Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarının bəyanatına münasibət bildirib.
Ombudsman Aparatından 7Times.az-a verilən xəbərə görə, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçin Xankəndi – Laçın yolu ətrafında vətəndaş cəmiyyəti institutları nümayəndələrinin keçirdiyi dinc aksiya ilə bağlı bəyanatı təəssüf doğurur:
“İnsan Hüquqları üzrə Komissardan daha obyektiv, qərəzsiz və ədalətli yanaşma gözlənilsə də, onun son bəyanatında yer alan fikirlər həqiqəti əks etdirməməklə yanaşı, siyasi xarakter daşımaqda və regionda sülh quruculuğu fəaliyyətinə kölgə salmaqdadır.
Məsələ ilə bağlı əvvəlki bəyanatımda da qeyd etdiyim kimi, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində Ermənistan tərəfindən faydalı qazıntı yataqlarının qanunsuz istismarı, habelə nəticədə həmin ərazidə yaranan ciddi ekoloji fəsadlar dinc əhalidə əsaslı narahatlıq yaratmaqdadır. Bu səbəbdən vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən mövcud təhlükəyə ictimaiyyətin diqqətini çəkmək məqsədilə dinc aksiya keçirilir.
Sözügedən dinc aksiya humanitar məqsədlər üçün nəqliyyat vasitələrinin hərəkətinə heç bir məhdudiyyət yaratmır. Eyni zamanda, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli sakinlər üçün zəruri malların təminatına və onlara tibbi xidmətlərin göstərilməsinə maneələr yoxdur.
Bilavasitə mandatına aid olsa da, Azərbaycan torpaqlarının 30 ilə yaxın bir müddətdə Ermənistan tərəfindən işğalı, mülki əhaliyə qarşı törədilmiş soyqırımlar, şəhər və kəndlərin talan edilməsi, Ermənistanın Azərbaycanın tarixi torpaqlarında etnik təmizləmə siyasəti həyata keçirməsi, Vətən müharibəsi zamanı mülki əhalinin sıx yaşadığı bölgələrin qadağan olunmuş silahlardan istifadə etməklə atəşə tutulması nəticəsində yüzlərlə mülki şəxsin həyat və sağlamlığını itirməsi, işğal müddətində və daha sonra torpaqlarımızın minalarla çirkləndirilməsi, dörd minə yaxın itkin düşmüş soydaşımızın taleyi barədə Ermənistan tərəfindən heç bir məlumatın verilməməsi və digər bu kimi beynəlxalq hüququn ümumbəşəri prinsiplərinə zidd olan əməllərlə bağlı faktlar nədənsə Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarını narahat etməyib.
Qeyd olunmalıdır ki, 30 ilə yaxın öz doğma torpaqlarından didərgin düşmüş azərbaycanlıların azad edilmiş torpaqlara qayıdışı bu gün də Ermənistanın işğal dövründə törətdiyi dağıntılar və mina terroru səbəbindən gecikir.
Xatırlatmaq istərdim ki, hələ 2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı Qətnamədə işğal altında olan Azərbaycan torpaqlarında törədilmiş yanğınların regionun ekoloji təhlükəsizliyinə təsirinin qiymətləndirilməsi məsələsi qaldırılıb, 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı qətnamədə Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi tələb olunub.
Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən törədilmiş müharibə cinayətləri, eləcə də işğal zamanı və postmüharibə dövründə basdırılmış minaların insanların həyatına yaratdığı ciddi təhlükə və ekosid cinayətləri ilə bağlı dəfələrlə etdiyimiz müraciətlərə münasibət bildirməyən Komissarın hazırda Azərbaycan Respublikası vətəndaşlarının milli qanunvericilikdə, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyasında təsbit olunmuş hüquqlarından istifadə edərək, insanların sağlam ətraf mühitdə yaşamaq hüquqlarını pozan ekoloji terror əleyhinə aksiya keçirməsi ilə bağlı ölkəmizə qarşı əsassız fikirlər səsləndirməsini qərəzli yanaşma hesab edir və bitərəf mövqe sərgiləməyə çağırıram”.
Follow @7timesaz