Xalq artisti Eldəniz Zeynalovun özü kimi aktyor oğlu Məmməd Zeynalov dekabrın 25-də dünyasını dəyişib.
7times.az kulis.az-a istinadən Məmməd Zeynalov haqqında maraqlı məlumatları təqdim edir:
Məmməd Eldəniz oğlu Zeynalov 1978-ci ildə Bakı şəhərində Xalq artisti Eldəniz Zeynalovun ailəsində dünyaya gəlib. Özündən başqa Elbrus adlı bir qardaşı, Gülbəniz adlı bacısı olub. Atasının birinci xanımından olan Aybəniz adlı bacısı isə Londonda yaşayıb.
Ögey bacısı Məhəmmədi dəfələrlə Londona yanına dəvət etsə də, maddi imkan olmadığından bacısının yanına gedə bilməyib.
Məmməd Zeynalov aktyor olmaq istəyəndə atası Eldəniz Zeynalov bərk əsəbləşib, oğlunun üstünə qışqırıb deyir, get, işinlə məşğul ol, otur yerində. Neynirsən aktyor olmağı. Mən bu sənətdə o qədər əziyyətlər görmüşəm ki, istəmirəm siz də həmin əziyyətləri çəkəsiniz.
Məmməd atası ilə bağlı müsahibələrinin birində deyir:
“Uşaqlıqdan həmişə aktyorluq sənətinə həvəsim olub. Atam deyirdi ki, Məmməddən yaxşı aktyor olacaq. Bu yəqin ki, gendən gəlir. Çünki atamın dayısı Həsənağa Salayev də məşhur aktyor idi. Amma atam mənim aktyor olmağımı istəmirdi, həmişə bizi başqa sahəyə yönəldirdi”.
Ancaq atası dünyasını dəyişəndən sonra Məmməd İncəsənət Universitetinə daxil olur. Vaxtaşırı KVN teatrının tərkibində epizodik rollarla çıxış edir. İncəsənət universitetini bitirəndən sonra vaxtilə atasının işlədiyi Akademik Milli Dram Teatrında “İmzanın hökmü”, “Körpüdən mənzərə” tamaşalarında rollar ifa edir. Atasının dostları Yaşar Nuri, Telman Adıgözəlovla tərəf müqabili olur.
Bir il teatrda ştatdankənar fəaliyyət göstərəndən sonra ailəsini dolandırmaq məcburiyyətində qaldığından teatrdan uzaqlaşıb tikintidə gözətçi kimi işləməyə başlayır. Bir ildən keçir, onu yenidən Azdramaya işə dəvət edirlər. O, isə imtina edib getmir. Məmməd Zeynalov 2014-cü ildən İrəvan Dram Teatrında fəaliyyətini davam etdirir.
Aktyor 2018-ci ildə İrəvan teatrının tərkibində “Sərhədsiz teatr” III Şəki Beynəlxalq teatr festivalında dramaturq Cəfər Cabbarlının “Vəfalı Səriyyə” pyesi əsasında hazırlanan tamaşada aparıcı rollardan birini ifa edir.
Lakin, ömrünün ən gözəl illərində, gənclik çağında Məmməd qəfildən insult keçirir. Bir müddət müalicə olunub sağalandan sonra böyrəklərində problem yaranır. Uzun müddət müalicə alan Məmmədə böyrək donoru lazım olur. Buna maddi gücü çatmayan Məmməd bacısı ilə efirə çıxıb müalicəsi üçün kömək istəyir. Məmmədin müraciətindən sonra onun adına açılmış hesaba bir gecədə yüz min manat vəsait toplanır.
Ailəli olan Məmməd Zeynalov 2017-ci ilin noyabr ayında ata olur. Onun bir oğlu dünyaya gəlir. Məmməd atasına hörmət əlaməti olaraq oğlunun adını Eldəniz qoyur.
Xəstəliyinin ən pis dövrlərində belə nikbin ovqatını itirməyən Məmməd müsahibələrində keçmiş günlərini, atasını xatırlayaraq deyir:
“Balaca vaxtı uşaqlar arasında ən dəcəli mən idim. Buna görə də atam ən çox məni cəzalandırırdı. Hirsləndirəndə məni bloka çıxardardı. Atam kimi aktyor olsam da, heç vaxt onun kimi məşhur ola bilmərəm. Eldəniz, Eldəniz idi. Atam dünyasını dəyişəndən sonra mən doyunca yaşaya bilmədim. Mən hələ o illərdə, uşaqlığımda qalmışam. İndi də aktyorluqla məşğul olmağa xəstəliyim imkan vermir. Hər gün xəstəxanaya gedib gəlirəm. Elə bil ki, işə gedirəm. Xəstəliyimlə bağlı zülm çəkirəm. Sənət heç yadıma düşmür. Ümidim var ki, sağalıb yenə də sənətimlə məşğul olaram. Atamı itirəndən sonra ailədə maddi çətinliklərlə üzləşdik. Eldənizin sağlığında süfrəmizin başında olan insanlar bizi tərk etdilər. Halbuki o bütün sənət yoldaşlarına yaxşı olub. O özü əziyyəti görmüşdü. Mənə xəstəlik imkan vermədi ki, sənətimlə məşğul olum. Akademik Milli Dram teatrında qalsaydım bəlkə də indiyə qədər fəxri adım var idi. Məni səhnədə görənlər deyirdi ki, elə bil Eldənizin cavanlığıdır”.
Böyrək xəstəliyi ilə yanaşı Məmməd Zeynalova ağ ciyər xərçəngi diaqnozu qoyulur. Uzun müddətli müalicələr heç bir nəticə vermir. Aktyor 2021-ci il dekabrın 25-də səhər vaxtı yaşadığı evdə 43 yaşında dünyasını dəyişir.
Follow @7timesaz