İran Ordusu Quru Qoşunları komandanı, briqada generalı Kiumars Heydəri Tehranda qılınan cümə namazında Azərbaycanı hədələyib.
Doğrudur, K. Heydəri konkret Azərbaycanın adını çəkməsə də, 2020-ci ildə baş vermiş 44 günlük müharibəni nəzərdə tutub.
K. Heydəri deyib ki, İranın əldə etdiyi informasiyaya görə, “Qeyri-legitim İsrail rejimi” qonşu ölkələrin birinin ərazisində fəaliyyət göstərib və regiondakı geopolitik şərtləri dəyişmək planlarına sahib olub.
Şübhəsiz ki, iranlı general “qonşu ölkələrdən birində” deyərkən, Azərbaycanı nəzərdə tutub. Heydəri deyib ki, həmin tarixlərdə İran Silahlı Qüvvələri ölkənin şimalında hərbi təlimlər keçirib və bəzi məlumatlar əldə edib. K. Heydəri onu da vurğulayıb ki, İran regionda “sionist rejim”in fəaliyyətini müşahidə edir və bu rejimin elementləri regionu tərk etməlidir.
Artıq demək olar ki, son həftələr, hətta son günlər İran tərəfindən Azərbaycana təhdidlərin sayı artır. Xatırladım ki, bir neçə gün bundan əvvəl SEPAH növbəti dəfə Ermənistanın xəritəsini yayaraq və bu ölkənin sərhədlərini xüsusi şəkildə vurğulayaraq, Azərbaycanı və Türkiyəni hədələyib.
Görünür, son günlər Ermənistan baş naziri Nikol Paşinyanın bu ölkənin parlamentində söylədikləri, Qarabağdakı separatçı rejimin rəhbərləri ilə erməni iqtidarı arasında yaşanan narazılıqlar Tehranı hərəkətə gətirib.
Üstəlik, Rusiyanın Ukraynada başının qarışması, Azərbaycan hərbçilərinin Fərrux kəndini ermənilərdən geri alması və Ağdərə istiqamətində irəliləyişi qonşu İranı narahat etməyə başlayıb.
Ümumiyyətlə, Qarabağda sülhün bərqərar olmaması, münaqişənin dondurulmuş vəziyyətdə onillərlə saxlanılması təkcə Rusiyanın yox, həm də İranın geosiyasi maraqları ilə üst-üstə düşür.
Digər tərəfdən, Tehran Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasında, regionda kommunikasiya sistemlərinin bərpasında da maraqlı deyil. Lakin hazırkı situasiya fərqlidir və Cənubi Qafqazda sülhün bərqərar olmasında Qərb də maraqlıdır. Məhz Əliyev və Paşinyan arasında keçirilən ardıcıl Brüssel görüşlərindən sonra açıqlanan bəyanatlarda Avropa İttifaqının Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanmasında maraqlı olduğunu görürük.
Təbii ki, bu, İranı narahat edir və Tehran Türkiyənin timsalında NATO-nun regiona daxil olmasına qəzəblənir.
O ki qaldı “Sionist rejim”söhbətinə, bunlar Tehranın ənənəvi bəhanələrindən biridir, ciddiyə almağa dəyməz.
Rejim “sionizm” kəlməsini öz teopolitik siyasətinin əsas bazisi kimi görür və İranda yaşayan milyonlarla azərbaycanlını bu kəlmə ilə Azərbaycanla üz-üzə qoyur.
Eyni zamanda, İranın xarici siyasət doktrinasında teopolitika həmişə aparıcı rol oynayıb. Yəni, bu, yeni mövzu deyil.
Follow @7timesaz