Amerikada yaşayan azərbaycanlı dramaturq, yazar, “Kaliforniya Beynəlxalq Mədəniyyət Mərkəzi”nin rəhbəri Sevinc Səfərova Moderator.az-a açıqlama verib. O, 2022-ci ilin “Şuşa ili” elan olunmasının sevindirici hal olduğunu və bunu qürbət eldə təntənəli şəkildə qeyd edəcəklərini bildirib:
“Şuşa bizim döyünən ürəyimizdir. Onu düşünən insan cənnəti fərz edir. Sanki Cıdır düzündə Allaha daha yaxın olur insan. Ürəyində dilədiyin duaların hər kəlməsi göy üzünə daha tez yayılır. Şuşa döyünən bir ürəkdir. Şuşa Xarıbülbülün ana vətəni, Azərbaycanın mədəniyyət paytaxtıdır.
Biz qürbətdə yaşasaq da, ürəyimiz Qarabağla döyünür. 2022-ci ilin “Şuşa İli” elan olunması dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün böyük bir bayram oldu. Mən də bu il Şuşanın 270 illiyinə həsr olunmuş bir gecə keçirəcəm. Bilirsiniz ki, Amerikada dünyanın müxtəlif ölkələrinin nümayəndələri yaşayır. Onların bu haqda məlumatlanması vacib və önəmi bir məsələdir. Amerikada erməni lobbisi güclü olduğu üçün burada yaşayan xalqlar elə düşünür ki, Qarabağ ermənilərə məxsus olub. Ona görə biz də öz mədəniyyətimizin təbliğatını davam etdirmək üçün Qarabağa aid mədəniyyət və milli mətbəximizi, tariximiz təbliğ etməliyik.
Bütövlükdə Qarabağın, eləcə də Şuşanın erməni işğalı altında olması hamımıza pis təsir edirdi. Ermənilər bunu bildiyinə görə, hər dəfə bizə acıq vermək üçün Şuşada ayrı-ayrı tədbirlər keçirirdilər. Hətta orada hərbi parad da keçirmişdilər. Bu il isə bizim ilimizdir”.