Ölkə

“Kinoya pul dövlət büdcəsindən ayrılır, cibinizdən yox” – Əbdül Mahmudov

“Kinoya pul dövlət büdcəsindən ayrılır, cibinizdən yox” – Əbdül Mahmudovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər Azərbaycan Kinematoqrafçılar İttifaqındakı kütləvi istefalar, eyni zamanda tanınmış aktyor Hikmət Rəhimovun Prezident tərəfindən serialların çəkilişinə ayrılmış 6 milyon manatın mənimsənilməsi barədə səsləndirdiyi ittihamlar geniş müzakirələrə səbəb olub. Aktyor milyonlarla vəsaitin kimlər tərəfindən ələ keçirildiyini açıqlamasa da, onun fikirlərinə sənət yoldaşlarından dəstək gəlib və H.Rəhimovun həqiqəti dilə gətirdiyi bildirilib.

Bəs 6 milyonu kim “yeyib” və niyə bu barədə araşdırma aparılmır?

Mövzu ilə bağlı 7Times.az-a açıqlama verən Xalq artisti, kinorejissor Əbdül Mahmudov sensasion iddialar irəli sürüb:

“Serial məsələsinə aydınlıq gətirim. Hikmət onları bir-birindən ayırmayıb deyə qarışıqlıq yaranıb. Cənab Prezident kinostudiyada çəkilən filmlər üçün pul ayırıb. Televiziyalar hansısa sponsorun, şəxsi əlaqələrin hesabına özləri üçün əttökən, eybəcər, rüsvayedici seriallar çəkirlər. Özlərindən artistlər, mövzular icad edirlər. Əgər söhbət böyük kino mədəniyyətindən gedirsə, onun sahibi Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasıdır. Ora peşəkar mədəniyyət məbədgahıdır”.

O, dövlətin ayırdığı pulların kim tərəfindən mənimsənilməsi məsələsinə də toxunub: “Dünyanın heç bir yerində dövlət kinoya pul ayırmır. Amma Prezident İlham Əliyev sağ olsun ki, müstəqillik dövründə ziyan görən mədəniyyət sahəsinə büdcədən əvvəl 3 milyon, sonra 6 milyon pul ayırdı. Bu pul Mədəniyyət Nazirliyinə ayrılmışdı ki, kinonun inkişafı ilə bağlı işlər görsünlər. Amma bunu etmədilər. Ovaxtkı nazirin itə də borcu var idi. Ölkə başçısının ayırdığı pul Mədəniyyət Nazirliyi tərəfindən yeyildi. O pulun heç bir faizi kinoya sərf olunmadı. Maliyyə naziri çıxışında demişdi ki, kinoya bu qədər pul ayrılır, amma ortalıqda hələ bir şey yoxdur. Mən də məktub vasitəsilə ona bildirmişdim ki, kinoya pul dövlət büdcəsindən ayrılır, cibinizdən yox. Bir də ki, nəyə görə maraqlanmırsınız ki, ayrılan pul gəlib kinostudiyaya çatır, yoxsa yox? Çatmır pul. Pul ayrılıbsa, son qəpiyinə qədər kinoya xərclənməlidir. Bütün pulları Mədəniyyət Nazirliyi “hop” deyib yedi, 5-10 qəpik gözdən pərdə asmaq üçün xərclədilər. İndiki ağır dönəmdə dövlət kinonu yaşatmaq üçün pul ayırırsa, bunu mənimsəmək böyük cinayətdir. O pulu yeyənlərə demək istəyirəm ki, burnunuzdan gəlsin”.

7Times.az