Aktual

“NATO üçün müharibənin hansı yolla bitəcəyinin əhəmiyyəti yoxdur, vacib olan…” – Gözlər Madriddə

“NATO üçün müharibənin hansı yolla bitəcəyinin əhəmiyyəti yoxdur, vacib olan…” – Gözlər Madriddəbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

28-30 iyun tarixlərində İspaniyanın paytaxtı Madriddə NATO-nun dövlət və hökumət başçıları səviyyəsində sammiti keçiriləcək. Sammit iştirakçıları yeni strateji konsepsiya qəbul edəcək, ittifaqın gücləndirilməsini və qlobal iqlim dəyişikliyinin təhlükəsizlik sektoru üçün təsirlərini nəzərdən keçirəcəklər.

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, böyük ehtimalla NATO-nun sammitində Ukrayna ilə bağlı mühüm qərarlar qəbul ediləcək:

 

“Kiyevə dəstəyin artılması mümkündür. Bu, müharibəni mümkün qədər uzatmaq və Rusiyanı zəiflətmək üçündür. NATO üçün müharibənin hansı yolla bitəcəyinin əhəmiyyəti yoxdur. Vacib olan Alyansın məqsədinə çatması və Kremlin idarəolunan duruma salınmasıdır. Təşkilatın qəbul edəcəyi bəzi qərarların Kremli qıcıqlandırmağa hesablanması mümkündür. Nəzərə almaq lazımdır ki, savaşın başlanması da məhz Alyansın “başının altından çıxmışdı”. Müharibəyə səbəb NATO-nun şərqə doğru genişlənməsi olmuşdu. Ola bilsin, NATO yenə Ukrayna ssenarisini təkrarlasın. Məsələn, bu dəfə Rusiyanı bir az da aqressivləşdirməkdən ötrü Gürcüstanla bağlı müəyyən bəyanatların səslənməsi istisna deyil”.

Müsahibimiz qeyd edib ki, Ukraynanın NATO-ya üzvlüyünə dair hansısa tarixin açıqlanması da gözləniləndir:

 

“Beləliklə, həm Rusiya qəzəbləndiriləcək, həm də Ukraynaya əlavə ümid veriləcək. Alyansa lazım olan da məhz müharibənin davam etməsi ilə bağlı rəsmi Kiyevi inandırmaqdır. Yəqin ki, sammitdə eyni zamanda Türkiyə ilə Yunanıstan arasında gərginləşən münasibətlər və ehtimal olunan müharibə barədə də fikir mübadiləsi aparılacaq. İsveç və Finlandiyanın NATO-ya mümkün üzvlüyünə etiraz etdiyinə görə Alyans Ankaraya qəzəblidir. Bu mənada Alyansın Türkiyəni cəzalandırmaq istəyəcəyini düşünmək olar. Lakin NATO-nun Türkiyə ilə Yunanıstan arasında savaşın başlanmasına icazə verəcəyi ağlabatan deyil. Bundan başqa, sammitdə NATO-nun Polşada döyüş qrupunu yerləşdirəcəyəyi barədə qərar qəbul edəcəyi də mümkündür. Polşa Müdafiə Nazirliyindən artıq bu barədə iddialar səsləndirilib.  Bütün hallarda dediyimiz kimi, sammit mühüm qərarlarla yadda qalacaq”.