ABŞ Ədliyyə Nazirliyi iki Çin vətəndaşını orduya sızmaq və məxfi hərbi məlumatları ələ keçirməyə cəhd göstərməkdə ittiham edib.
Çin hökuməti naminə casusluq etdikləri iddia olunan şəxslərin ABŞ hərbi personalını öz tərəflərinə çəkməyə yönəlmiş gizli planları ortaya çıxıb.
Rəsmi açıqlamaya görə, 38 yaşlı Yuans Çen və 39 yaşlı Liren Rian Lay ötən cümə günü saxlanılıb və bazar ertəsi Texas ştatının Hyuston və Oreqon ştatının Portland şəhərlərində ilk məhkəmə qarşısına çıxarılıblar.
İttihama əsasən, hər iki şəxs Çin Dövlət Təhlükəsizlik Nazirliyi (MSS) üçün ABŞ daxilində gizli kəşfiyyat əməliyyatları həyata keçirib. Prokurorlar bildirir ki, onlar ABŞ Hərbi Dəniz Qüvvələrindən məlumat toplamaq, məxfi hərbi sənədləri ələ keçirmək və fəaliyyətdə olan hərbi qulluqçuları Çin kəşfiyyatına cəlb etmək niyyətində olublar.
ABŞ Baş prokuroru Pamela Bondi məsələ ilə bağlı açıqlamasında bu hadisəni Pekinin ABŞ müdafiəsini daxildən sarsıtmağa yönəlmiş daha geniş strategiyasının bir hissəsi adlandırıb:”Bu iş, Çin hökumətinin ordumuza sızmaq və milli təhlükəsizliyimizi zəiflətmək üçün davamlı və aqressiv cəhdlərini bir daha üzə çıxarır”.
Federal Təhqiqat Bürosunun (FBI) direktoru Kaş Patel də məsələ ilə bağlı narahatlığını ifadə edib və bildirib ki, FBI ABŞ-ı hədəf alan xarici kəşfiyyat təhdidlərinə qarşı mübarizəni davam etdirir:”Çin tərəfindən sərhədlərimizə qarşı yönəlmiş ardıcıl sızma cəhdlərinə qarşı ayıq və qətiyyətli şəkildə müdafiə olunmağa davam edəcəyik”.
Hazırda məsələ ilə bağlı istintaq davam edir.
“AzPolitika.info”
Follow @7timesaz