2021 Ermənistan üçün çətin bir il oldu. 2020-ci ildəki 44 günlük müharibənin sonunda düçar olduqları məğlubiyyət, Azərbaycan Ordusu qarşısında aciz duruma düşmələri, 30 ilə yaxın işğalda saxladıqları torpaqların azad edilməsi fonunda Ermənistanda psixoloji sarsıntı mövcud idi. Bunun fonunda Ermənistanda iqtidara qarşı müxalifətin sərt təpkiləri müşahidə edilirdi. Ona görə də Ermənistan növbədənkənar parlament seçkilərinə getməli oldu. Bütün bunlar isə onu göstərir ki, Ermənistan daha da geriləməyə davam edir.
7Times.az xəbər verir ki, bunu Teleqraf.com-a Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib.
O qeyd edib ki, Azərbaycan isə bütün bu uğurların fonunda inkişaf edir:
“Ali Baş Komandan İlham Əliyev müharibədən sonra da Ermənistana sülhlə bağlı çağırış etdi. Amma Ermənistan daxilində olan reallıqlar, mövcud gündəm onların bu məsələyə hazır olmadığını nümayiş etdirdi. Eyni zamanda 2021-ci ilin sonunda Zəngəzur dəhlizi ilə bağlı Ermənistan Baş naziri Nikol Paşinyanın açıqlamaları diqqət çəkdi. Zəngəzur dəhlizindən dəmir və avtomobil yolunun keçməsi ilə bağlı erməni baş nazirin açıqlamaları prosesin irəliləməsindən xəbər verir”.
Sabiq səfir bildirib ki, 2021-ci ilin sonlarına doğru Türkiyə-Ermənistan əlaqələrinin normallaşması üçün iki tərəf bu məsələ ilə məşğul olmaq üçün xüsusi nümayəndə təyin etdi:
“Sözsüz ki, Türkiyə-Ermənistan əlaqələrində Azərbaycanın maraqlarına zidd və yaxud onun istəmədiyi heç bir addım atılmayacaq. Eyni zamanda 2021-ci ilin sonunda Azərbaycanla Ermənistan arasında iki mühüm görüş baş tutdu. Bunlardan birincisi 26 noyabr da Soçi görüşü idi. Bu görüş olduqca önəmli məsələlərin müzakirəsi ilə yadda qaldı. Ötən ayın 15-də isə Brüsseldə vacib görüşlər oldu. Ümumiyyətlə isə hər iki görüş münasibətlərin normallaşması baxımından önəmli idi. Çünki Soçi görüşündən sonra elan edilmiş bəyanatda çox önəmli məqamlar yer aldı. Bu, sərhədlərin delimitasiya və demarkasiya ilə bağlı məsələlər idi. Əldə edilən razılaşmalar sonrakı proseslərin davamı üçün vacibdir. Brüsseldəki görüşlərdə də proseslərin addım-addım irəlilədiyi müşahidə edildi. Gözlənilən odur ki, Ermənistan mümkün qədər proseslərdən lazımi nəticələr çıxarsın”.
Hulusi Kılıc hesab edir ki, ötən il Türk Dövlətlərinin Birliyinin qurulması irəliyə doğru atılmış mühüm addımdır:
“İstanbulda keçirilən Türk Dövlət Başçılarının Zirvə görüşündə də Azərbaycanın II Qarabağ müharibəsindəki tarixi zəfəri böyük diqqət və hörmətlə qarşılandı. Bütün bunların fonunda isə bölgəyə sülhün gəlməsi ən vacib amil kimi önə çəkildi. Ermənistanın özü də sülhdən daha çox yararlanmaq imkanı əldə edə bilər. Çünki Ermənistanda əhalinin böyük bir köçü müşahidə edilir. Artıq erməni gənclər ölkələrini birdəfəlik tərk etmək məcburiyyətində qalıb. Çünki ölkələrində heç bir perspektiv görmürlər. Erməni gənclər Avropa və digər ölkələrə köç edərək diasporun da yardımı ilə öz həyatlarını qurmaq niyyətindədir. Bu baxımdan Ermənistanda əhalinin sayı durmadan azalır. 1991-ci ildə 3,5 milyon əhalisi olan Ermənistanda bu gün 2,6 milyon insan qalıb. Məhz bu səbəbdən də Azərbaycanla imzalanacaq sülh müqaviləsi və Zəngəzur dəhlizinin açılması erməni əhali üçün də yeni iş imkanları deməkdir. Bu da Ermənistan iqtisadiyyatı üçün olduqca vacibdir. Ona görə də Ermənistan Türkiyə və Azərbaycanla normal münasibətlər quracaqsa, onun bu bölgədə inkişafı da labüd görünür”.
Diplomatın fikrincə, 2022-ci ildə Ermənistanın gələcəklə bağlı normal düşüncə ortaya qoyması çox vacibdir:
“Düşünürəm ki, bu ilin ortalarına qədər Azərbaycanla Ermənistan arasında mümkün sülh müqaviləsi ilə bağlı danışıqların başlaması gözlənilir. İlin sonuna qədər isə sülh müqaviləsinin imzalanması mümkün ola bilər. Bununla bağlı da proqnoz vermək çətindir.
Amma bütün bunların fonunda Türkiyə-Azərbaycan qardaşlığı bütün dünya üçün bir nümunədir. Bu qardaşlıq haqq və hüququ qorumaq üçün çox vacibdir. Biz kimsənin torpaqlarını istəmirik. Amma bizim torpaqlarımızda gözü olanların gözünü çıxardarıq. Bundan sonra da bölgədə birliyə, sülhə nail olmaq üçün səylər birləşdirilməlidir. Çünki bu bölgənin gələcəyi məhz bundan asılıdır. Artıq bu bölgə Ermənistanın işğalçı siyasətindən təngə gəlib. Ona görə də 2022-ci ilin sülh və barışıq üçün yeni bir dönəm olacağına inam var. İnanırıq ki, bölgədə doğacaq sülh günəşi burada yaşayan bütün xalqları isidəcək”.
Follow @7timesaz