Manşet

İranın nüvə obyektləri vurulacaq? – İsrailin baş naziri Putinin razılığını almağa gedib

İranın nüvə obyektləri vurulacaq? – İsrailin baş naziri Putinin razılığını almağa gedibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İsrail Baş naziri Naftali Bennett oktyabrın 22-də Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Tərəflərin təhlükəsizlik, iqtisadiyyat, regional məsələlər, ilk növbədə isə İranın nüvə silahlanmasını müzakirə edəcəyi gözlənilir.
Ümumiyyətlə, ABŞ və Qərbin sanksiyalarına baxmayaraq İranın ölkədə uranı zənginləşdirməsi, nüvə silahı əldə etməkdə israr etməsi İsraili ciddi narahat edir. Təsadüfü deyil ki, İran da İsraili özünə məhz buna görə rəqib və potensial düşmən ölkə olaraq görür.
İsrail bu günə qədər bu və ya digər formada dəfələrlə İranı xəbərdar edib. İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds briqadasının keçmiş komandanı Qasım Süleymaniyə qarşı təşkil edilən sui-qəsd, İranın nüvə alimlərinin öldürülməsi, İsrail PUA-larının Suriyanın İraqla sərhəddəki Əl-Bukemal bazasına hücum etməsi bu xəbərdarlıqlara misal ola bilər. Düzdür, qeyd edilən əməliyyatlar birbaşa İsrail tərəfindən həyata keçirilməsə də bu və ya başqa formada Təl-Əvivin sifarişi ilə həyata keçirilməsi məlumdur.
Yeri gəlmişkən, bir müddət öncə İsrail PUA-larının Suriyanın İraqla sərhəddəki Əl-Bukemal bazasına hücum etməsi də təsadüfi deyil. Belə ki, Əl-Bukemal bazası iranyönlü şiə hərbi birləşmələrinin bazasıdır.
İsrail İranın yaxın şərqdəki şiə hərbi birləşmələrinin bazalarını vaxtaşırı vursa da, bu İranı dayandırmağa kifayət etmir. Təl-Əviv İrana effektiv bir zərbə vurmaq istəyirsə, mütləq şəkildə ölkədəki nüvə obyektlərini vurmalı, beləcə İranı güzəştə məcbur etməlidir. Bu isə heç də asan deyil.
Məlumdur ki, İranın ən yaxın müttəfiqi Rusiyadır. Yəni İran daxilində nüvə bazalarını məhv etmək, həm də Rusiyanı qarşıya almaq deməkdir. Düşünürəm ki, Benneti Soçiyə aparan əsas səbəb də məhz budur. Bennet Putini inandırmağa çalışacaq ki, İran artıq onun özü üçün də potensial təhdiddir və bu təhdid zərərsdizləşdirilməlidir.
Düzdür, Rusiya üçün İran heç bir zaman təhdid olmasa da etiraf etmək lazımdır ki, İranın nüvə silahı əldə etməsi Kremlin də ürəyincə deyil. Təsadüfi deyil ki, mövcud Azərbaycan-İran gərginliyi fonunda İran XİN rəhbəri Hüseyn Əmir Abdullahianın rusiyalı həmkarı Sergey Lavrovla Moskvadakı mətbuat konfransında İranın sərhədləri yaxınlığında “sionist və terrorçu” məsələsinə Rusiyanın münasibət bildirəcəyini gözlədiyi halda tamamilə fərqli bir reaksiya ilə qarşılaşdı. Lavrov Qarabağda atəşkəs əldə edilməsində Kremlin rolunu bir daha xatırladıb, Cənubi Qafqazın hələ də Rusiyanın təsir dairəsində olduğunu birbaşa elan etdi.İran əvvəlcədən hazırlanmış suala Rusiyanın kəskin etirazını almaqla, heç olmasa, ictimai müstəvidə informasiya təbliğatını aparmağa ümid edirdi. Lakin Tehran Kremlin sərt cavabı ilə son ümidini də beləcə itirdi. Göründüyü kimi, Rusiya da öz növbəsində İrandan narazıdır.

Mümkündür ki, İsrail də Kremlin Tehrandan narazılığını sezib. Bennet ilə Putinin görüşündə İran məsələsinin başlıca müzakirə mövzusu olacağı bəllidir. Bennet ən yaxşı halda Putindən İsrailin İrana məxsus nüvə bazalarını vurması üçün razılıq əldə etməyə çalışacaq. Lakin Təl-Əviv də bunun qarşılığında Kremlə vədlər verməlidir. Ehtimal ki, Təl-Əviv bu istiqamətdə Rusiyaya 3 vəd verə bilər.

Birincisi, İsrail Rusiyanı əmin edəcək ki, o İranı parçalamaq və ya mövcud rejimi devirmək yox, məhz konkret nüvə obyketlərini məhv etmək istəyir.

İkincisi, İsrailin İrana qarşı atacağı bütün addımları Kremllə məsləhətləşməli və Kremlin cəkəcəyi həddi keçməməlidir.

Üçüncüsü, İranla bağlı vədlər qarşılığında Təl-Əviv də Suriya məsələsini Kremlə güzəştə gedə bilər. Yəni ən azından İsrail qırıcıları və PUA-ları Əsəd qüvvələrini bombardman etməyi dayandıra bilər.

Turan Rzayev/Sfera.az