İdman

Almaniya-Argentina finalı necə reallaşa bilər? – Ehtimallar

Almaniya-Argentina finalı necə reallaşa bilər? – Ehtimallarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya çempionatında qrup mərhələsinin ilk turu tamamlandı. İlk tur da müzakirələr üçün xeyli material verir. Eləcə də, bəzi qənaətlərin çıxarılmasını mümkün edir.

Heç şübhəsiz ki, çempionatın ilk sensasiyası Argentina- Səudiyyə Ərəbistanı oyunudur. Çempionatın əvvəlində Argentina (Braziliyadan sonra) ən böyük favorit göstərilirdi. Eləcə də, Səudiyyə turnirin ən zəif komandalarından biri hesab olunurdu. Media Ərəbistanı “turist komandası” sayırdı. Elə Səudiyyənin fransız məşqçisi Erve Renar mətbuat konfransında “Biz bura istirahət etmək üçün gəlməmişik” sözləri də ciddi qəbul edilmədi.

Ancaq futbol çoxdandır ki, futbolçular qədər də, məşqçilərin oyunudur. Renarın qapıdan çox uzaqda qurduğu müdafiə səddi argentinalılar üçün keçilməz oldu. Argentinalılar oyun ərzində 10 dəfə oyundankənara düşdülər. Ofsayddan vurduqları üç qol da sayılmadı. Məğlubiyyətin əsas səbəblərindən biri də Argentinanın Messi ilə adaş olan məşqçisi Skaloninin Səudiyyə Ərəbistanının bu sərt müdafiə taktikası qarşısında heç bir həll yolu tapa bilməməsi idi.

Digər tərəfdən, Səudiyyənin yüksək fiziki hazırlıqlı atletik futbolu qarşısında Argentinanın yaşı 30-u keçmiş hücum xətti son dərəcə aciz görünürdü. 53-cü dəqiqədən Səudiyyədən ikinci qol buraxan argentinalıların, Messi başda olmaqla üzü ağappaq idi. Onlar sövq-təbii, oyunda məğlub olacaqlarını anlamışdılar. Ancaq uzatmalarla birgə keçən 46 dəqiqə ərzində komanda heç bir layiqli reaksiya verə bilmədi.

Argentina yığmasına qədər heç bir komandada baş məşqçi olmayan Skaloninin Səudiyyənin ikinci qolundan sonra həll yolu tapa bilməməsi tamamilə gözlənilən idi. Futbol, futbolçular qədər, ən az məşqçilərin də həlledici rol oynadığı bir dövrdə belə mütəxəssislə uğur qazanmaq heç də asan deyil.

Almaniyanın məğlubiyyəti də, sözsüz ki, ikinci sensasiya sayılmalıdır. Hərçənd, 2014-cü ilin çempionu olan almanlar Rusiyada keçirilən dünya çempionatında da qrupda qalmışdılar. Ancaq argentinalılara nəzərən, onların oynadığı futbol kifayət qədər baxımlı idi.

Almaniyanın çempionatdan əvvəl ən böyük probleminin hücumçu olduğu qeyd edilirdi. Bu problem Almaniya futbolunda əvvəldən də vardı. Ancaq “vuran ayağ”ı olan yarımmüdafiəçilərin hesabına hücumçu problemi müəyyən qədər həll edilirdi. Yaponiya ilə oyunda isə belə olmadı. Almaniya rəqib qapısına 26 zərbə endirdi və ötürmələrin 89 faizi də uğurlu idi. Ancaq futbolda qələbə qolla ölçülür. Almaniya bu məğlubiyyətlə öz işini çox çətinə saldı.

Almaniyanın növbəti mərhələyə çıxmaq üçün İspaniyaya qalib gəlməsi şərtdir. Almaniyanın qalib gələcəyi təqdirdə, Yaponiyanın da Kosta-Rikanı məğlub edəcəyini ehtimal etsək, Almaniya və İspaniyanın 3, Yaponiyanın isə 6 xalı olmuş olacaq. Üçüncü turda isə İspaniyaya Yaponiya üzərində qələbə hava və su kimi lazım olduğu halda, yaponlara heç-heçə də kifayət edəcək. İspaniyanın güclü yapon müdafiəsini həlledici bir oyunda keçməsi, heç də asan görünmür.

Yaponların ispanlara məğlubiyyəti isə onların qrupda qalması ilə də nəticələnə bilər. Belə olan halda, həm İspaniyanın, həm Yaponiyanın həm də Almaniyanın (Kosta-Rikaya qalib gəlsə) 6 xalı olmuş olacaq. Xallar eyni olduqda, top fərqi əsas götürülür. İspanlar Kosta-Rikaya vurduqları 7 qolla öz işlərini xeyli asanlaşdırıblar. Yaponiyanın Kosta-Rikaya almanlar qədər çox qol vuracağı uzaq ehtimaldır.

Almaniya İspaniya ilə heç-heç oynayarsa Yaponiyanın Kosta-Rika üzərində qələbə qazanacağını düşünsək, III tur ərəfəsində Almaniyanın1, İspaniyanın 4, Yaponiyanın isə 6 xalı olmuş olacaq. Belə olan halda isə son turda ispanların yaponlarla heç-heçə oynaması, onların növbəti mərhələyə keçməsinə kifayət edəcək. Hətta ispanlar üçüncü turda Yaponiyaya 1-0 hesabı ilə məğlub olsalar belə, növbəti mərhələyə keçə bilərlər. Ancaq bir istisna ilə… Almaniya Kosta-Rikaya 7 qol vurmamalıdır. Bir sözlə, İspaniya ilə oyunda qələbədən başqa hər hansı bir nəticə Almaniya üçün ölüm fərmanı olacaq.

Uğur ssenarisi Almaniyanın İspaniyaya qalib gəldiyi halda keçərlidir. Əks halda isə İspaniya-Yaponiya oyunu, sadəcə olaraq qalibi müəyyən etmək baxımından əhəmiyyət daşıyacaq.

Argentinaya gəldikdə, onun vəziyyəti Almaniyadan daha pisdir. Təcrübə göstərir ki, Argentina qapalı futbol qarşısında gücünü göstərə bilmir. Polşa və Meksika qarşısında da onların müvəffəq olacağını, yəni hər iki oyunda da qalib gələcəklərini söyləmək heç də asan deyil. Səudiyyə isə Polşaya qalib gəldiyi təqdirdə növbəti mərhələyə vəsiqə qazanacaq. Səudiyyənin qələbə qazandığı təqdirdə, Meksikanın Argentinanı məğlub etməsi onları növbəti mərhələyə çıxardacaq və qrupda üçüncü turun oyunlarını əhəmiyyətsiz edəcək.

2014-cü ildə dünya çempionatının finalında oynamış Almaniya və Argentinanın indi bu cür situasiya qarşısında qalması futbolun gözəlliyidir. Burda əbədi qaliblər ya da əbədi məğlublar yoxdur və heç zaman da olmamışdır. DÇ-2014-ün finalının təkrarlanması isə oyun təqviminə görə mümkün, amma bir xeyli də çətin və bəlkə də imkansızdır…

publika