Dünya

Ərdoğan Türkiyənin “düşmənləri” ilə barışır

Ərdoğan Türkiyənin “düşmənləri” ilə barışırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin xarici siyasətində yeni dönəm başlayır. Prezident Rəcəb Tayyib Ərdoğan rəsmi Ankaranın xarici siyasət kursuna dəyişiklik edərək, ölkəsinə düşmən mövqedən çıxış edən dövlətlərlə münasibətləri təmzimləmə prosesinə start verib.

İsrail istiqamətində atılan ilk addım iki ölkə arasında buzların əriməsinə, diplomatik təmasların bərpasına gətirib çıxarıb. Ardınca Türkiyə-Misir, eləcə də Ankara-Dəməşq düşmənçiliyinə son verilməsi gözlənilir.

Suriya ilə təmaslara gəlincə, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan həmkarı Bəşər Əsədlə görüşünü istisna etməyib. O, siyasətdə küsülü qalmağın mənasız olduğunu deyərək, danışıqların vacibliyinə diqqət çəkib.

Siyasi kluarlarda gəzən söhbətlərə görə, Ərdoğan-Əsəd görüşü Moskvada təşkil oluna bilər. Deyilənlər hələlik rəsmi şəkildə təsdiqlənməsə də, yaxın vaxtlarda Türkiyənin Suriya ilə anlaşma əldə etməsi istisna edilmir.

Ankaranın siyasi gedişlərini Modern.az-a şərh edən Yaxın Şərq üzrə analitik, Mətbuat Şurasının sədr müavini Vüqar Zifəroğlu bildirib ki, Türkiyə Prezidentinin təklifi Suriya rəhbərliyi tərəfindən müsbət dəyərləndirilməlidir. Çünki terror təkcə Türkiyəni təhdid etmir.

“Terror Suriyanın özü üçün də təhlükə yaradır. Bu baxımdan Türkiyənin Suriyada terrorçuları zərərsizləşdirməsi həm də Suriyaya sərf edir. Buna görə də, Suriya hökuməti Türkiyə Prezidentinin təklifini qəbul etməlidir”.

Onun sözlərinə görə, Rusiyanın Türkiyə və Suriya rəhbərliyinin görüşünə moderatorluq etməsi müsbət effekt verə bilər:

“Məlumdur ki, Astana formatında Türkiyə və Rusiyanın Suriya ilə bağlı əməkdaşlığı müəyyən mənada öz müsbət effektini verib. Xüsusilə də, son iki il ərzində Suriya məsələsində Rusiya və Türkiyənin maraqlarının uzlaşdığının şahidi olduq”.

Bəs, Ərdoğan-Əsəd görüşünün mümkünlüyü nə qədər real görünür?

V.Zifəroğlu suala cavabında deyib: “Bu görüşün baş tutması iki əsas faktordan ibarətdir. Birinci faktor Suriyada iqtidardaxili proseslərlə bağlıdır. Çünki iqtidar daxilində Türkiyə ilə bağlı birmənalı yanaşma yoxdur. Bəşər Əsədə yaxın qüvvələr daha çox ikibaşlı yanaşma nümayiş etdirir. İki ölkə arasında maraqların uzlaşmasını istəyənlər var. Ancaq buna çox ciddi şəkildə müxalif olanlar da çoxluq təşkil edir. Burada digər  faktor xarici təsirlərlə əlaqəlidir. Belə ki, bəzi qüvvələr Türkiyə və Suriya rəhbərliyinin danışıqlar masasına oturmasına müsbət yanaşır. Digər yandan İranın da bu məsələyə müsbət yanaşacağını demək çətindir. Məhz bu səbəbdən hələki, dəqiq nəsə demək mümkün deyil”.

Politoloq Elxan Şahinoğlu da Türkiyənin son addımlarının doğru olduğunu söyləyib.  O, fikirlərini belə əsaslandırıb:

“Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan xarici siyasətdə geri dönüşə baş vurub. Gecikmiş olsa da, doğru qərardır. Misir və İsraillə münasibətləri gərginləşdirməyə ehtiyac yox idi. Bu iki dövlət Türkiyə ilə münasibətlərin gərgin olduğu dövrdə Türkiyənin ayağının altını qazan əsas dövlət – Yunanıstanla yaxınlaşaraq Afina və Kipr Yunan Respublikası ilə birgə enerji layihələrini müzakirə edirdi.

Türkiyə-İsrail münasibətləri artıq normallaşıb, Ərdoğan vaxtilə əlaqələri kəsdiyi İsrailin hazırkı baş naziri Benyamin Netanyahu ilə telefonla danışıb, onu seçkilərdə qələbə münasibətilə təbrik edib, yerdən-yerə vurduğu Misir prezidenti Sisinin əlini sıxıb, növbədə Suriya prezidenti Bəşər Əsəddir. Rəcəb Tayyib Ərdoğan Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəlin vaxtilə ifadə etdiyi “dün dündür, bugün bugündür” fəlsəfəsinə qayıdır”.