Prezidentin bununla bağlı 2007-2015-ci illər üçün xaricdə təhsil proqramı var idi. Bu zaman 5 minə yaxın gəncin xaricdə təhsil almağa göndərilməsi nəzərdə tutulurdu. Amma 3500 nəfər göndərildi. Ölkədə rəqabətə davamlı və dayanıqlı iqtisadiyyatın formalaşmasını istəyiriksə, dünya universitetlərində təhsil almış gənclərimizə böyük ehtiyacın olduğunu görərik. O ölkələr daha sürətlə inkişaf edir ki, orada dünya reytinqli universitetlərdə təhsil alan gənclərin sayı çoxdur. Buna misal olaraq, Sinqapuru, Cənubi Koreyanı, Malaziya və digərlərini göstərə bilərik. Təəssüf ki, Azərbaycan ali təhsil müəssisələri əmək bazarının tələbləri və müasir standartlara cavab verən kadrlar hazırlamır. Ona görə də Azərbaycan əmək bazarında keyfiyyətli xidmətin formalaşması üçün xarici ölkələrə mütəxəssislər göndərməyə məcburdur.
– Sizin fikrinizcə, azərbaycanlı gəncləri daha çox hansı ixtisaslar üzrə xaricə təhsil almağa göndərməliyik?
– Bu zaman 2007-2015-ci illərdə olduğu kimi bu proqram üzrə ayrılan vəsait bütün ixtisaslar üzrə kadr hazırlanmasına yönəlməməlidir. Fərqli yanaşma tətbiq olunmalıdır. Xaricə zəruri ixtisaslar üzrə tələbə göndərməliyik. Gəncləri daha çox magistratura və doktarantura pillələrində təhsil almağa göndərməliyik. Bakalavr təhsili üçün xaricə tələbə göndərməyə o qədər də ehtiyac yoxdur. İnformasiya texnologiyası, rəqəmsallaşma, kiber təhlükəsizliyi, yeni texnologiyalar, qida təhlükəsizliyi, kənd təsərrüfatı, cihazqayırma, maşınqayırma sahələri üzrə yaxşı mütəxəssis kadrlara böyük ehtiyacımız var. Azərbaycan özü texnoloji avadanlıqlar istehsal etməlidir ki, bunu da ancaq xaricdə təhsil alan yüksək ixtisaslı kadrlarımız edə bilər. Müəllim, təcrüməçi ixtisaslarını isə daxildə də yarada bilərik. Bu dəfə isə gənclərimizin dünyanın yalnız nüfuzlu universitetlərinə təhsil almağa göndərilməsi nəzərdə tutulur.
– Təəssüf ki, 2007-2015-ci ilin proqramında xaricə tələbə göndərilməsi zamanı müəyyən qədər kənar müdaxilələrin də şahidi olduq. Bu dəfə belə halların olmaması üçün nələr edilməlidir? 
– İlk növbədə Azərbaycan üçün spesifik olan ixtisaslar üzrə təhsil almağa göndərməliyik. İndi ölkəmizdə turizm, xidmət sektoru, informasiya texnologiyası, rəqəmsallaşma sahəsi üzrə təcrübəli mütəxəssislərə ehtiyacımız var. Seçim zamanı ən vacibi şəffaflığın təmin olunmasıdır. Bunun üçün də seçilmiş şəxslər bir neçə müstəqil qurumlar tərəfindən yoxlanılmalıdır. Konkret olaraq təkcə Təhsil Nazirliyinin Elm və Ali Təhsil Şöbəsi bu funksiyanı yerinə yetirməməlidir. Müəyyən ictimai şuralar, qeyri-hökumət təşkilatları prosesin şəffaflığını anonim şəkildə yoxlamalıdır. Yəni şəxs bir neçə müsabiqə nəticəsində seçilməlidir. Təklif edirəm ki, müqavilədə xaricdə təhsil alan şəxsin bitirdikdən sonra mütləq geri qayıtması və işləməsinin təmin edilməsi müddəası da öz əksini tapsın.
– Gənclərimizi xaricdəki daha çox hansı reytinqli universitetlərə göndərməliyik? 
– Kembric, Oksford, Harvard, Massaçuset, Liverpul və Sobron universitetləri kifayət qədər reytinqli universitetlərdir. Amma düşünürəm ki, tibb üzrə birmənalı şəkildə Almaniya və Türkiyə universitetlərinə üstünlük verməliyik. İnformasiya texnologiyası üzrə Sinqapur, Yaponiya, Çin, kənd təsərrüfatı ixtisası üzrə İsrail və Niderland universitetlərini seçməliyik. Yəni nüfuzlu universiteti ixtisaslara görə seçməliyik.
– Sərəncam davamlı, yoxsa müəyyən müddət üçün nəzərdə tutulmalıdır? 
– Hesab edirəm ki, bu proqram 2025-ci ilə qədər nəzərdə tutulmalıdır. Çünki bir müddətdən sonra həmin kadrlar gəlib Azərbaycanın özündə mütəxəssis hazırlamalıdırlar. 5 min nəfəri göndərsək, ilkin hesablamaya görə, buna 130 milyon manat vəsait lazımdır. Ona görə sonradan həmin mütəxəssislərimizi ölkə daxilindəki universitetlərdə işə cəlb etməliyik ki, onlar artıq yerli kadrlar hazırlasın. Təklif etmişik ki, 5000 deyil, 2500 nəfəri göndərək, yerdə qalan 2500 nəfər üçün nəzərdə tutulan vəsait hesabına isə xaricdən burada dərs demələri üçün mütəxəssis gətirək. Amma problem ondadır ki, yerli universitetlərin laboratoriyası, elektron kitabxanası, texniki avadanlıqları yoxdur.