Gündəm

Direktor müavini ərəblərin Acınohurda çıxardığı oyunları açıqladı – Təfərrüat

Direktor müavini ərəblərin Acınohurda çıxardığı oyunları açıqladı – Təfərrüatbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlisu Dövlət Təbiət Qoruğunun  direktor müavini  Azərçin Muradov ərəblərin Acınohurdakı qalmaqalı ilə bağlı bəyanatla çıxış edib.

7times.az həmin bəyanatı olduğu kimi təqdim edir: 

Neçə gündür nəinki yazmağa, adımnan münasibət və müraciət etməyə imkan tapmamışam, çünki, bu iki-üç kəlmə ilə ifadə ediləsi şey deyil! Dünən axşam artıq bildiyiniz kimi getdilər (ərəb “turistlər”) ərazidən və bu gün (27 mart) şiddətli yağan yağış elə bil ki onların pis əməlləri ilə yanaşı iz-tozunu da yuyub aparır! Gedişi olsun, gəlişi olmasın bir daha!

İlk öncə biləsiz ki, bugünki günə gec də olsa qarşısı alınan rəzalətlərdən ən çox sevinən mənəm! Bəli, həddən artıq sevinirəm və belə barbar, biolojimüxtəlifliyin nadir incilərinə və ümumiyyətlə Təbiətə asi varlıqların ölkəmizə birdə ayaq basmayacaqlarına əmin olmaq istəyirəm! Neçə illərdi metastaza kimi bütün Azərbaycanın bir çox aran rayonlarında müşahidə olunan bu hal niyə məhz Acınohurda, bugün ifşa edildi deyə düşünün!?

Ona görə ki, əksər təbii biosenozlar artıq çoxdan aqrosenozlara çevrilib və həmin ərazilərin xarakterik biomüxtəlifliyi artıq mövcud deyil! Xarakterik landşaflara məxsus təbii tipik biomüxtəlifliyin qorunub saxlanıldığı çox az ərazi qalıb, bu ərazilərdən biri, bəlkə də sonuncusudur Acınohur! Min zəhmət bahasına Ceyran (Gazelle Subgutturosa) subpopulyasiyasının yenicə bərpa edildiyi, qismən və ya müəyyən səviyyədə mühafizə rejiminin tətbiqi ilə bərpa edilməkdə olan təbii bənzərsiz məkan! Oranı, “Azərbaycanın Serengetiyası” adlandırırdıq!

Ərəb bir kənara, bilirsiz kimnən mübarizə aparırıq? Yol kənarında xəbərdarlıq nişanlarında və anşlaqlarda Ceyran fotosuna, “İlisu” adına belə güllə atan öz şərəfsizlərimizlə! Bərdə, Tərtər, Gəncə bombalanan günləri buralara gələn tutduğumuz ovçu-brakonyerlərəmi – “kasıb-kusub” ov eləsə o dəyqə anasını ağlar qoyursuz – deyib müdafiə edirsiz? Yoxsa, Kəndimizdə Şəhid dəfn elədiyimiz zaman dağlarda ova getdiyi üçün tutuduğumuz brakonyerlərəmi? Yoxsa, 10 dəqiqə əvvəl sahəyə buraxılan qırqovulu tüfənglə atəş açıb vuran çobanamı – bumu sizin kasıblarınız? Budaq kəsən kasıba cərimə yazırsız deyən “qəhrəmanlar”, göstərin hələ bir neçəsini, deyim o kasıb dediyiniz nələr edib ki ona cərimə yazılır. Yazmamalıyıq? Sizin deyil onlar qıran ağaclar? Sizin deyil onlar qırmağa cəhd edən heyvanlar? Kimin üçün qoruyuruq? Nə üçün qoruyuruq? Nəyə görə qorumalıyıq? Və sən nə edirsən bu Təbiət, bu Dövlət zəngin olsun deyə?

Mənim Sizin suallarınızın hamısına cavabım var! Bütün suallarınıza! Bəs özümüzə o sualı verirsiz ki, bu bir həftədə niyə Acınohurda olmadız? Niyə o ərəb düşərgəsinin yanında gəlib çadır qurub hər şeyi öz gözünüzlə görmədiz? Həqiqətən o nadir quşlarımızı burda atıblar yoxsa başqa yerdə?! Niyə gəlib baxmadız, araşdırmadız o yedikləri nə quşladırı, bu ərazidəndi yoxsa başqa yerdən? İctimai qınaq var, bəs İctimai dəstək hanı? Çöldə, yanımızda neçə nəfər idiz?

Mən və əməkdaşlarımız hadisələr başlayanacan və demək olar ki hər gün ərazilərimizdə olmuşuq. Həmin ərəblərin əraziyə ilk gəlişi günündən düz 3 gün qarşılarında biz durduq! Hüququmuz çatmasa belə tələb və müqavimət göstərdik ki, yasaqlıq ərazisinə düşərgə salmasınlar (bu, əsasnamədə göstərilib “çadır düşərgəsinin ərazidə salınması qadağan edilə bilər. “bilər” ama “qadağandır” YOX!) iki gün konvoylarını çəkib qaytardılar, axşam saatlarında ərazini tərk edib getdilər. Üçüncü gündə ədəblə gözlədilər ki, göstəriş veriləcək bizə ki, həmin bu sahədə düşərgə salınmasına əngəl olmayaq.

Belədə oldu. Gələnlərin həmin sahəyə düşərgə salınmasına əngəl ola bilmədik. Məhz düşərgəyə və onların orda istirahətinə (istirahəti gətirdikləri çox sayda şahinlərə təlim keçmək, onları yemləmək və s.) mənim şəxsən tanımadığım təsərrüfat subyekti tərəfindən şərait yaradıldı. Bizə isə ETSN-dən onların hər hansı bir qanunsuz fəaliyyətlərinə yol verilməmək göstərişi gəldi (yəni bu bizim yegerlərin bilavasitə vəzifə borcudur ki, fauna elementlərinin mühafizəsini təşkil etsinlər.). Mən elə o gün sözümü dedim! Bu məsələnin bu cür olacağını təsəvvür edirdim və oldu! Ərəb “turistlər” gəldilər. Nə az nə çox, özünüz şahidisiz neçə nəfər və neçə maşın. İlk günlərdə ancaq quş təlimləri etdiklərini müşahidə edirdik. Amansızlıqdı, vəhşilikdi, nəbilim-nədi öz günahlarıdı.

Şahinlərinə ovlatdırdığı göyərçinlər, əhalimizin damnan, çardaxdan tutub bu ərəblərə və ya onların qulluğunda duranlara satdıqlarıdır, çöl göyərçinləri deyil. Heç nəyə haqq qazandırmıram, sadəcə nüanslara aydınlıq olsun deyə qeyd edirəm. Bəli, Ölkəmizdə ov qadağası elan edilib. Qadağa bizim növlərin ovlanmasınadır, o cümlədən, şahinlə ovlamaqda qadağan edilmiş bir ov növ hesab edilir. Ama şahin yemlənməsində, ova öyrədilməsində (təlimdə) göyərçinləri nə əvəz edər, onu bilmirəm! Dediyim kimi ilk günlərdə müşahidə ediləndə bu sadaladığım idi. Ərəblər çölə günortaya yaxın gəlirdilər, çadırlarında nahar edirdilər. Mən şəxsən heç vaxt yaxınlarına belə getməmişəm həmin çadırların. Müşahidələrim ancaq kənardan və ərazilərdən olub. Ərazidə bizim yegerlərdən başqa, ETSN-nin regional inspeksiyasının əməkdaşlarıda müşahidələr aparırdılar.

Əvvəlki günləri 6-10 maşın gəlirdi əraziyə. Çadırdan kənara uzaqlaşan maşınların qarşısını kəsən yegerlərimizə, ərəblərin onlara şahinlərin göyərçinlərdən yayınıb uzağa uçmasını bəhanə gətirərək müxtəlif istiqamətlərdə sürətlə şütüyürdülər. Bizdən daim şikayət edirdilər ki, mane oluruq onlara. Bizim əsas hədəfimiz və səyimiz Acınohurda ceyranların gündüzlər dayandığı sahələrə maşınların hərəkərini məhtudlaşdırmaqdır. Bu istiqamətdə və s. gördüyümüz işləri sadalamaq fikrimdə yoxdur. Ərəb “turistlərin” son günlərdə 20-dən artıq maşınla gəlmələri onların hərəkətinə nəzarəti demək olar ki mümkünsüz etmişdi. Bizim buna nə fiziki, nə də texniki imkanlarımız çatmırdı. Ama onuda qeyd etmək istəyirəm ki, ərəblərin özlərinin paylaşdığı videoları “Acınohur ərazisi” (Qax Dövlət Yasaqlığı) kimi təqdim edilməsi həqiqətdən kənardı. Çadırları yasaqlıqda yerləşsədə, onların getmədikləri, çatmadıqları yer yoxdur. Acınohur çölü bütün yasaqlıq deyil, düzən ərazinin ancaq 14 min hektarı yasaqlıqdır və bu Acınohur gölünün yarısıda (2500ha) daxldir.

Acınohur düzən ərazisi təxminən 40 min hektardır. Bu ərazilər həm Qax, həmdə Şəki inzibati rayonılarının əraziləridir. Qax Dövlət Yasaqlığının Acınohur ərazisi şərqdən Şəki rayonunun inzibati ərazisi olan Şəki ovçuluq təsərrüfatı, qərbdən isə keçmiş Samux ovçuluq təsərrüfatının əraziləri ilə həmsərhəddir. Ərəblərin idarə etdikləri maşınlar yasaqlıqdan çox bu ərazilərdə hərəkət etdikləri müşahidə edilir. Yəni, Şəki, Qax, Samux və hətta Yevlax rayonlarının inzibati ərazilərində hərəkət edirlər. Bu ərazilər xüsusi mühafizə rejimi tətbiq edilməmiş qış otlaq sahələridir. Acınohur ətrafı çöllərdə eyniylə tipik fauna elementləri müşahidə edilir. Fevral ayının sonundan sonra Acınohurda böyük bəzgək sürüləri ümumiyyətlə müşahidə edilmir. Bu ov videoları hardan götürülüb onlar tərəfindən paylaşdıqlarını bilmirəm, ama bizim olduğumuz müddətdə və yasaqlıq ərazisində belə faktlar müşahidə edilməmişdir. Acınohur ətrafı ərazilərdə də landşaft eyni xarakterik və bənzərdi, və çadır düşərgəsinin yasaqlıqda olmasına görə elə qələmə verirlər ki qanunsuz ov yasaqlıq ərazisində baş verib.

Bəli, heç fərqi yoxdu harda qanun pozulub. Hər hansı bir ov faktı ilə bağlı müvafiq qanunvericiliklə təbiətə dəymiş ziyan müəyyən edilir və cərimə tətbiq edilr. Belə qələmə verilməsin ki, bunları məsuliyyətdən yayınmaq xətrinə edirəm. Hər kəsin müəyyən dərəcədə günahı var. Bir çox Facebook qəhrəmanlarından, bayram günləri şəkərbura yeyib kökəlməyə davan edən və kürəyini divandan qaldırmadan Təbiətimizə “təəssüf” edənlərdən fərqli, çöldə qanunsuz ov etməyə cəhd edənlərə qarşı mübarizə aparanlara, zəhməti keçənlərin və bir çox qanunsuzluğun qarşısını almış insanların, yegerlərin haqqına girmək doğru deyil! (cəmi yasaqlıqda 6 yeger ştatı var və bugünə isə 4 nəfər faktiki). Bizi, əsasda məni fəaliyyətsizlikdə, bacarıqsızlıqda, düşmən mövqedə, təbiəti talamaqda, ova şərait yaraqmaqda, və s. ittiham edənlər, klaviatura qəhramanları, görmədim sizin heç birinizi bu günlərdə yanımızda. Hərkəs öncə özünə suallar versin: – Kimdi Azərçin Muradov? Hansı səlahiyyət sahibidir? Azərçin qədər kimin əziyyəti keçib Acınohur üçün? Azərçindən çoxmu sevirik Acınohuru? Bu suallar təbii ki dürüst və həqiqi təbiət təəssüfkeşləri üçündür.

Mənim ömrüm boyu mübarizə apardığım, qorumağa və zənginləşməsinə nail olmağa çalışdığım Təbiətimizə ası, meşəqıran, oğru və brakonyer ünsürlərə deyil təbii ki! Trol səhifələrindən bugün təhqir yağdıramlar bildiyim brakonyerlər və onların züytutanlarıdırlar ki, ömrü boyu cüyür, maral, tur, qaban, hətta ayı ətinə nəfsi keçən məxluqlardılar. Onlara əcəb fürsət düşüb! Elə bil mən istəyib gəliblər, bu ova həristliyi və təbiət incilərinə qarşı barbarlığı ilə özlərindən fərqlənməyən ərəblər. “Dədə-babalarımızda ov edib bu meşələrdə, ama bizə qoymursuz” deyən utanmazlar bir dənə fakt göstərə bilməzlər ki məndə nə vaxtsa ov etmişəm, ya ova şərait yaratmışam. Dəfələrnən şər və böhtanlarına dözmüşük, nəyin xətrinə? Bəlkə qoruqda işləməsəm acınnan öləcəm? Qoruqdan aldığım maaşınmam artıq xərcləyirəm Qoruq və Qoruq İşinin yolunda. “Qoruq İşi” dediyim məmin üçün Azərbaycanın Şərəf məsələsidir! Ömrümü-günümü bu yolda xərcləmişəm.

Çoxunuza absurd görünər, ama məni tanıyanlar və Qoruğun əməkdaşları yəqinki şahidlik edərlər. İnanmırsız arayıb-araşdırın. Hardan və neçə gəldikləri bir yana, düşüncə tərzi, dünyaya baxışları, təbiətə münasibətlərinə məhəttəl qalırsan bu ərəblərin. Ceyranlarımızın bir aydan sonra balalama dövrüdür, heç bunu qandıra bilmədik ki, bu ərazilərdə maşınla hərəkət belə onları stresə salır, narahat edir. Ən azı buna görə olmaz bu ərazilərə maşın sürmək. Ov etmək və hətta ov silahı gəzdirmək qadağandır. Utanmadan deyirlər ki, biz atmırıq ki, biz ceyranı Türkmənistanda atırıq. Şahin qovuruq, şahin axtarırıq. 3 maşın saxlayıb qaytarırsan, iş aparırsan, 10-15 maşın hara dağıldığını belə izləmək mümkün olmur. Ekofrontun həyəcan təbilindən sonra ümumiyyətlə atəş səsləri heç müşahidə edilmirdi. Məni tanıyanlar bilir ki, əyər qarşıma ov edən bir ərəb çıxsaydı qanun-qadağa bir yana o silahı onun münasib yerinə soxmazdımmı! Təəssüf edirəm, bəlkədə çox şükür ki rastıma çıxmayıb, Allah bilir indi səsim hardan gələcəkdi.

Belə vəziyyətlərdə dost kimidi, qardaş kimdi, bacı kimdi, düşmən kimdi, ağ nədi, qara nədi tanıyırsan! Mənə inanan, etibarımı və hörmətimi saxlayan hər kəsə minnətdaram!

Hə, birdə ay qəhrəmanlar, qabiliyyəti çatan, özünə güvənən, sən beləsən-falansan deyən qabiliyyət sahibləri durun gedin ETSN-nə müraciət edin, İlisu DTQ-da direktor yeri 9 aydı boşdur! Gəlin yaxşı işləmək nədir göstərin!

P.S. Yasaqlıqların Qoruqdan fərqini və nəyə xidmət etdiyini izah edim. Acınohur ərazisini tanımayan, adını belə ilk dəfə eşidənlər, Acınohur çölünün və ətraf ərazilərin neçə inzibati rayon ərazisində yerləşdiyini bilməyənlər, bu ərazilərin neçə min hektar olduğunu, nəqədər ərazisi “yasaqlıq” olduğunu və “Yasaqlığın” nə olduğunu bilməyənlər, hansı yasaqlığın nizamnaməsi, əsasnaməsi nəyə məhtudiyyət qoyur, nəyə yox bilməyənlər, nə üçün “yasaqlıq” yaradıldığını belə bilməyənlər, yasaqlığın torpaq mülkiyyətinin təyinatını bilməyənlər, bitki örtüyünün təyinatını bilməyənlər, adı gedən yasaqlıqda neçə təsərrüfat subyektinin qanuni (NK qərarı ilə təyinatı üzrə, müvafiq fərdi şəkildə verilən sərəncamlarla) əsasında fəaliyyətindən xəbəri olmayanlar, təsərrüfat subyektlərinə kimin sərəncam vermə hüququ olduğunu bilməyənlər, Qoruğun (..və ya ETSN-nin digər strukturlarının) bu ərazilərdə hansı hüquqi səlahiyyətlərə malik olduğunu bilməyənlər, yasaqlıqlarda nəyin qorunduğunu ( bir, və ya, çox sayda növün) hansı statusda olduğunu bilməyənlər, yasaqlığın neçə işçisi olduğunu, onların vəzifə səlahiyyətləri və hüquqlarını bilməyənlər, və s və s və s… heç olmasa kiməsə irad bildirməkdən, tənqid və hətta təhqir etməkdən öncə bu biliklərə malik olun, lütfən!