İqtisadiyyat

Nazir 1 qəpik bahalaşma yoxdur desə də…

Nazir 1 qəpik bahalaşma yoxdur desə də…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün maliyyə naziri Samir Şərifovun Milli Məclisdə 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı heç bir ərzaq məhsulunun rüsumunda bir qəpik də olsa qiymət artımının müşahidə olunmadığını deməsi sosial şəbəkələrdə müzakirələrə yol açıb. Nazir yayılan məlumatları əsası olmayan uydurma adlandırıb. Ancaq onun çıxışını müzakirə edən vətəndaşlar məsələnin tam əksinə olaraq bazarda və marketlərdə hər gün qiymət bahalaşmasının şahidi olduqlarını dilə gətiriblər. Bildirirlər ki, artım qəpiklə olsa da, hər həftə müşahidə edilməkdədir.

Maraqlıdır ki, elə dünən iqtisadiyyat naziri Mikayıl Cabbarov da  Milli Məclisdə çıxışında ərzaq qiymətləri ilə bağlı elə də xoş olmayan proqnozla çıxış edib.

Onun  sözlərinə görə, dünya bazarlarında son 12 ildə ən yüksək qida qiymətləri bu il müşahidə olunur:

“Bu sahədə xüsusilə ölkəyə idxal olunan qida məhsullarını qeyd edə bilərik. Hətta Azərbaycanda istehsal olunan məhsul olsa da belə, qiymətlərlə bağlı bir təzyiq var. Əfsuslar olsun ki, qiymət siyasətində səhvlər məhsulun, malın qıtlığına gətirib çıxarır. Belə güman edirəm ki, biz bir sıra ölkədə bu problemi görəcəyik. Bunun kökündə qiymət siyasətinin tənzimlənməsində olan səhvlər duracaq. Bu, sadəcə, ərzaqla məhdudlaşmayacaq”.

Dövlət Statistika Komitəsinin 2021-ci ilin yanvar-sentyabr aylarında  açıqladığı istehlak qiymətləri indeksinə görə, 2020-ci ilin yanvar-sentyabr aylarına nisbətən 105,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 106 faiz bahalaşıb. Belə ki, cari ilin sentyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma çörəyin, makaron məmulatlarının, qarabaşaq yarmasının, unun, düyünün, kolbasa məmulatlarının, toyuq, qoyun və mal ətinin, təzə və dondurulmuş balığın, südün, kəsmiyin, pendirin, yumurtanın, günəbaxan yağının, yemişin, qarpızın, gavalının, bananın, pomidorun, göy lobyanın, badımcanın, bibərin, kələmin, xiyarın, kartofun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, çay, qəhvə və kakao tozunun, kola içkisinin, meyvə şirəsinin, arağın, ucuzlaşma isə əsasən kivinin, üzümün, almanın, armudun, naringinin, balqabağın, çuğundurun və yerkökünün qiymətlərində müşahidə edilib.

Bildirək ki, Komitənin açıqladığı məlumat oktyabr ayına kimi olan göstəriciləri əks etdirir. Oktyabrın və noyabr əvvəllərindən etibarən də qiymətlərdə artım baş verib.

Bundan əlavə, ərzaq qiymətlərinin gün-gündən bahalaşması məsələsini təkcə sadə vətəndaşlar yox, həm də Milli Məclisin deputatları da iclaslarda dilə gətirirlər. Maliyyə naziri ərzaqların bahalaşmasını təkzib etsə də, elə dünənki büdcə müzakirələri zamanı çıxış edən deputat Vahid Əhmədov “Dövlət rüsumu haqqında” qanunda çox ciddi dəyişikliklər edilməli olduğunu vurğulayıb.

Onun sözlərinə görə, rüsumların bir çoxu ərzaq məhsulları ilə bağlıdır. Bu da ümumi bazarda qiymət artımına təsir edir:

“Əhalini ən çox narahat edən məsələ qiymət artımıdır. Biz maaşları, pensiyaları nə qədər artırsaq da, qiymət artımını qarşılaya bilməyəcəyik. Qiymət siyasətində müəyyən məsələləri həll etməliyik. Digər tərəfdən, bütün məhsullara 18% ƏDV qoyuruq. Gündəlik tələbat mallarına niyə 18% ƏDV tətbiq etməliyik? Beynəlxalq təcrübə var”.

Müxtəlif vaxtlarda deputat Əli Məsimli də çıxışlarında marketlərdə ərzaq qiymətlərinin bahalaşdığını, bunun da əhalinin aztəminatlı təbəqəsinin həyat səviyyəsinə təsir göstərdiyini vurğulayıb.

O, qiymətlərin, hətta 1 faiz artırılmasının belə əhaliyə ayda 34 milyon, ildə isə 400 milyon manat zərər vurduğunu qeyd edib.

Deputat Tahir Kərimli də çıxışlarında qiymətlərin bahalığından şikayət edən siyasətçilərdən biridir.

Hətta bu yaxınlarda ən çox müzakirələrə səbəb olan çıxışlarının birində də Tarif Şurasından şikayətlənərək qeyd edib ki, o nə zaman kommunal xidmətlərin tarifinin aşağı salınmasını təklif etsə də, bu, nəzərə alınmayıb və üstəgəl qiymət artımına gedilib:

“Camaata deməyə sözümüz yoxdur. Biz 50 manat verib, bir çaynik çay içirik, rayonda isə 9-10 kişi toplaşır ki, 10-20 qəpikdən atışaq, 1 çaynik çay içək!”.

Deputat Qüdrət Həsənquliyev isə qiymətlər qalxanda bunun real səbəbini əhaliyə deyilmədiyini vurğulayıb: 


“Çalışırıq ki, bunu əsaslandıraq ki, bu, elə camaatın xeyrinədir. Adını qoyuruq ki, bu idarəetmənin təkmilləşdirilməsi deməkdir. Amma hansı məqsədlə edilir, edilsin, qiymət qalxır. Xüsusilə pensiyaçılar, aztəminatlı ailələr bundan əziyyət çəkirlər”.

Deputat Razi Nurullayev də çıxışlarında əhalinin sosial durumuna toxunaraq hökumət üzvlərini bu mövzuda hər zaman dinlədiyini qeyd edib:

“O qədər gözəl danışırlar ki, deyirəm, bəlkə, Yaponiyada yaşayıram?! Aylarla ət üzünə həsrət qalan, palçığa batan adamla yaşayasan ki, gərək onları başa düşəsən.Görünür, belə olmasa bunu başa da düşə bilməyəcəyik”.

Göründüyü kimi, deputatların da hər gün seçicilərindən eşitdiyi, bilavasitə özlərinin də şahid olduğu konkret məsələ ərzaq qiymətlərinin artımı ilə bağlıdır. Belə olduğu halda, nazirin açıqlamasındakı sözügedən qənaətə haradan gəldiyi sual doğurur. Eyni zamanda, belə bir fikrin məntiqi nəticəsinin olmadığı da tənqid edilir.

Nəzərə alsaq ki, “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklər hələ qüvvəyə minməyib. Amma indidən nəzərə çarpan qiymət artımının layihənin qüvvəyə minməsindən sonra necə olacağı yəqin ki çoxlarını düşündürür…