Masazırda küçəyə yeni doğulmuş körpə atılıb. Uşaq yüksək sürətli avtomobil yolunun kənarına sellofan paketdə qoyulub. O, tapılan zaman artıq dünyasını dəyişmişdi. Təəssüf ki, bu kimi hallarla mütəmadi olaraq qarşılaşırıq. Son zamanlar yeni doğulan uşaqların atılması ilə bağlı faktların sayında isə artım müşahidə olunur.
Bəs övladlarını bu cür atan valideynləri hər hansı cəza gözləyirmi?
Bununla bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə deyib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 143-cü maddəsində təhlükədə qoyma cinayəti üçün nəzərdə tutulan cəza müəyyənləşib:
“Həmin maddədə qeyd olunub ki, həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyma, əgər həmin şəxsi köməksiz qoyan onun qayğısına qalmalı şəxsdirsə və ya onun özü zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduqda, zərərçəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə – min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bundan başqa, Cinayət Məcəlləsinin 121-ci maddəsinə əsasən ananın yeni doğduğu uşağı doğuş vaxtı və ya doğuşdan dərhal sonra qəsdən öldürməsi – üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni zamanda, Ailə Məcəlləsinin tələblərinə əsasən övladını köməksiz vəziyyətdə küçəyə atan valideynlər valideynlik hüquqlarından da məhrum edilə bilərlər”.
Müsahibimiz valideynlik hüququndan məhrumedilmə hallarından da söz açıb. O, bunun Ailə Məcəlləsinin 64.0. maddəsinə əsasən tənzimləndiyini vurğulayıb:
“Belə ki, şəxs öz valideynlik vəzifələrini yerinə yetirmədikdə; alimenti qəsdən ödəmədikdə; heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən, yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə; valideynlik hüquqlarından sui-istifadə etdikdə; uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə; xroniki alkoqol və narkomaniya xəstəsidirsə; uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə valideynlik hüququndan məhrum edilə bilərlər. Həmin Məcəllənin 65.1. maddəsinə əsasən valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir. Eyni zamanda bu işə baxılarkən məhkəmə valideynin (onlardan birinin) hərəkətlərində cinayət əməli olduğunu aşkar edərsə, bu barədə prokurora məlumat verməyə borcludur. Həmin Məcəllənin 66.1. maddəsinə əsasən valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşağa münasibətdə həmin uşaqla qohumluq faktına əsaslanan bütün hüquqlarını, o cümlədən bu Məcəllənin 82-ci maddəsinə əsasən uşaqdan təminat almaq, habelə uşaqlar üçün təyin edilmiş dövlət müavinəti almaq və imtiyazlardan istifadə etmək hüququnu itirirlər”.
Vəkil qeyd edib ki, sözügedən məcəllənin 66.6. maddəsinə əsasən uşaq, valideynlərin (onlardan birinin) valideynlik hüquqlarından məhrum edilməsi haqqında məhkəmənin qətnaməsindən 6 ay keçəndən sonra övladlığa götürülə bilər:
“Həmin Məcəllənin 72.1. maddəsinə əsasən uşağın sağlamlığı və ya həyatı birbaşa təhlükədə olduqda, müvafiq icra hakimiyyəti orqanı uşağı valideynlərdən (onlardan birindən) və ya onu qəyyumluğa (himayəyə) götürmüş şəxslərdən təcili olaraq almaq hüququna malikdir. Müvafiq icra hakimiyyəti orqanı bunu müvafiq akt əsasında həyata keçirir. Sözügedən məcəllənin 114.1. maddəsinə əsasən isə valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir”.
Follow @7timesaz