Siyasət

Paşinyan qorxusuna qalib gəldi

Paşinyan qorxusuna qalib gəldibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının noyabrın ilk 10 günündə görüşünün keçiriləcəyi barədə iddialar dolaşır. KİV-lərdə yayılan məlumata görə, bu görüş 9 noyabrda Soçi şəhərində keçiriləcək. Görüşün keçiriləcəyi barədə məlumatlar yayıldıqdan sonra, orada müzakirə olunacaq məsələlər də KİV-də yer almağa başladı”.

Bunu Milli.Az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Əlimusa İbrahimov deyib.

O bildirib ki, Nikol Paşinyan və onun komandasının üzvlərinin artıq həftələrdir kommunikasiyaların açılması ilə bağlı müsbət mesajlar verməsi erməni cəmiyyətini sülh müqaviləsinə hazırlamaq məqsədi daşıyır:

“Görüşdə əsasən iki məsələnin müzakirəsi gözlənilir: Kommunikasiyaların açılması və sərhədlərin delimitasiya, demarkasiyası. Burada sülh müqaviləsi ilə bağlı bir söz keçməsə də, düşünürəm ki, bu iki məsələ Ermənistanı Azərbaycanla sülh müqaviləsinə aparacaq. Bu iki məsələnin müzakirəsinin ardınca yəqin ki, sülh müqaviləsinə gedilməsi də razılaşdırılıb. Ona görə ki, birbaşa sülh müqaviləsinin imzalanması Ermənistan üçün çox ağır yük olardı.

Nikol Paşinyan və onun komandasının üzvləri artıq uzun müddətdir dəhlizin açılması ilə bağlı müsbət mesajlar verirlər. Bu da Ermənistan cəmiyyətini sülh müqaviləsinə hazırlamaq məqsədilə hesablanıb. Artıq sülh müqaviləsinə hazırlıq prosesi gedir.

Ermənistanla Azərbaycan arasında anlaşılmayan müəyyən nüanslar var. Bizim tərəfdən Zəngəzur dəhlizi deyilir, onlar buna “kommunikasiyaların açılması” deyirlər. Ermənistan tərəfi dəhlizin və kommunikasiyaların fərqli mənalar daşıdığı fikrindədirlər. Ermənilər dəhliz deyəndə sanki Ermənistanın yarısının ayrılıb Azərbaycana verilməsi kimi başa düşürlər. Buna görə də onlar deyirlər ki, biz kommunikasiyaların açılmasına razıyıq, amma dəhlizin açılmasına razı deyilik.

Dəhliz açılandan sonra Ermənistanın oraya aidiyyatı olmayacaq, həmin ərazinin təhlükəsizliyini Rusiya təmin edəcək. Naxçıvandan, yaxud Türkiyədən maşını oturub, gəlib Bakıda düşmək mümkün olacaq. Amma dəhlizlə kommunikasiyaların ikisindən hibrid bir şey alınacaq ki, nə Ermənistan narazı olacaq, nə də Azərbaycan.

Kommunikasiyaların açılmasından Ermənistan da xeyir götürəcək. Məqsəd Ermənistanın iqtisadiyyatının da müəyyən qədər qazanmasıdır ki, bu yolla iqtisadi durumu acınacaqlı vəziyyətdə oln Ermənistan dirçəlsin, şirinikləşsin bu vəziyyətdən və Azərbaycanla, Türkiyə ilə yaxınlaşmağa meyilləri güclənsin. Bu, sırf dəhliz olacaqsa, Ermənistana heç bir iqtisadi qazanc verə bilməyəcək ki, bu da erməni cəmiyyətində Paşinyana qarşı narazılıqları artıra bilər. Nəticədə Paşinyanın talehi bundan sonra daha da pis olar.

Amma düşünürəm ki, kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Azərbaycan da, Türkiyə də, Rusiya da, eyni zamanda Ermənistan da bundan xeyir götürəcək”.

Qeyd edək ki, erməni deputat Qaqik Melkonyan bildirib ki, “Azərbaycanın Naxçıvana yolu olmalıdır. Bu yolu Ermənistan verməlidir. Onlar buna dəhliz deyir, biz isə yol, bu yol olmalıdır”.