CİNAYƏT İŞİ
qısa arayış…
Səhərə yaxın idi. Günay çarpayıda uzanmış ərinə yaxınlaşır və küt alətlə başına zərbə endirir. Bununla da kifayətlənmir, kürəyinə 19 dəfə ardıcıl zərbə vurur. Məqsədi ərini öldürmək idi…
2 “Jiquli” toqquşdu – 1 ÖLÜ, 4 YARALI -FOTO -YENİLƏNİB-2
Bakıda 7 yaşlı qız DƏNİZDƏ BATDI
Kafedə müştərinin 7 min manatı OĞURLANDI
Ətraflı
Ad – 00:03
2021-ci il martın 7-si səhər saat 04:35-də Günay Şıxəliyeva DİN-in 102 xidmətinə zəng edərək, yaşadığı evdə həyat yoldaşı Mahir Şıxəliyevi öldürdüyünü bildirib. Bundan dərhal sonra Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin növbətçi hissəsindən rayon prokurorluğuna hadisə barədə məlumat verilib.
Hadisə yerinə – Yeni Suraxanı qəsəbəsi, A.Şəfiyev küçəsi, 10 ünvanında yerləşən evə baxış keçirilib. Çarpayıda, baş nahiyəsində çoxsaylı xəsarətlərlə, üzü üstə Mahir Şıxəliyevin (1976-cı il təv.) meyiti, otağın döşəməsində və divarlarında qan ləkələri, cəsəddən sağ tərəfdə divara söykənilmiş dəmir ling aşkar edilib.
Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Mahir Şıxəliyevin ölümünə – kəllə sümüklərinin sınığı nəticəsində beyinə qansızma səbəb olub. Qanında 0.7 % qatılığında etil spirti aşkar edilib.
Lent.az həmin cinayət işinin istintaq materiallarını təqdim edir:
İstintaqla müəyyən edilib ki, martın 6-sı saat 20 radələrində Mahir Şıxəliyev yaşadıqları evə sərxoş halda gəlib, yenidən, əsaslı səbəb olmadan mübahisə yaradaraq ona və azyaşlı övladlarının ünvanlarına nalayiq ifadələr işlədib. Uzun müddət ailəsinə istirab verdiyinə görə Günay Şıxəliyeva ərini öldürmək qərarına gəlib. Bu məqsədlə saat 23 radələrində yataq otağında, çarpayıda uzanmış Mahir Şıxəliyevə yaxınlaşaraq, soyuq silah hesab edilməyən dəmir linglə baş və kürək nahiyələrinə ümumilikdə 19 dəfə zərbə endirib. Bu hərəkəti ilə, Günay Şıxəliyeva zərərçəkmişi qəsdən həyatdan
məhrum edib.
İş üzrə dindirilən Günay Şıxəliyeva bildirib ki, 1980-ci il ildə Bakı şəhərində anadan olub, 2004-cü ildə Mahir Şıxəliyevlə ailə həyatı qurub, nikahdan 2 övladları dünyaya gəlib. Onun sözlərinə görə, əri Yeni Suraxanı qəsəbəsində müxtəlif sexlərdə mebel ustası kimi işləsə də, ailəni normal dolandırmayıb:
“Toyumuzdan 2-3 il sonra, Mahir demək olar ki, hər gün spirtli içki qəbul edib, tüfeyli həyat tərzi keçirməyə başlayıb. Mütəmadi olaraq evə sərxoş vəziyyətdə gəlirdi, məni və uşaqları incidirdi, nalayiq, alçaldıcı ifadələrlə təhqir edirdi. Yoldaşımın mənə və övladlarıma qarşı hərəkətləri barədə atama danışdım. Ərimlə boşanmaq istədiyimi bildirsəm də, atam hər şeyi uşaqlarıma bağışlayıb, Mahirə güzəştə getməyimi məsləhət gördü.
2021-ci il marıtn 6-da axşam yenə də sərxoş vəziyyətdə evə gəldi, əsassız yerə söz-söhbət yaradıb, mübahisə etməyə başladı. Mahir məni yumruqla vurmaq istəyərkən oğlum Fərid atasının qarşısına keçib buna mane oldu. Ərim oğlumun üzünə yumruqla zərbə endirəndə, Fərid müvazinətini saxlaya bilməyib, yerə yıxıldı. Mətbəx bıçağını götürüb oğlumun boğazına sıxıb, onu öldürəcəyini dedi. “İndi özümdə deyiləm, sabah sizinlə hesablaşacağam” söyləyib, uşaqların yatdığı otağa keçdi. Oğlum Elşənin yatdığı çarpayıda oturub, siqaret çəkərək, öz-özünə danışdı. Yerə tüpürərək, ona döşəməni təmizləməsini dedi. Bundan sonra, övladlarımı sakitləşdirim onları yatızdırdım. Saat 23 radələrində otaqdan çıxarkən Mahirin çarpayıda uzanıb, əlindəki telefonda meyxanaya qulaq asdığını gördüm. O, yenidən döşəməni təmizləməyimi bildirəndə, düşündüm ki, təklikdə mənə nəsə edə bilər. Bu səbəbdən cəld evdən çıxaraq, hamam otağında olan, həyətdə müəyyən qazma işlərində, uzun illər istifadə etdiyimiz dəmir lingi (lomu) götürüb, evə qayıtdım. İçəri dəhlizdən yox, digər qonşu otaqdan daxil oldum ki, Mahir məni görməsin. Otağın girişi ərimin uzandığı çarpayının baş hissəsində idi. Otağa daxil olan kimi dərhal küt alətlə Mahirin baş nahiyəsinə 2 zərbə endirdim. O, sağ böyrü üstə uzanmışdı. Ardınca otağın ortasına keçərək, artıq tam hərəkətsiz vəziyyətdə olan yoldaşımın başına və kürəyinə çoxsaylı zərbələr vurdum. Əllərim və otağın divarları qana boyanmışdı. Mahirin xırıldadığını eşidib, zərbələri dayandırdım. Mətbəxdə əllərimi yuyub, əynimdəki qana bulaşmış köynəyi və idman gödəkçəsini dəyişdim. Otağa qayıdaraq, işığı yandırmadan oturub, ərimin xırıltısının tam kəsilməsini gözlədim. Bir neçə saatdan sonra əllərinin soyuq olduğunu görərək, artıq öldüyünü başa düşdüm”.
Səhər saat 5 radələrində Günay Mahirin mobil telefonunu götürüb 102 xidmətinə zəng edib. Yaşadığı ünvana polis əməkdaşları gəldikdən sonra, uşaqlarını yuxudan oyadıb, onları yaxınlıqda yaşayan atasıgilə yola salıb.
Günay Şıxəliyeva verilmiş suallara cavab olaraq bildirib ki, cinayəti tək törədim. O, həmin gün intihar etmək niyyətində olduğunu da deyib, lakin övladlarının sonrakı taleyini düşünərək bu fikrindən daşınıb.
Günay Şıxəliyeva əlavə edib ki, Mahir uşaqlarını mağazaya nisyə siqaret və içki almağa göndərəndə, buna etiraz edirmiş. Bu zəmində dəfələrlə mübahisələri yaranıb. Ərinin mağazalara olan bütün borclarını onun atası ödəyib.
Zərərçəkmiş şəxsin hüquqi varisi Mətanət Sultanova ifadəsində bildirib ki, qardaşı həddindən artıq spirtli içki qəbul edib və tüfeyli həyat tərzi keçirib, əsassız yerə ailə üzvlərini incidib:
“Mahirin arvadı Günay tərəfindən yaşadıqları evdə öldürülməsi barədə martın 7-də qəsəbə sakinlərindən eşitdim. Günay ərini, onunla kobud, qeyri-etik davranması səbəbindən qətlə yetirib”.
Şahid Arif Səmədov ifadəsində deyib ki, martın 7-si səhər saat 6 radələrində nəvələri Fərid və Elşən onlara gəlib:
“Nəvələrim Günayın Mahiri öldürdüyünü bildiriblər. Dərhal qızımın yaşadığı evə yollandım, polis əməkdaşlarını gördüm. Günayın həqiqətən də yoldaşını öldürdüyünü dəqiqləşdirdim. Kürəkənim qızımla ilə həmişə kobud rəftar edib, təhqir edərək, onu döyüb”.
Şahid Südabə Rzayevanın ifadəsinə görə, Yeni Suraxanı qəsəbəsində, Günay Şıxəliyeva ilə qonşuluqda yaşayıb:
“Günay əxlaqlı qadın olub, onun əri Mahir isə tüfeyli həyat tərzi keçirib. Yoldaşı mütəmadi evə sərxoş vəziyyətdə gəlib, ailə üzvləri ilə amansız rəftar edib. Dəfələrlə evlərindən qadının və övladlarının qışqırıq səslərini eşitmişəm. Mahirin bu davranışına görə, qəsəbədə heç kim onunla münasibət saxlamırdı. Martın 7-də səhər mağazaya gedərkən, Günayın ərini öldürdüyünü eşitdim. Hadisə yerində polis əməkdaşları olduğundan hadisənin necə baş verdiyini qonşumdan soruşa bilmədim”.
İşi üzrə Günay Şıxəliyeva və övladlarının ifadələrindən müəyyən edilib ki, Mahir Şıxəliyev martın 6-da oğlu Fərid Şıxəliyevi bıçaqla qorxudaraq onu ölümlə hədələyib. Qeyd olunan xüsusat CM-nin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə cinayət məsuliyyətinə səbəb olub.
Lakin Mahir Şıxalıyevin öldüyünü və bacısı Mətanət Sultanovanın Suraxanı rayon prokurorluğuna təqdim etdiyi ərizəsini nəzərə alaraq CM-nin 133.1-ci (əzab vermə) və 134-cü maddələri ilə cinayət təqibinə bəraətverici əsas olmadan xitam verilib.
Məhkəmə-psixoloji ekspertizasının rəyinə görə, Günay Şıxəliyevanın hərəkəti CM-in 21-ci (anlaqsızlıq) maddəsinin təsiri altına düşməyib.
Məhkəmə iclasında Günay Şıxəliyeva ittiham üzrə özünü qismən təqsirli bilib. Qeyd edib ki, irəli sürülmüş ittihamla razı deyil. Araşdırıb, əməlinin CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməsini və barəsində ədalətli qərar qəbul edilməsini istəyib.
Zərərçəkmiş şəxsin hüquqi varisi bildirib ki, təqsirləndirilən şəxsi bağışlayır, şikayəti və tələbi yoxdur. Ona yüngül cəza təyin edilməsini xahiş edib.
İş üzrə prokurorluqda və məhkəmə baxışı zamanı Günay Şıxəliyevanın Mahir Şıxəliyevi məhz yatmış halda qəsdən öldürməsi barədə mötəbər sübut əldə olunmayıb.
CPM-nin 351-ci maddəsinin tələblərinə görə, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.
Odur ki, məhkəmə sübutlara obyektiv qiymət verməklə hesab edib ki, ibtidai istintaq orqanı tərəfindən Günay Şıxəliyevanın əməli CM-nin 120.2.9-cu (köməksiz vəziyyətdə qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilməyib.
Təqsirləndirilən şəxsin əməli 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir.
Məhkəmə himayəsində 2 azyaşlı övladının olmasını, cinayətin, zərərçəkmişin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, könüllü gəlib təqsirini boynuna almasını və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını Günay Şıxəliyevanın cəzasını yüngülləşdirən hallar kimi nəzərə alıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Günay Şıxəliyeva 9 il müddətinə azadlıqdan məhrum olunub.
Follow @7timesaz