Vaşinqton ABŞ və Rusiya diplomatları arasında dünən İstanbulda keçirilən danışıqları konstruktiv qiymətləndirir.
ABŞ Dövlət Departamentinin məlumatına görə, Vaşinqton bank və müqavilə xidmətlərinə çıxış imkanından narahatlığını ifadə edib, həmçinin ABŞ-ın Moskvadakı səfirliyinin əməkdaşlarının artırılmasının vacibliyini vurğulayıb.
“Konstruktiv müzakirələr nəticəsində hər iki tərəf missiyaların fəaliyyətinin sabitləşdirilməsi istiqamətində ilkin aydın addımlara ehtiyac olduğunu qeyd ediblər”, – məlumatda deyilir.
Həmçinin qeyd edilir ki, ABŞ nümayəndə heyətinə dövlət katibinin Rusiya və Mərkəzi Avropa məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter, Rusiya nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin direktoru səfir Aleksandr Darçiyev rəhbərlik edib.
Kulter və Darçiyev yaxın vaxtlarda bu məsələlərlə bağlı daha bir görüş təşkil etmək barədə razılığa gəliblər. Tarixlər və yerlə bağlı hələlik heç bir qərar verilməyib.
ABŞ baş konsulunun iqamətgahında bağlı qapılar arxasında keçirilən görüş təxminən altı saat yarım davam edib və sonda mətbuata açıqlama verilməyib. Bu, son on gündə supergüclərin yüksək rütbəli diplomatlarının ikinci qapalı görüşü idi.
Rusiya Prezidenti Vladimir Putin cümə axşamı İstanbulda ABŞ və Rusiya diplomatları arasında danışıqlar zamanı Donald Trampın yeni administrasiyası ilə ilkin təmasların ümidverici olduğunu bildirib.
“Dövlətlərarası münasibətlərin bərpası və qlobal təhlükəsizlik ətrafında toplanmış nəhəng sistemli və strateji problemlərin mərhələli şəkildə həlli istiqamətində işləmək üçün qarşılıqlı öhdəlik var”, – Putin Federal Təhlükəsizlik Xidmətinin iclasında deyib.
“AzPolitika.info”
Follow @7timesaz