Aktual

İranın terror hücumuna Bakının cavabı NECƏ OLACAQ?…

İranın terror hücumuna Bakının cavabı NECƏ OLACAQ?…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Azərbaycanın İrandakı səfirliyində törədilən xain terror hücumundan sonra Bakının cavabı və iki ölkə arasında münasibətlərin necə olacağı sual doğurur. İndi hər kəsi düşündürən əsas məqamlar iki ölkə arasında diplomatik təmasların taleyi, Tehranın mövqeyi və rəsmi Bakının hansı addımları atacağıdır.

Mövzu ilə bağlı 7Times.az-a danışan sabiq səfir, politoloq Fikrət Sadıqov bildirib ki, səfirlikdə baş vermiş terror aktı diplomatik əlaqələr haqqında Vyana konvensiyasına ziddir və hadisəyə görə məsuliyyəti birbaşa İran daşıyır:

“Azərbaycan səfirliyinə hücum edilməsi, orada mühafizə xidmətinin rəisinin qətlə yetirilməsi, daha iki nəfərin yaralanması ağır cinayətdir və qəbuledilməzdir. Bu, birbaşa Vyana konvensiyasına ziddir. Eyni zamanda ikitərəfli əlaqələrimizə zərbədir. İranın bir sıra rəsmi dairələri ilə bağlılığı olan müəyyən qüvvələr Azərbaycanla münasibətləri tamamilə pozmaq niyyətindədirlər. Son zamanlar Tehranın Azərbaycana qarşı bəyanatları, eyni zamanda siyasi hərəkətləri həmin dairələrin Azərbaycan-İran münasibətlərinə təhlükə yaratmaq istəyini göstərirdi”.

Politoloqun fikrincə, Azərbaycan səfirlikdəki olaya sərt reaksiya verməlidir.

“Sözügedən terror aktı qırmızı xəttin keçilməsidir. Bu, birmənalı şəkildə onu göstərir ki, Tehran Azərbaycanla münasibətlərin stabil vəziyyətdə olmasında maraqlı deyil. Qoy, onlar yaddan çıxarmasınlar ki, İranın da xaricdə, xüsusilə Bakıda səfirliyi var. Təbii ki, biz buna çox sərt reaksiya verməliyik. İnanıram ki, bizim diplomatik orqanlarımız üzərlərinə düşən vəzifəni yerinə yetirəcəklər”.

F.Sadıqov hesab edir ki, Azərbaycanın İran tərəfinə cavabı diplomatik və siyasi müstəvidə olacaq:

“Həm diplomatik, həm də siyasi müstəvidə cavab veriləcək. Diplomatik səviyyədə biz İrandakı səfirliyimizin tərkibini azaltmalıyıq. Diplomatların bir çoxu ölkəni tərk etməldir. Diplomatik nümayəndəliyin başçısı səfir səviyyəsindən aşağı endirilməlidir. Səfirliyə müşavir və müvvəqqəti işlər vəkili rəhbərlik edə bilər. Bundan başqa, beynəlxalq təşkilatlarda da bu məsələni diqqət mərkəzində saxlamalıyıq. Səfirlikdə baş vermiş terroru beynəlxalq təşkilatlarda qaldırıb, bununla bağlı qərarların qəbul olunmasına nail olmalıyıq. Xüsusilə də Qoşulmama Hərəkatı çərçivəsində buna nail ola bilərik.

Bir sözlə, beynəlaxalq ictimaiyyətin diqqətini bu məsələyə yönəltmək bizim əsas diplomatik addımlarımızdan biri olmalıdır. Biz İranın Azərbaycandakı səfirliyi ilə bağlı məsələyə də baxmalıyıq. İranın Azərbaycandakı səfirliyinin səviyyəsi azaldılmalıdır. Əlbəttə ki, bununla bağlı qərar qəbul edə bilərik. Səviyyənin endirilməsi o deməkdir ki,  münasibətlər artıq keçmişdəki kimi inkişaf etməyəcək. Bunu Tehranda yaxşı başa düşməlidirlər”.

Politoloq əlavə edib ki, Azərbaycan diasporu və digər qurumlar da İrana qarşı mübarizədə fəal olmalıdırlar:

“Güney azərbaycanlıları öz etirazlarını bildiriblər. Biz bunu dəstəkləyirik və yüksək qiymət veririk. Düşünürəm ki, digər xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımız da öz sözünü deməlidir. Biz Tehrandan ciddi araşdırma aparmasını tələb etməliyik. Ciddi araşdıma aparılmalı, araşdırmanın nəticəsi dərhal Azərbaycan tərəfi ilə bölüşülməli və konkret tədbirlər görülməlidir”.

Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu oldu. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

7Times.az