Siyasət

İlham Əliyevin bölgələrin davamlı inkişafı istiqamətində həyata keçirdiyi layihələr uğurlu nəticələr verir

İlham Əliyevin bölgələrin davamlı inkişafı istiqamətində həyata keçirdiyi layihələr uğurlu nəticələr verirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin son 18 ildə həyata keçirdiyi siyasətin taktiki və strateji özəllikləri Azərbaycana böyük uğurlar qazandırıb. Düzdür, qlobal pandemiya dövründə iqtisadiyyat zərər görsə də, böhran ölkəmizin ümumi sosial-iqtisadi inkişaf tempinə, hətta regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasına təsir göstərə bilməyib. Ölkədə heç bir sosial layihə təxirə salınmayıb.

7times.az xəbər verir ki, bunu “Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

Deputat bildirib ki, bu nailiyyətləri, əlbəttə ki, Azərbaycan öz uğurlu siyasəti hesabına əldə edib, özü də əraziləri işğal altında, çox çətin geosiyasi vəziyyətdə olan ölkə kimi qazanıb. Bu gün isə qalib dövlət kimi qarşısında çox böyük imkanlar açılıb. Bunu nəzərə alan dövlət başçısı növbəti illərdə hərtərəfli tərəqqi üçün yeni inkişaf strategiyası müəyyənləşdirib. Bu sənəddə regionların sosial-iqtisadi inkişafı prioritetlər sırasındadır.

Ölkəmizin hərtərəfli inkişafında və əhalinin sosial rifahının daha da yaxşılaşmasında regionların sosial-iqtisadi tərəqqisinin mühüm rolu və əhəmiyyəti danılmaz reallıqdır. Bölgələrin inkişafı həmçinin ərzaq təhlükəsilziyinin və məşğulluğun təmin edilməsində önəmli rola malikdir. Prezident İlham Əliyevin regionlara müntəzəm səfərləri və həmin səfərlər çərçivəsində çoxsaylı obyektlərin açılış və təməlqoyma mərasimlərində iştirak etməsi, eyni zamanda yeni layihələrin gerçəkləşməsi üçün sərəncamlar imzalaması isə bu inkişafa əlavə təkan verir.

Bu gün Azərbaycanın inkişafını respublikamızın bütün bölgələrinin nümunəsində, o cümlədən keçmiş şöhrətini bərpa edən, Qafqazın ən qabaqcıl sənaye mərkəzinə çevrilən Sumqayıtın timsalında aydın görmək mümkündür. Prezident İlham Əliyevin inkişaf strategiyasının nəticəsi olaraq şəhərdə yeni istehsal müəssisələrinin yaradılması, bir sıra ənənəvi istehsal sahələrinin fəaliyyətinin canlandırılması, aparılan möhtəşəm abadlıq və quruculuq işləri bunu təsdiq edir. Bu mənada Sumqayıt bir çox istiqamətlər üzrə qazandığı nailiyyətlərlə fərqlənir. Bu gün Sumqayıt Prezident İlham Əliyevin daim diqqət və qayğısını duyur və hiss edir. Bunu Prezident İlham Əliyevin son 18 ildə Sumqayıta 30 dəfə səfər etməsi də göstərir.

Məlum olduğu kimi, sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Bu baxımdan iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər həyata keçirilir. Sənayeləşmə siyasətinə uyğun olaraq, ölkəmizdə yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, ixrac imkanları genişlənir. Bu sahədə Prezident İlham Əliyevin iqtisadi siyasətinin nəticəsi olaraq Sumqayıt Kimya Sənaye Parkında sulfat turşusu, şüşə tara məhsulları (rəngli butulka) və yeni zavodların təməlinin qoyulması qeyd olunan sənaye məhsulları üzrə xaricdən asılılığın aradan qaldırılmasına, yeni iş yerlərinin yaradılmasına imkan verir. Bu həm də valyutanın ölkəmizdə qalması, yerli istehsalın canlanması, iş yerlərinin yaradılması və iqtisadiyyatın şaxələndirilməsi deməkdir.

Sənaye Parkında ümumi investisiyalarının həcmi 3,2 milyard ABŞ dolları olan 24 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. İndiyədək Sənaye Parkının rezidentləri tərəfindən 2,9 milyard dollardan artıq investisiya yatırılıb. Qeydiyyata alınmış 24 rezidentdən 16-sı artıq fəaliyyətə başlayıb. Sənaye Parkında hazırda 5500-dək insan daimi işlə təmin olunub. Ümumilikdə, indiyədək Sənaye Parkının rezidentləri tərəfindən 3,3 milyard manatlıq satış həyata keçirilib ki, bunun da  təqribən 31%-i ixracın payına düşür.

Sənaye Parkında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika davam edir. Belə ki, 2020-ci ilin birinci yarısında rezidentlər tərəfindən 534 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2021-ci ilin müvafiq dövründə bundan 49% çox – 794 milyon manatlıq məhsul istehsal olunub. Bununla yanaşı, 2021-ci ilin birinci yarısında ötən ilin müvafiq dövründən 47% çox – 267,5 milyon manatlıq ixrac həyata keçirilib.

Sumqayıtda müasir sənaye infrastrukturunun yaradılması, yeni müəssisələrin fəaliyyətə başlaması nəticəsində ölkənin makroiqtisadi göstəricilərində şəhərin xüsusi çəkisi yüksəlib. Yeni sənaye sahələrinin yaradılması həm də ölkəmizdə sənaye məhsullarına olan tələbatın ödənilməsində yerli məhsulların payını əhəmiyyətli dərəcədə artırıb.

Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi altında Sumqayıt şəhərinin Cənubi Qafqazın ikinci böyük sənaye şəhərinə çevrilməsi, burada fəaliyyət göstərən müəssisələrdə müasir texnoloji avadanlıqların hazırlanması, şəhərin müasir texnologiyaların tətbiqi sahəsində müəyyən potensiala malik olması regionların yüksəlişinin hər zaman prioritet olmasından xəbər verir.