Məlum olduğu kimi, Ermənistan tərəfi Moskvada Rusiya prezident Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə üçtərəfli görüşə razılıq verib. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bəyan edib.
Onun sözlərinə görə, Rusiya tərəfdən müvafiq təklif daxil olub və Ermənistan bunu qəbul edib. Görüş mayın 25-nə təyin edilib.
Sözügedən görüş barədə fikirlərini 7Times.az-la bölüşən “Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli bildirib ki, Brüssel prosesində kifayət qədər önəmli irəliləyişlərin olduğunu nəzərə aldıqda, Moskva görüşü bir qədər neqativ nəticə təhlükəsi yaradır.
Politoloqun fikrincə, böyük ehtimalla Kreml Moskva görüşündə Brüssel prosesinin nəticələrini təftiş etməyə çalışacaq:
“Əldə edilən anlaşmaların pozulması məqsədilə tərəflərə təzyiq göstərməyə cəhd edəcək. Ona görə də, Azərbaycan və Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə keçiriləcək Moskva görüşündən müsbət nəticə gözləmək sadəlövhlük olardı. Çünki Kreml Cənubi Qafqazda sülhün bərqərar olmasında deyil, gərginliyin artmasında maraqlıdır. Ümumiyyətlə, sülh sazişinin yaxın aylarda imzalanma ehtimalı da qətiyyən inandırıcı görünmür. Nə qədər ki, Rusiya sülh prosesindən tamamilə kənarlaşdırılmaylnca və yaxud da zəifləyib regiona təsir gücünü itirməyincə, sülh sazişinin imzalanmasına nail olmaq çox çətin olacaq”.
Yeganə
Follow @7timesaz