Dünya

“Qoşunların geri çəkilməsi” barədə kim və nə zaman öhdəlik götürüb?” – Ermənistan Soçi razılaşmasını başqa cür yozmağa başladı

“Qoşunların geri çəkilməsi” barədə kim və nə zaman öhdəlik götürüb?” – Ermənistan Soçi razılaşmasını başqa cür yozmağa başladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ermənistan tərəfi Azərbaycanla sərhədlərin delimitasiyasına və demarkasiyasına dair birgə komissiyanın yaradılmasını əngəlləməyə yönəlmiş destruktiv yanaşmasını davam etdirir.
Prosesin başlaması üçün qoşunların sərhəddən “güzgü prinsipi” ilə geri çəkilməli olduğu barədə daha əvvəl rəsmi İrəvanın Rusiya xarici işlər naziri Sergey Lavrovun vasitəsilə Bakıya təqdim etdiyi, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun bu günlərdə haqlı ironiya ilə “dırnaqarası kreativ ideya” adlandırdığı təklifin rədd edilməsinin ardınca Ermənistan rəsmiləri bu dəfə 2021-ci ilin noyabrında Soçidə əldə edilmiş üçtərəfli razılaşmanı fərqli interpretasiya etməyə cəhd göstərib.
Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün fevralın 10-da jurnalistlərə bildirib ki, əslində erməni tərəfi “sərhədlərin müəyyən edilməsi” məsələsində Azərbaycana ilkin şərt irəli sürmür, sadəcə olaraq “əldə edilmiş razılaşmanın yerinə yetirilməsini” gözləyir.
Bəs bu hansı razılaşmadır ki, orada qoşunların sərhəddən “güzgü prinsipi” ilə geri çəkilməli olduğunu öz əksini tapıb? Belə razılaşmanı kim, nə zaman imzalayıb?
Armen Qriqoryana görə həmin razılaşma 2021-ci ilin noyabrında Soçidə, prezidentlər Vladimir Putin və İlham Əliyev, habelə baş nazir Nikol Paşinyan arasında imzalanıb. Və orada göstərilir ki, tərəflər delimitasiya və demarkasiya prosesinə başlamazdan əvvəl “təhlükəsizliyin yüksəldilməsinin təmin edilməsinə” dair tədbirlər görməlidir.
“Ermənistan istəyir ki, bu şərtlər yerinə yetirilsin. Azərbaycan və Ermənistan silahlı qüvvələri bir-birinə çox yaxın məsafədə yerləşdiyindən istənilən siyasi proses onsuz da gərgin olan atmosferi daha da gərginləşdirər. Ona görə də qoşunlar geri çəkilməlidir, sərhəddə isə sərhədçilər yerləşdirilməlidir. Bundan sonra delimitasiya prosesini başlatmaq olar. Göründüyü kimi burada ilkin şərt yoxdur, tərəflərin razılaşması var. Bu razılaşma yerinə yetirilsə heç bir sual da meydana çıxa bilməz”, – Qriqoryan deyib.
2021-ci il noyabrın 26-da Soçidə Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin qəbul etdiyi birgə bəyanatın  sərhəd məsələsinə dair bəndinə nəzər salaq:
-Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmağı və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə şərtləşdik.
Bu bənddə həqiqətən sərhəddə sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar barədə razılıq əldə olunduğu göstərilib, amma həmin ümumi ifadənin məhz qoşunların “güzgü prinsipi” ilə geri çəkilməsini də nəzərdə tutduğu haradan meydana çıxdı? Axı sərhəddə sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması kifayət qədər geniş anlayışdır, bura məsələn, tərəflərin atəşkəs rejiminə əməl etməsi də aid edilə bilər. Qoşunların qarşılıqlı olaraq geri çəkilməsi isə artıq konkret öhdəlikdir və həmin birgə bəyanatda belə öhdəliyin yer aldığına hər hansı eyham yoxdur. Əgər belə razılaşma vardısa və öhdəlik götürülmüşdüsə  bu, Soçi görüşünün ən mühüm və konkret nəticəsi olardı. Və tərəflər bu cür mühüm razılaşmanı hökmən birgə bəyanatda əks etdirməli idi.
Amma belə konkret anlaşma mövcud deyil və indi Ermənistan rəsmiləri “kreativ ideya”nı əsaslandırmaq üçün Soçi razılaşmasını öz istədikləri kimi yozmağa başlayıblar. Bu isə sərhədlərin müəyyən edilməsi üzrə birgə komissiyanın qurulmasını əngəlləyir. Aydın məsələdir ki, erməni tərəfinin “qoşunların geri çəkilməsi” kimi qeyri-real ideyanı irəli sürməkdə məqsədi Azərbaycan ordusunun Ermənistanla dövlət sərhədinin Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər istiqamətlərində praktiki olaraq bütün hakim mövqeləri tutub möhkəmlənməsi ilə bağlıdır. Azərbaycan tərəfi təbii ki, qoşunlarını həmin mövqelərdən geri çəkməyi nəzərdən keçirmir, keçirə bilməz.
Bu günlərdə xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan tərəfinin Ermənistanın Rusiyanın vasitəsilə təqdim etdiyi həmin təklifləri “qısa zamanda cavablandırıb onu rədd etdiyini” bəyan edəndə elə bunu nəzərdə tuturdu. Nazir xatırlatmışdı ki, delimitasiya və demarkasiya beynəlxalq səviyyədə oturuşmuş, şərtləri çoxdan bəlli olan və hamı tərəfindən qəbul edilən anlayışlardır. Prosesə başlamaq üçün əvvəlcə tərəflər bir-birlərinin ərazi bütövlüklərini tanıdıqlarına dair qarşılıqlı diplomatik notalar təqdim etməlidir. Bunun ardınca isə birgə komissiya formalaşdırılır.
C.Bayramov vurğulamışdı ki, delimitasiya prosesinin başlatmaq üçün ikitərəfli komissiyanın yaradılması istiqamətində Ermənistan tərəfi davamlı, ardıcıl yanaşma nümayiş etdirmir.
“Hesab edirik ki, bu prosesin başlanması üçün hansısa dırnaqarası icadlara və dırnaq arası kreativ yanaşmalara ehtiyac yoxdur. Beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlər tanınmalıdır. Komissiyanın işinə başlanılmalıdır. 30 il ərzində digər qonşu ölkənin torpaqlarının 20 faizə yaxın bir hissəsini işğal altında saxlayan, bütün beynəlxalq hüquq norma və prinsiplərini pozan bir dövlətin artıq işğal faktına son qoyulandan sonra bu prosesin müəyyənləşdirilməsi üçün hansısa ilkin şərtlər irəli sürməsinə hesab edirik ki, nə siyasi, nə hüquqi, nə də mənəvi haqqı var. Ermənistan dövləti bunu nə qədər tez anlayarsa, hesab edirik ki, proses bir o qədər tez başlaya bilər”, – Ceyhun Bayramov demişdi.
Hələlik rəsmi Bakının erməni tərəfinin Soçi bəyanatının həmin bəndini öz mövqeyinə uyğun yozmasına münasibəti açıqlanmayıb.
virtualaz.org