Latviyda “Avroviziya”da iştirakla bağlı etirazlar yaranıb.
7Times.az xəbər verir ki, ölkənin Seym Komissiyası bununla bağlı bəyanatlarla çıxış edib. Belə ki, Latviyanın sözügedən müsabiqə üçün ayırdığı pulun idman sahəsinə yönləndirilməsi təklif edilib.
Belə bir təşəbbüslə “Manabalss.lv” portalında artıq 11 mindən çox imza toplanılıb.
Qeyd olunub ki, Latviya müsabiqə üçün hər il 170 min avro ayırır. Yarışmaya göndəriləcək adı seçmək üçün isə təşkil olunan müsabiqəyə 190 min avro xərclənir. Ölkədə idmanın inkişafına ayrıla bilinəcək pulun bu məqsədlə xərclənməsi qəzəb doğurub.
Bununla bağlı təşəbbüsün müəllifi Kristaps Boqdanoviçdir. Onun sözlərinə görə, mahnı müsabiqəsində iştirak edən insanlar özlərini “əxlaqsız aparmağa və bunu normal bir hal kimi reklam etməyə” meyllidirlər. O, həmçinin vurğulayır ki, müxtəlif səbəblərdən, o cümlədən maliyyə səbəblərindən “Avroviziya”da iştirak etməyən Avropa ölkələri var.
K.Boqdanoviçin fikrincə, müsabiqədən daha vacib olan Dünya Çempionatında iştirak üçün Latviya Biatlon Federasiyasının ianə toplamalı olması normal hal deyil.
Öz növbəsində, Latviya Televiziyasının (LTV) proqramlaşdırma departamentinin direktoru Yana Semyonova musiqi ilə idmanı qarşı-qarşıya qoymağın düzgün olmadığını vurğulayıb. Yarışmada Latviya təmsilçilərinin yaxşı nəticələr əldə etməməsi ilə bağlı ittihamları şərh edən Semyonova qeyd edib ki, idmanda nəticələri görmək və ölçmək nisbətən asan olur. Lakin idmançıların nəticələri yaxşı olmadığı halda belə onlara dəstək verilir.
LTV nümayəndəsi vurğulayır ki, mahnı müsabiqəsi musiqi sənayesi üçün çox vacibdir. Latviyanı bu il 200 mindən çox insan izləyib, 55 min nəfər isə ölkəyə səs verib.
Qeyd edək ki, bu il “Avroviziya”da iştirak Latviyaya 170 min avroya (312 min manatdan çox) başa gəlib. “Hollow” mahnısı ilə latviyalı iştirakçı Dons müsabiqənin finalında 16-cı yeri tutub.
Axşam.az
Follow @7timesaz