Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Bunu 7Times.az-a açıqlamasında məlum Sərəncama münasibət bildirən Xalq şairi Sabir Rüstəmxanlı, Şuşanı türk ruhunun azadlığı şəhəri kimi xarakterizə edib, bu Sərəncamın Şuşanın tanıdılmasına böyük töhfə verəcəyini vurğulayıb:
“Dövlət başçısının məlum Sərəncamı vaxtında atılan mühüm bir addımdır. Şuşanın erməni işğalından azad olunması Qarabağ məsələsində bir dönüş nöqtəsi idi. Xalqımızın heysiyyatının, ləyaqətinin özünə qaytarılması idi. Bu, həm də Şuşada anadan olan, Şuşada yetişən dahilərin ruhunu sevindirmək demək idi. Təkcə Üzeyir bəyin adını çəkmək kifayətdir ki, Şuşanın dünya musiqi mədəniyyətindəki rolunun nə qədər böyük olduğunu hiss edəsən. Bülbül, Sadıqcan və onlarla bu qəbildən olan musiqiçinin adını çəkə bilərik. Əhməd bəy Ağaoğlu kimi şəxsiyyəti də hökmən qeyd etməliyik. O, çox önəmli bir şəxsiyyət olub. Nuru Paşa Bakıya gələndə,Əhməd bəy Ağaoğlu da onun siyasi müşaviri kimi gəlmiş, Türkiyədə millət vəkili olmuşdur.
Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsinin başqa səbəbləri də mövcuddur. Şuşanın 30 illik işğaldan sonra azad nəfəs alması, orada başlayan abadlıq işləri Şuşaya xüsusi önəm qazandırır. Şuşa türk ruhunun azadlığı şəhəridir. Şuşa məğlubedilməzlik simvoludur. Bu baxımdan, Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi qürurvericidir və bu fonda həyata keçiriləcək işlər Şuşanın, onun zəngin tarixinin və mədniyyətinin dünyada tanınması baxımından mühüm rol oynayacaq”.
Follow @7timesaz