“Doğrudan da, 1988-ci ilin payızında separatçı ermənilərin Topxanada meşəni qırması ilə, yəni ekoloji problemlə bağlı Şuşada, ardınca da Bakıda başlanmış xalq hərəkatı ilə iki gündür Şuşa-Xankəndi yolunda yenə də ekoloji problemlərlə bağlı davam edən aksiya arasında oxşarlıq var. Həm də ona görə ki, Qarabağdakı problemlər tam həllini tapmayıb. Və Azərbaycan da oradakı işləri tam nəzarətə götürməlidir. Birinci ekoloji məsələlərdən başlayıblar”.
Bu fikirləri 7Times.az-a açıqlamasında Milli İstiqlal partiyasının lideri, milli azadlıq hərəkatının aparıcı fəallarından biri olmuş Etibar Məmmədov 34 il öncə Şuşanın Topxana meşəsində erməni separatçılarının Azərbaycan hökumətinin icazəsi olmadan tikinti apararaq, ağacları doğrayaraq ekologiyaya ziyan vurmasına qarşı Şuşada, ardınca da Bakı və digər şəhərlərdə başlanan xalq etirazlarıyla artıq ikinci axşamdır Azərbaycan ictimai fəllarının Xankəndi-Şuşa-Laçın yolunun bağlanmasıyla davam edən etiraz aksiyası arasındakı oxşarlıqdan danışarkən ifadə edib.
“Təbii ki, Qarabağ və Şərqi Zəngəzurun bir hissəsindəki bütün təbii sərvətləri, o cümlədən faydalı qazıntı, filiz mədənlərini nəzarətə götürmək Azərbaycan dövlətinin haqqıdır. Birinci mərhələdə separatçılar mədənlərdə monitorinq işləri aparmağa imkan vermədi. Azərbaycan tərəfinin güc tətbiq etmək haqqı olsa da, bu, hələ tezdir. İlk mərhələdə bu işə ictimaiyyət cəlb olunub. Və ürəkaçandır ki, gənclərdən tutmuş yaşlı insanlaradək Şuşadakı hər kəs bu aksiyada iştirak edir, ona dəstək verir. Odur ki, əvvəl-axır Rusiya “sülhməramlı”larının komandanlığı məcbur olub Azərbaycanın tələblərini yerinə yetirməlidir”,- deyə partiya lideri əlavə edib.
“1988-ci ilin payızında Moskvanın nümayəndəsi kimi Xankəndində fəaliyyət göstərən Arkadi Volski Topxanada ermənilərin işlərinin dayandırılmasıyla bağlı Azərbaycan tərəfinin tələblərini yerinə yetirmirdi. Onun ermənipərəstliyi tam bəlli idi. Bəs bu Volkov nəyi göszləyir? Nədən etirazçıların qarşısına çıxmır? Üzü yoxdur çıxmağa? Yoxsa yalnız Moskvanın qərarını gözləyir?” sualını həmsöhbətimiz belə cavablandırıb.
“Əslində onların Qarabağa gələnləri hamısı ermənipərəstdir… Əlbəttə ki, Volkov da Moskvanın əsgəridir, Kremldən göstəriş olmasa, bir addım da kənara ata bilməz. Ona görə də bu general, necə deyərlər, siyasi qərar gözləyir. Hələki həmin qərar da yoxdur… Təbii ki, Azərbaycan tərəfi də təzyiqi artıracaq. Əsas odur ki, Qarabağdan Ermənistana gedən yol bağlıdır. Rusiya “sülhməramlı”ları da heç vaxt güc tətbiq etməyə cəhd göstərə bilməzlər. Çünki cavabı onlar üçün çox ağır olar. Heç beynəlxalq mandatları da yoxdur. Ona görə də əvvəl-axır Azərbaycan ictimaiyyətinin tələbləri qarşısında geri çəkilməlidirlər”.
“Moskva özü nə fikirləşir, nəyi gözləyir sizcə? Yəni demək istəyir ki, mən özüm Qarabağda nə bilirəm, onu edəcəm, sizi saya salmıram?” sualına cavabında isə partiya lideri bunları söyləyib:
“Bilirsiz, Moskva, demək olar ki, yoxdur artıq… Çünki hazırda Kremldə vahid siyasət aparan bir mərkəz yoxdur. Hər hakimiyyət klanı bir cür hərəkət edir. Ona görə də ən yuxarı səviyyədə siyasi rəhbərlik vahid bir qərara gəlməyincə Azərbaycanın “sülhməramlı”larla problemləri davam edəcək. Yəni bu günkü ekoloji məsələlərə reaksiya da, bundan əvvəl Qarabağdakı toponimlərin Rusiya Müdafiə Nazirliyinin təqdim etdiyi xəritələrdə düzgün əks olunmaması məsələsi də – hamısı Moskvadakı qarışıqlığın, vahid siyasi-hərbi komandanın olmamasının nəticəsidir”- deyə istiqlalçı deputat vurğulayıb.