Aktual

“HƏTTA PUTİN KİMİ MANYAK DA ANLAYIR Kİ…” – “Bu, Rusiyada şok effekti yaradacaq”

“HƏTTA PUTİN KİMİ MANYAK DA ANLAYIR Kİ…” – “Bu, Rusiyada şok effekti yaradacaq”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xersonun götürülməsi müharibənin dönüş nöqtəsi olacaq”

“Ukraynaya qarşı genişmiqyaslı işğalın 5-ci ayı gedir və Putinin Ukraynaya münasibəti dəyişməyib”. “AzPolitika.info” xəbər verir ki, bunu ABŞ-da yaşayan məşhur rusiyalı politoloq və publisist Andrey Piontkovski mətbuata son açıqlamasında bildirib.

Piontkovski Putinin müharibədən əvvəl yazdığı, yaxud yazdırdığı məqaləni xatırladaraq, deyib: “Putinin Ukraynaya qarşı münasibəti, daha doğrusu nifrəti dəyişməyib. Onun “rusların və ukraynalıların tarixi birliyi haqqında” adlı, belə demək mümkünsə, tarixi məqaləsini xatırlatmaq istəyirəm. Həmin məqalədə o, Ukrayna dövlətinin və Ukrayna xalqının mövcudluğunu inkar edirdi. Yəni, guya Ukrayna xalqı yoxdur, biz bir xalqıq, vəssalam”.

Politoloq hesab edir ki, Putin artıq bəzi mətləbləri anlamağa başlayıb və bunların içərisində Ukraynanı heç vaxt işğal edə bilməyəcəyinə dair qənaət də var: “Hətta Putin kimi ağılsız manyak belə anlayır ki, bütövlükdə Ukraynanı işğal edə bilməyəcək. Blitskriq iflasa uğrayandan sonra bu tapşırığı yerinə yetirmək artıq mümkünsüzdür. İndi onun qarşısında başqa bir problem durur – öz hakimiyyətini necə qorumaq və qələbəyə bənzər nəyisə öz əhalisinə necə satmaq!”

 

Piontkovski deyib ki, Rusiya ordusu tezliklə Ukraynanın əks-hücuma keçəcəyini yaxşı anlayır: “Putin başa düşür ki, böyük miqdarda Qərb silahının daxil olması ilə Ukrayna əks-hücuma keçəcək və bu zaman hansısa mifik qələbə barədə danışmaq mümkünsüz olacaq. Ona görə də onun hazırkı taktiki hədəfi nə qədər ki, rus qoşunları Donbasda azca da olsa irəli doğru sürünə bilir, mümkün qədər daha çox yaşayış məntəqəsi ələ keçirməkdir. Onun maksimal hədəfi Slavyanskı götürməkdir. Sonra isə bütün agenturasını(Qərb dövlətlərindəki agenturası nəzərdə tutulur-red.) səfərbər etmək və bu yolla atəşkəsə, danışıqlara nail olmaq, eyni zamanda Donbasla bərabər Xerson və Zaporojyenin müəyyən hissəsini əldə saxlamaq məqsədi güdülür. Və bütün bunları öz əhalisinə qələbə kimi sırımaq – budur onun indiki planı”.

Bunlarla yanaşı, Piontkovskinin fikrincə, Ukrayna tərəfindən Xersonun azad edilməsi müharibədə dönüş nöqtəsi ola bilər: “Ukrayna ciddi şəkildə əks-hücuma hazırlaşır. Ruslar Slavyanskı, ukraynalılar isə Xersonu götürmək istəyirlər. Rusiya silahlı qüvvələrinin ən zəif yeri olan Xersonun götürülməsi indi müharibədə dönüş nöqtəsi ola bilər. Bu, Rusiyada şok effekti yaradacaq. Artıq televizora və “bunker”ə inanan “dərin xalq” anlayacaq ki, müharibə uduzulub və heç nəyi gizlətmək mümkün deyil. Putinin ağır günləri o zaman başlayacaq”.

Xatırladaq ki, bir neçə gün əvvəl Putin “Rusiyanın Ukraynada hələ heç nəyə başlamadığını” bildirmişdi. Bununla yanaşı, Ukrayna xüsusilə də ABŞ-dan aldığı HİMARS kompleksləri vasitəsilə son günlər ərzində Rusiyanın işğal etdiyi Ukrayna ərazilərindəki silah anbarlarına, cəbhəxanalarına, komanda-idarəetmə məntəqələrinə, yanacaq bazalarına və digər həyati əhəmiyyətli hərbi obyektlərinə ağır zərbələr endirib. Həmin zərbələrin təsirini və yaratdığı effekti hətta Kremlin tanınmış təbliğatçıları da etiraf edirlər. O da etiraf olunur ki, Rusiyanın bu zərbələri dəf edə biləcək silah və texnologiyaları yoxdur. O zaman ordusu CƏMİ 9 ədəd “HİMARs”-ın qarşısında aciz qalan Putinin “hələ ciddi heç nəyə başlamamışıq” deyərkən nəyi nəzərdə tutduğu anlaşılmaz olaraq qalır…

Onu da qeyd edək ki, ötən gün Prezident Volodimir Zelenski Xerson başda olmaqla, Ukraynanın cənub bölgəsinin işğaldan azad olunmasına dair əmr imzalayıb…