Bakı hazırda özünün gözəlliyi ilə dünyanın bir çox şəhərləri ilə yanaşı durur. Bu gün paytaxtımız elə bir tarixi məqamına gəlib çatıb ki, bu inkişaf Bakıya yolu düşən hər kəsi heyran qoyur. Əlbəttə, bütün bunlar səbəbsiz deyil. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Bakı şəhərinə, onun zahiri gözəlliyinə, siyasi, iqtisadi, mədəni inkişafına diqqət o qədər böyükdür ki, bunu təkcə ölkə vətəndaşları deyil, xarici dövlətlərdən Azərbaycana gələn, paytaxtımızı görən insanların hamısı etiraf edir. Bir-iki il əvvəl Bakıda olmuş xarici qonaqlar növbəti dəfə paytaxtımıza gələndə onu tanıya bilmədiklərini, şəhərin çox sürətlə inkişaf etdiyini söyləyirlər. Mövcud park və xiyabanların yenidən qurulması və yenilərinin salınması Bakının müasir görünüşünə və ekoloji vəziyyətinə müsbət təsir edən əsas amillərdəndir.
“Çəmbərəkənd”parkı şəhərimizin gözəlliyinə əlavə olunan yeni gözəllikdir
Son zamanlar Səbail rayonunda həyata keçirilən nəhəng infrastruktur layihələri paytaxtımızda gedən inkişafın ən bariz göstəricilərindən sayılır. Bu layihələr sırasında müasir park və xiyabanların, istirahət mərkəzlərinin salınması xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. Çünki dövlətimiz vətəndaşlarımızın rifahını, onların asudə vaxtlarının səmərəli keçməsini hər zaman diqqət mərkəzində saxlayaraq bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.
Artıq müasir Bakı bir neçə il əvvəl gördüyümüz şəhər deyil. Köhnə məhəllələri, parkları yeniləri əvəzləyir ki, bu da hər bir insanın qəlbində qürur hissi oyadır. Yeni park, istirahət məkanı və guşələrinin yaradılması, əhaliyə xidmət göstərən müasir infrastrukturun qurulması insanların rahatlığına, gözəl istirahətinə yönəlmiş layihələrdir. Paytaxtımızın Səbail rayonunda yeni salınmış “Çəmbərəkənd” parkı da bu istiqamətdə görülən işlərin davamıdır. Dövlət başçısının Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən yenilənən park, ilk növbədə, şəhər sakinlərinin istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edəcək. “Çəmbərəkənd” parkında tarixiliyin və müasirliyin vəhdəti xüsusi zövqlə işlənib. Bu gözəllik insanların əsəblərinin sakitləşməsi üçün əvəzsiz nemətdir. Park artıq yenidənqurma işlərindən sonra vətəndaşların istifadəsinə verilib. Yeni salınan ərazi şəhərimizin gözəlliyinə əlavə olunan yeni gözəllikdir.
Prezident İlham Əliyevin Azərbaycanın inkişafı ilə bağlı müəyyənləşdirdiyi strategiyada Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində görülən işlərin miqyası ilbəil daha da artır. Son illərdə paytaxt sakinlərinin və şəhərimizə gələn qonaqların rahatlığına xidmət edən çoxlu müasir sosial infrastruktur layihələri icra edilib, yeni park və xiyabanlar, istirahət guşələri yaradılıb. Dövlətimizin başçısının təşəbbüsü ilə paytaxtın Səbail rayonunda salınan “Çəmbərəkənd” parkı da onlardan biridir. Burada görülən işlər ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi olmaqla paytaxtımızın daha da gözəlləşməsinə xidmət edir.
Paytaxtın Həsən Seyidbəyli küçəsində istifadəsiz ərazidə salınmış yeni parkda yaşıllaşdırma işləri aparılıb, 1200 metr uzunluğunda piyada yolları salınıb, sakinlərin mənalı istirahəti və asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb. Digər parklardan fərqli olaraq ərazidə estakada üzərində piyadalar üçün 147 metr uzunluğunda körpü salınıb, şəhər mənzərəli iki terras düzəldilib, müasir standartlara cavab verən fəvvarə inşa edilib, ərazidə iaşə obyekti, sanitar qovşaq və inzibati bina tikilib.
Parkda şəhər mənzərəli iki terras düzəldilib, müasir standartlara cavab verən fəvvarə inşa edilib, ərazidə iaşə obyekti, sanitar qovşaq və inzibati bina tikilib. Ərazinin relyefinə uyğun olaraq sürüşmənin qarşısını almaq üçün istinad divarı çəkilib. Həmçinin müasir idman və uşaq əyləncə qurğuları quraşdırılıb. Ərazisi 4 hektar olan parkın yaşıllıq sahəsinə qazon örtük döşənib, 50 mindən çox müxtəlif növ ağac, kol və güllər əkilib. Yaradılan bu park Müasir layihə əsasında şəhərsalmanın standartlarına və müasir tələblərə uyğun şəkildə qurulub. Ərazi yüksək səviyyəli infrastruktur əsasında abadlaşdırılıb. Yeni park həm də şəhərin sosial-ekoloji vəziyyətinin yaxşılaşması baxımından əhəmiyyətlidir. Beləliklə, “Çəmbərəkənd” parkı paytaxtda aparılan abadlıq-quruculuq işlərinə mühüm töhfə verməklə ölkənin sosial-ekoloji hədəflərinin reallaşdırılmasının davamlı xarakter aldığını bir daha təsdiqləyir.
Piknik məkanı, möhtəşəm fəvvarə, uşaqlar üçün attraksionlar
Park ərazisində azyaşlı sakinlərin rahat istirahəti üçün də şərait yaradılıb. Belə ki, müasir idman və uşaq əyləncə qurğuları quraşdırılıb. Parkdakı şəraitə ən çox sevinən isə, şübhəsiz ki, uşaqlardır. Havalar isindiyindən buraya gələn uşaqların sayı da artıb. Parka axın edən uşaqlar labirint əyləncə sahəsindən, müxtəlif atraksionlardan və sürüşkənlərdən əylənməklə, sözün əsl mənasında, uşaqlığın dadını çıxarırlar. Onlar valideynləri ilə parka gələrək uşaqlar üçün ərazidə yaradılmış əyləncə kompleksindən və oyun meydançalarından doyunca istifadə edirlər. Burada əhalinin rahat piknik etməsi üçün söhbətgahlar, köşklər quraşdırılıb. Ərazidə müasir standartlara cavab verən fəvvarə inşa edilib. Uşaqlar üçün ayrılan oyun meydançasında valideynlərin oturması üçün də 10 ədəd oturacaq quraşdırılıb. Parka üz tutan sakinlər istirahət üçün yaradılan şəraitdən razı qaldıqlarını deyirlər. İnsanlar parkın səliqəli qalması üçün hər kəsi təmizliyə riayət etməyə, yaşıllıqları qorumağa çağırıblar.
Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün dövlət səviyyəsində həyata keçirilən layihələrə birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da xüsusi diqqət yetirir. Fond ölkəmizdə yeni yaşıllıqların salınması və mövcud yaşıllıq sahələrinin qorunması üzrə layihələr icra edir. Bu sahədə Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə ekoloji durumun daha da yaxşılaşdırılması, yeni yaşıllıqların salınması məqsədilə icra olunan layihələrin də mühüm rolu var.
Yeni parkın açılışı paytaxt sakinlərini sevindirdi, hər kəsin üzündə məmnunluq var…
Yeni parkın salınması xəbəri xüsusilə də Bakı sakinlərinin ürəyincədir. Yeni açılan parkla bağlı vətəndaşlar fikirlərini bizimlə bölüşüblər. Müsahibim paytaxt sakini Abasova Sayalı deyir ki, yeni salınmış “Çəmbərəkənd” parkında böyüklərin və uşaqların istirahət etməsi, əylənməsi üçün hər cür şərait yaradılıb:
“Bütün əməyi keçənlərə öz dərin təşəkkürümü bildirirəm. Cənab Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm ki, hər zaman vətəndaşların rifahını düşünür” – deyə o qeyd edib.
Sakinlər asudə vaxtlarında gəlib burada istirahət edir, onun gözəlliyindən zövq alırlar. Təqaüdçü Samir Şirvanzadə parka yaxın ərazidə yaşayır. Parkın açılışından sonra fürsət tapdıqca nəvəsi ilə birgə bura gəlir:
“Açılışdan sonra nəvəmi də götürüb parka istirahət etməyə gəldim. Parka gələndə gözlərimə inana bilmədim. Əvvəlki parkdan heç bir əlamət qalmamışdı. Bütün əməyi keçənlərə öz dərin təşəkkürümü bildirirəm”.
Digər sakin Səmral Cavadov isə şəhərin müxtəlif rayonlarında əhalinin asudə vaxtının təşkili üçün saysız-hesabsız müasir parkların istifadəyə verildiyini vurğulayıb:
“Bakı gündən-günə dəyişir, gözəlləşir və müasirləşir. Fəxrlə deyə bilərəm ki, şəhərimiz indi təkcə öz müasir tikililəri, tarixi abidələri ilə deyil, həm də parkları, yaşılllıqları ilə tanınır və sevilir”.
Bir-birinə yaxın tikilən daxmalar…
Tarixi mənbələrdə qeyd olunur ki, Çəmbərəkənd Bakı şəhərində coğrafi ərazi və keçmiş yaşayış sahəsidir. Bura kənd adı ilə məşhur ərazi olmuşdur. İndiki Nazirlər Kabineti binasının yaxınlığındakı inzibati binaların salındığı yerdən, Şəhidlər Xiyabanına qədər olan ərazini əhatə etmişdir. Çəmbərəkənd təxminən 1840-cı illərdə yerli yoxsullar, əsasən də dənizçilər tərəfindən salınmışdır. Adını burada məskunlaşmış və əsasən balıq duzlamaq, neft, mazut ixrac etmək üçün çəmbərlər hazırlayan ustaların peşəsi ilə adlandırmışlar. Çəmbərəkənddə, eyni zamanda, müxtəlif qoşqu arabaları, qazalaq, fayton da düzəldilirmiş…Əhalisi heyvan saxlayar, əkinçiliklə məşğul olarmış. 1871-ci ilə qədər onun ərazisi dörd dəfədən çox artmışdı. Kənd keçmiş dövrün bütün kəndləri kimi, planauyğun olmayaraq qurulmuşdur: dar-əyri küçələr, çoxlu arxa xiyabanlar, üzərində daxmalar olan kiçik formalı torpaq sahələri. Beləcə, torpaqdan gəlir əldə etməyi düşünmədən, təhlükəsizlik naminə mənzillər bir-birinə mümkün qədər yaxın tikilirdi. Köhnə bakılılar indi də həmin əraziyə “Çəmbərəkənd” deyirlər. Çəmbərə (dairə, əyri, qövs, halqa) və kənd (yaşayış məntəqəsi termini) komponentlərindən düzəlib, “dairəvari, qövsvari kənd” mənasındadır. Kənd həqiqətən də ətrafa nisbətən bir qədər yüksəklikdə, dairəvi sahədə yerləşmişdir.
Sonralar Bakı tamamilə dəyişdi, böyüdü və düzgün tərtibatlı tikililəri ilə gözoxşayan şəhərə çevrildi, lakin Çəmbərəkənd əvvəlki görkəmini hələ də saxlamaqda idi. Bu gün mübaliğəsiz demək olar ki, “Çəmbərəkənd” parkı gündən-günə gözəlləşən, qədim və müasir Bakının mənzərəsinə özünəməxsus rəng qatır. İlin fəslindən asılı olmayaraq, hər gün yüzlərlə insan bu istirahət mərkəzinə baş çəkir, yaradılan şəraitdən zövq alır.
Follow @7timesaz