Aktual

“PUTİNİN VASİTƏÇİLİYİ BİZƏ LAZIM DEYİL…” – “Ermənilər başa düşüb ki, Rusiya Qarabağı ilhaq etmək istəyir”

“PUTİNİN VASİTƏÇİLİYİ BİZƏ LAZIM DEYİL…” – “Ermənilər başa düşüb ki, Rusiya Qarabağı ilhaq etmək istəyir”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz Qarabağ probleminin ədalətli həllinə çalışmalıyıq, Putinin reabilitasiyasına yox”

Vladimir Putinin Valday klubundakı son çıxışında faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü sual altına alması, ermənilərə Qarbağ mövzusunda tövsiyələr verməsi, eyhamlar vurması, problemin həllinə dair “Vaşinqton variantı”nı hədəfə alması və s. bir daha göstərdi ki, Rusiya Qarabağ mövzusunu birdəfəlik bağlanmasında qətiyyən maraqlı deyil. 

“AzPolitik.info” bu mövzunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə müzakirə edib.

– Sərdar bəy, Vladimir Putin Valday klubundakı son çıxışı zamanı faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü sual altına alan və Ermənistan cəmiyyətini qızışdıran mövqe ortaya qoyub. Bəyan edib ki, “Vaşinqton variantı”nda Qarabağ məsələsinin həlli Azərbaycanın suverenliyi çərçivəsində nəzərdə tutulur, amma ermənilər Qarabağın “xüsusi özəlliyini” əsas götürərək bu xüsusiyyətlərin nəzərə alınması tələbini irəli sürsə, Rusiya bunu müzakirə edə bilər. Sizcə, Putin bununla nə demək istəyir? 

– Əvvəla, Putin dedi ki, onlar zamanında İrəvana təklif ediblər ki, beş rayonu Azərbaycana qaytarsınlar və əvəzində keçmiş Dağlıq Qarabağ faktiki olaraq ermənilərə qalsın. Üstəlik, Laçında və Kəlbəcərdə də Azərbaycanın suverenliyi işləməsin. Putin açıq bildirdi ki, ruslar belə bir təklif etsələr də, ermənilər bunu bəyənməyib. Təkcə bu faktın özü onu deməyə imkan verir ki, Qarabağdakı erməni separatizminin arxasında Rusiya dayanır və Rusiyanın Qarabağ məsələsinin həllində, Azərbaycan-Ermənistan münasibətlərinin qaydaya düşməsində qətiyyən marağı yoxdur. Əksinə, Rusiyanın marağı odur ki, Azərbaycandan torpaq qoparsın, burada hərbi mövcudluğu üçün zəmin yaratsın.

Azərbaycan Rusiyanın bu mövzuya dair vasitəçiliyindən imtina etməlidir. İndi məlum olur ki, Rusiya zamanında məlum rayonların Azərbaycana qaytarılmaması məsələsində ermənilərlə həmfikir olub. Sadəcə olaraq, ermənilərin başqa əlavələri də olub və məsələ həll edilməmiş qalıb.

İndi sual vermək lazımdır ki, nəyə görə Ermənistan Azərbaycanın bütün işğal edilmiş rayonlarını qaytarmamalıdır? Açıq görünür ki, Rusiyanın çox çirkin bir oyunu var. Məncə, Azərbaycan rəsmiləri Rusiyanın iştirakı ilə gedən proseslərdə iştirak etməməlidir. Rusiya ümumiyyətlə, bu prosesin həllində maraqlı tərəf deyil, özünün maraqlarını önə çıxarır və Azərbaycan ərazilərinin bir hissəsini qoparmaq istəyir.

Nəhayət, ermənilər başa düşüblər ki, uzun illər onları Azərbaycanla düşmən ediblər və bunun arxasındakı əsas məqsədlərdən biri Qarabağı Rusiyanın özünün işğal və ilhaq etmək istəyidir. Ona görə də bu gün Ermənistanda ruslara nifrət var, hətta Dumanın ermənipərəst deputatlarının, erməni jurnalist Simonyanın Ermənistana girişinə qadağa qoyublar. Bu baxımdan demək olar, Ermənistanın Avropa İttifaqına interqasiyasının qarşısında heç bir maneə qalmır, ermənilər Qarabağ naminə Rusiyanın quyruğunda gedirdilər, amma indi anlayırlar ki, Qarabağı Rusiyanın özü ilhaq və işğal etmək istəyir. Ona görə də Ermənistan çalışacaq ki, ABŞ və Avropa ilə yüksək səviyyədə münasibət qursun.

Məncə, biz Azərbaycan olaraq, bu məsələdə çətin vəziyyətə düşürük.

– Sizcə, rusların Brüssel və ya Vaşinqton səviyyəsində aparılan və müəyyən irəliləyişlərə nail olunan danışıqları pozmaq imkanları nə dərəcədədir?

– Rusiyanın belə bir imkanı yoxdur. Valday klubunda Putinin çıxışına baxanda adama elə gəlir ki, o, özündən əmin, kifayət qədər beynəlxalq nüfuzu olan, hansısa müharibədə qəti qələbə qazanan dövlət başçısı kimi çıxış edir. Əslində isə bunların hamısı blefdir, Putin yaxşı başa düşür ki, Ukrayna siyasətində ciddi şəkildə uduzub və işğal etdiyi ərazilər əsl sahiblərinə qaytarılmayana qədər böyük problemlər olacaq. Odur ki, belə çıxışlar daha çox daxili auditoriyaya hesablanır. Çünki daxildə Putin siyasəti ilə bağlı narazılıqlar var. Daxildə olan narazı qüvvələri sakitləşdirmək və ram etmək məqsədilə belə çıxışlar təşkil edilir. Onun həmin tədbirdə dediklərinin də hamısı özünə aiddir. Xüsusilə ukraynalılarla rusların bir millət olduğu və iki dövlətə ehtiyac olmadığı haqda düşüncələri. Zamanında Adolf Hitler də deyirdi ki, avstriyalılarla almanlar eyni xalqdır, iki dövlət olmasına ehtiyac yoxdur. Bundan sonra Avstriyanı qatdı özünə. Sonra Çexoslovakiyanın təhdid yaratdığını bəyan edərək oranı işğal etdi. İndi də Putin deyir ki, biz eyni millətik, Ukraynanı biz yaratmışıq və sair.

Görünən budur ki, Putin imperiya siyasətindən imtina etməyib və hələ də məlum arqumentlər əsasında başlatdığı müharibəni davam etditrmək siyasəti yürüdür. Bu da dünya üçün böyük təhlükədir.

Bu baş verənlər xüsusilə bizim bölgə üçün də təhlükəlidir. Məncə, Rusiya bizim üçün Qarabağ mövzusunu daha ağır vəziyyətə saldı. Mən hər zaman deyirdim ki, Qarabağ məsələsinin arxasında Rusiya var. Erməniləri və Ermənistanı da Rusiya Qarabağ kartı altında öz ətrafında saxladı. Sonradan ermənilər anladılar ki, ruslar Qarabağı onlara verməyəcək. Odur ki, Rusiyadan üz döndərdilər və hazırda biz bu mərhələni müşahidə edirik. Azərbaycana gəldikdə isə, mən bilmirəm, biz necə mövqe tutacağıq ki, ərazilərimizin Rusiya tərəfindən işğalının qarşısını alaq.

– Belə çxır ki, Putin Qarabağla əlaqəli Qərbdə qurulan və irəliləyən danışıqlar prosesini poza bilər…

– İndiki şərtlərdə yox. Əslində, ABŞ və Avropanın bölgədə atdığı addımlar fundamental əsaslara malik deyil. Onlar daim qərəzli mövqe tutublar, problemin həllinə dair beynəlxalq təcrübəni və hüququ əsas kimi götürməyiblər. Çalışıblar ki, xristian həmrəyliyindən çıxış etsinlər, eləcə də erməni lobbisinin arzularına uyğun davransınlar. Əslində, bu da Avropanın ədalətli olacağına, problemin həllinə nail olunacağına şübhə yaradır. Nə qədər ki, ABŞ bu bölgədə beynəlxalq hüququ, ədaləti müdafiə etmir, dini təəssübkeşliyə əsaslanan, qanunlara zidd fəaliyyət göstərir, deməli, bu platformada da məsələlər həll edilməyəcək.

Baxın, İlham Əliyevin razılığı əsasında Emmanuel Makron gəlib vasitəçi oldu. Sonra da elə bəyanat verdi ki, Errmənistan özü hələ indiyə qədər belə bəyanatla çıxış etməmişdi. Guya biz Qarabağı işğal etmişik, təcavüz etmişik və s. Bu cür mövqedə olan Avropa hansı ədalətli sülh platformasından danışa bilər? Yeri gəlmişkən, bir alman siyasətçi Makrona yazdığı məktubunda qeyd edirdi ki, sən hələ bilmirsən Cənubi Qafqazda hansı torpaq kimindir, tarixi münasibətlər necə formalaşıb və kim kimdir. Yəni, Qərb yenə “xristianlarıı müdafiə edəcəyəm” mövqeyindən çıxış edəcəksə, erməni lobbisinin pulu və öz seçki maraqları xatirinə səfeh bəyanatlar verəcəksə, sözsüz ki, belə münaqişələr tezliklə həll edilməyəcək. İndiki halda Qərbin səhvi odur ki, beynəlxalq hüquqa istinad etmir və ədalətli mövqe tutmur. Əgər tutsaydı, çoxdan Ermənistan və Azərbaycan arasında münaqişə yoluna qoyulmuşdu və bu bölgə də Avropaya inteqrasiya olunurdu. Amma təəssüflər olsun ki, Qərbin özünün elə yanlış addımları, ikili standartları olur ki, biz Azərbaycanda Qərb dəyərlərinin təmsilçiləri olsaq da onun regional siyasətinə ciddi dəstək verə bilmirik. Çünki biz görürük ki, burada xristian təəssübkeşliyi, ikili standartlar var, erməni lobbi qruplarının maraqlarına uyğun addımlar atılır və s.

– Vladimir Putin son çıxışında bir növ topu Ermənistanın və ermənilərin meydanına atdı. Sizcə, bundan sonra erməni tərəfi necə davranacaq?

– Məncə, Ermənistan Putinin atdığı “pas”la hərəkət etmir. Putin sadəcə olaraq bu çıxışı ilə Ermənistanda güclənən anti-Rusiya əhvalını sakitləşdirmək istəyir. Amma xüsusilə, Paşinyanın liderliyi dövründə ermənilər imkanları daxilində müstəqil siyasət aparırlar. Doğrudur, zaman-zaman Rusiyanın da təzyiqləri olur və güclü təzyiqlər qarşısında bəzən geri çəkilməyə məcbur olurlar. Amma əsas məsələ odur ki, ermənilər müstəqil siyasət aparır, Qərbdən ciddi dəstək alırlar və Gürcüstandan sonra onlar da Rusiya təsirindən çıxmağa çalışırlar.

– Oktyabrın 31-də Soçidə Putinin təşəbbüsü ilə növbəti üçtərəfli görüş olacaq. Sizcə, hansı istiqamətdə razılaşmalar əldə oluna bilər?

– Biz üç gün əvvəl Rusiyaya nota vermişik. Həmin dövlətin mərkəzi televiziyalarında və mətbuatında Azərbaycan əleyhinə təbliğat aparılır, fikirlər səsləndirilir, bəyanatlar verilir. Elə Putinin özü deyir ki, biz ermənilərə təklif edirdik ki, beş rayonu qaytarın, qalanları özünüzə saxlayın.

Bu, o deməkdir ki, Rusiya bu məsələdə “ilana zəhər verən kərtənkələ” rolunu oynayıb.

Bütün bunlardan sonra Prezident Əliyev niyə Soçiyə getməlidir? Putin ermənilərə “pas ötürürsə”, ədalətli və bitərəf deyilsə, onun vasitəçilik missiyası nəyimizə lazımdır? Ukraynanı işğal cəhdindən sonra dünyada Rusiyanın təsiri sıfıra enib. Heç kim Rusiya ilə əlaqə yaratmır. Qısası, məlum çıxışından sonra Putindən ədalətli vasitəçi ola bilməz və onun vasitəçiliyi də bizə lazım deyil.

İkincisi, son zamanlar görürsünüz ki, MDB-nin iclasları ard-arda keçirilir. Gah ad günü bəhanəsi, gah Asiyada təhlükəsizlik mövzusu və s. adı altında Putin üzv ölkələrin liderlərini bir yerə toplayır, onlarla şəkil çəkdirir. Məqsədi də itirdiyi legitimliyi guya bərpa etməkdir. Biz Qarabağ probleminin ədalətli həllinə çalışmalıyıq, Putinin reabilitasiyasına yox.

Bu gün Rusiyada əhalinin böyük qismi Putinin siyasətindən narazıdır. Onun Rusiyanın daxilində bu qədər səhv siyasəti olduğu halda, düzgün xarici siyasəti də ola bilməz. Onda biz nəyə görə Putinə dəstək verməliyik və yaxud onun tədbirlərinə qatılmalıyıq? Məgər bilmirik ki, heç vaxt Rusiyanın iştirakı ilə Qarabağ problemi ədalətli şəkildə həll edilə bilməz? Zatən bu problemi yaradan da, idarə edən də, erməniləri qızışdıran da Rusiyadır. Hətta ermənilər bizim hər cür şərtimizə razı olsa belə, Rusiya imkan verməyəcək ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalansın. Bunu birdəfəlik bilmək lazımdır.

– Siz Qərbin də, Rusiyanın da Qarabağ məsələsində tərəfsiz olmadığını, Ermənistanın yanında durduğunu qeyd edirsiniz. Bu halda Azərbayan nə etməlidir, hansı siyasət izləməlidir?

– Azərbaycan, eləcə də digər türk dövlətləri siyasi ağırlığını Türk Dövlətləri Təşkilatının güclənməsinə, təşkilatlanmasına, legitimləşməsinə qoymalıdır. Təəssüflər olsun ki, bu istiqamətdə atılan addımlar günümüzün tələblərinə cavab vermir. Bu saat Türk Dövlətləri Təşkilatının ordusu yaradılmalı, xarici siyasəti uzlaşdırılmalıdır. MDB qədər Türk Dövlətləri Təşkilatının da toplantıları keçirilməlidir. Məsələn, MDB-yə üzv dövlətlərin din xadimləri, prokurorları, nazirləri müxtəlif adlar altında toplaşır. Amma Türk Dövlətləri Təşkilatında bu fəallığı müşahidə etmirik. Çalışmaq lazımdır ki, Türk Dövlətləri Təşkilatı ciddi formada siyasi və regional qurum kimi BMT-də qeydiyyatdan keçsin və səyləri birləşdirilsin. Bu gün Qazaxıstanın, Qırğızıstanın, elə bizim də eyni problemlərimiz var. Bir halda ki, problemlərimiz eynidir, onda çalışmalıyıq ki, ortaq mövqedən çıxış edək. Bunun üçün Türk Dövlətləri Təşkilatının hərbi birlikləri yaradılmalıdır, vahid xarici siyasət müəyyən edilməli, iqtisadi layihələr gücləndirilməlidir və s. Əks təqdirdə, bu dövlətlərin hərəsinin bir yerdə, bir problemlə başını qatacaqlar. Bizim də diqqətimiz Qarabağa yönələcək. Sonda isə heç kəs öz problemini ayrılıqda həll edə bilməyəcək. Məncə, Türk Dövlətləri Təşkilatının inkişaf tempi dünyada gedən siyasi proseslərin sürəti ilə ayaqlaşmır. Bunu çox ciddi şəkildə sürətləndirmək lazımdır.