Çimərlik mövsümünün başlaması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciəti edib.
FHN-dən 7times.az-a verilən məlumata görə, çimərlikdə xoş zaman keçirmək üçün nazirlik bir sıra təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini bildirib.
Belə ki, yeni növ koronavirusdan qorunmaq məqsədilə:
– çimərlikdə, ailə üzvləri istisna olmaqla, insanlar arasındakı məsafə 2 m, çətirlərin oxları arasındakı minimal məsafə 4 m olmalıdır!
– qapalı yerlərdə mütləq, açıq ərazilərdə və su ilə təmas olmayan yerlərdə mümkün qədər tibbi maskadan istifadə edilməlidir!
– özünüzdə COVID-19 infeksiyasına yoluxmaya xas simptomlar olan qızdırma, quru öskürək və s. hiss etdikdə dərhal tibb məntəqəsinə müraciət edilməlidir!
Həmçinin, qadağandır:
– nəzərdə tutulmamış ərazilərdə çimmək!
– çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək!
– küləkli havada dənizə girmək!
– çimərlikdə gecələmək!
– sərxoş halda çimərlikdə olmaq!
– suda kobud hərəkətlər etmək!
– çimərlikdə balıq tutmaq!
– xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!
Yadda saxlayın:
– Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!
– Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!
Follow @7timesaz