Ölkə

“Noyabrın ortalarından dekabrın əvvəlinə qədər…” – COVİD-19 dalğası geri qayıdır?

“Noyabrın ortalarından dekabrın əvvəlinə qədər…” – COVİD-19 dalğası geri qayıdır?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin (ECDC) son bəyanatı koronavirusla bağlı panikaya səbəb olub. Qurum bir neçə gün bundan əvvəl qeyd edib ki, noyabrın ortalarından dekabrın əvvəlinə qədər bir sıra ölkələrdə COVİD-19-un “Omicron” variantının BQ.1 növü dominant ştam olacaq.

 

İlkin laboratoriya tədqiqatları BQ.1 ştamının immun sisteminin reaksiyasından əhəmiyyətli dərəcədə yayınma qabiliyyətinə malik olduğunu göstərib. Digər tərəfdən, amerikalı alimlərin laborator şəraitində koronavirusun çox aqressiv bir mutant ştamını yaratması da əsas müzakirə mövzularından biridir.

 

Maraqlıdır, koronavirusa yoluxma halları yenidən kəskin şəkildə arta bilərmi? Laboratoriyada yaradılan ştamın insanlıq üçün hansısa qorxusu varmı?

Mövzu ilə əlaqəli Sfera.az-a açıqlama verən infeksionist Nicat Əzimli deyib ki, Boston Universitetinin tədqiqat məqsədilə yaratdığı hibrid SARS-CoV2 virusunun insanlar üzərində 80% öldürücülüyü yoxdur:

“Bu, laboratoriya siçanları ilə bağlı göstəricidir. Belə ki, universitet bu tədqiqatla “Omikron” variantının törətdiyi xəstəlikdəki yüngülləşmənin səbəbini aydınlaşdırmağa çalışıb. Bu məqsədlə 3 ayrı qrup laboratoriya siçanından birinci qrupa ilkin “Vuhan” variantı, ikinciyə “Omikron” variantı, 3-cü qrupa isə “Omikron” və “Vuhan” variantının hibridi olan yeni tədqiqat variantı yoluxdurulub. Nəticədə “Vuhan” variantı ilə yoluxdurulan siçanların 100%-i, hibridlə yoluxanların 80%-i ölüb. “Omikron”la yoluxdurulan siçan qrupunda isə ölüm baş verməyib. Tədqiqatla bağlı bura qədərki nəticə haqda ön açıqlama verən universitet sosial mediada yanlış anlaşılıb”.

Müsahibimiz  “Omikron” variantının hazırda dünyada yayılmaqda olan BQ.1 subvariantından da söz açıb:

“Bunun immunitetdən yayınma xüsusiyyətinin olması ən çox narahatlıq doğuran xüsusiyyətidir. Buna görə də qarşıdakı həftələri nəzərə alaraq xüsusilə risk qrupuna daxil olan şəxslərin revaksinasiya olunmasında fayda var. Çünki xəstəlik hər nə qədər bir çox insanda yüngül gedişatlı olsa da, bu şəxslərdə ağır xəstəlik hallarına hələ də şahid oluruq”.